RU

İtaliya portalı Azərbaycanın Milli Qurtuluş Günündən yazıb

İtaliya

Vatikan, 14 iyun, AZƏRTAC

İtaliyanın “Giornale Diplomatico” saytında 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, yazıda Milli Qurtuluş Gününün ölkəmizin tarixindəki yerindən bəhs edilib, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarovun fikirlərinə yer verilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan 1991-ci ilin oktyabrında müstəqilliyini bərpa edib. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu, dövlətin əsaslarının və onun bütün təsisatlarının, o cümlədən ordunun və milli təhlükəsizlik qurumlarının hərtərəfli böhranı ilə xarakterizə olunurdu. Bu vəziyyət Ermənistanın hərbi təcavüzü ilə daha da gərginləşmişdi. 1993-cü ilin yayında Azərbaycanda artıq real vətəndaş müharibəsi təhlükəsi özünü büruzə verməyə başlayırdı. Vətən üçün həyati əhəmiyyət kəsb edən belə bir məqamda Heydər Əliyev xalqın istəyi ilə hakimiyyətə qayıtdı və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikasının Ali Sovetinə Sədr seçildi. O, öz xalqının köməyinə yetdi və məhz bu səbəbdən iyunun 15-i Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi qeyd olunur. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də Prezident seçildi və xalqın xilası yolunda yorulmadan çalışdı. “Mənim həyatım və fəaliyyətim müstəsna olaraq Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizi bu çətin vəziyyətdən çıxarmağa həsr olunacaqdır”, - deyə Ümummilli Lider o zaman bildirmişdi.

Yazıda, həmçinin vurğulanıb ki, 1997-ci ilin iyununda 15 iyun tarixi Azərbaycan parlamenti tərəfindən milli bayram elan edilib.

Səfir İlqar Muxtarov bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan tarixinin əsas səhifələrindən birini təmsil edir və Ümummilli Lider Heydər Əliyevin dövlətimizin yaradılmasında mühüm rol oynadığını göstərir. Onun sayəsində Azərbaycan çoxsahəli tərəqqi yolu keçib, beynəlxalq aləmdə rolunu gücləndirib. “Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əlaqələrin inkişafı üçün də biz Heydər Əliyevə borcluyuq. O, 1997-ci ildə Vatikana səfər edib, Papa II İohann Pavel tərəfindən qəbul olunub və bu görüş 2002-ci ildə Papa II İohann Pavelin Azərbaycana səfərini təşviq etməklə bərabər, illər ərzində və Ümummilli Liderin qoyduğu irsi davam etdirərək daha da yüksələn ikitərəfli əlaqələrimizə böyük təkan verdi”, - deyə diplomat vurğulayıb.

 
Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Избранный
154
6
azertag.az

10Источники