RU

“Qırmızı” bankirin qara taleyi – onu terrora cəhddə ittiham edərək güllələyiblər  

 

1930-cu illərin repressiyasında məmurlar özlərini qorumaq üçün fərqli üsullara əl atıblar. Kimisi öz həmkarını şərləyərək özünü təmizə çıxarıb, kimlərsə sağ qalmaq üçün ölkəni tərk etməyi çıxış yolu sayıb, hətta məmurlar arasında intihar faktları da qeydə alınıb və s.  SSRİ Dövlət Bankının idarə heyətinin sədri Lev Maryasin isə özünü sığortalamaq üçün Stalinlə görüşməyi qərara alıb. O, bu məqsədlə 14 iyul 1936-cı ildə Stalinin qəbul otağına zəng vuraraq görüş xahiş edib. Elə həmin gün sovet lideri axşam saatlarında baş bankiri qəbul edib. Qəbulda həmin dövrdə SSRİ Xalq Komissarları Sovetinin sədri (baş nazir) postunu tutan Vyaçeslav Molotov da iştirak edib. Görüş yarım saata qədər davam edib.

Əvvəlcə Maryasin Stalinə Dövlət Bankı ilə bağlı qısa hesabat xarakterli məruzə edib. Məruzədən sonra Stalin soruşub:

  • Yoldaş Maryasin, sizin hansısa bir təklifiniz, yaxud sizi narahat edən bir məsələ varmı? Partiyanın müdaxiləsinə ehtiyacı olan istənilən problemin həllində biz lazımi qərarlar çıxara bilərik.
  • Xeyr, yoldaş Stalin, mənim şəxsi bir narahatlığım var. Mən gələcək həyatım üçün narahatam.

Stalin kürsüsündən qalxaraq ona yaxınlaşıb, əlini baş bankirin çiyninə qoyub:

-Heç bir narahatlığa ehtiyac yoxdur, sən müxalifətçi deyilsən axı. Sən bizim qırmızı bankirsən.

Maryasin Stalinin kabinetini ruh yüksəkliyi və sevinclə tərk edib. Bu sevincin ömrü isə cəmi 12-13 saat çəkib. Səhəri gün Maryasin iş yerinə gedəndə kabinetinin qapısının möhürləndiyini görüb. Köməkçisi ona Xalq Komissarları Sovetindən göndərilən sənədi verib. Sənəddə qeyd edilib ki, iş yerinin dəyişdirilməsi ilə bağlı o, vəzifəsindən azad edilib.

1920-1921.png

Baş bankir dərhal yuxarılardakı əlaqələrindən istifadə edərək məsələyə aydınlıq gətirmək istəyib. Kremldən Maryasinə bildiriblər ki, yaxın günlərdə o, Mərkəzi Komitənin aparatında işlə təmin olunacaq.

Dörd gün keçdikdən sonra Maryasin Kremldən növbəti bir informasiya əldə edə bilib. Ona bildiriblər ki, Mərkəzi Komitə aparatında işlə təmin edilməsi təxirə salınıb. Çətin vəziyyətə düşən sabiq bankir Stalinə teleqram ünvanlayıb:

“Mən Mərkəzi Komitə aparatına təyinatımın təxirə salınmasından olduqca narahatam. Mənə çox çətindir. Xahiş edirəm, məni 10-15 dəqiqəlik qəbul edib dinləyəsiniz”.

Gərginliyə daha 12 gün tab gətirən Maryasin 31 iyulda Stalinə eyni məzmunda növbəti bir məktub ünvanlayıb. Bu məktubdan cavab almasa da onu işlə təmin ediblər. Amma Mərkəzi Komitənin aparatında deyil, Kiyev vilayətində konserv kombinatının inşasına rəhbər vəzifəsinə.

Maryasin ümidlərini üzməyib, bu vəzifəni keçid dövrü kimi qəbul edib. Həqiqətən də Kiyevdəki fəaliyyəti onun üçün keçid dövrü olub. Amma vəzifə kürsüsünə yox, dəmir barmaqlıqlar arasına. 20 dekabr 1936-cı ildə o, terrora cəhddə, terror təşkilatları ilə əlaqədə, antisovet fəaliyyətdə ittiham olunaraq həbs edilib. 10 sentyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Maryasin haqqında ən ağır hökm, güllələnmə hökmünü çıxarıb. Hökm həmin gün icra edilib.

Maraqlıdır, Maryasin hansı səbəblərə görə Stalinin qəzəbinə tuş gəlib?

Qeyd edək ki, hələ oktyabr inqilabı dövründə Maryasin Leninin mühafizəçisi qismində onu müşayiət edənlərdən biri olub. Qırmızı Professura İnstitutunda təhsil aldıqdan sonra o, partiya və təsərrüfat orqanlarında fəaliyyətini davam etdirib. Xalq Komissarları Sovetində ticarət şəbəkəsinin, Ukrayna Kommunist Partiyasının Mərkəzi Komitəsində informasiya və statistika şöbəsinin müdiri, Mərkəzi Komitədə təşkilat şöbəsinin müdir müavini, SSRİ Dövlət Bankı idarə heyətinin sədr müavini vəzifələrini daşıyıb. 1934-cü ildə o, Dövlət Bankına rəhbər təyin edilib.

Maryasin “NKVD” başçısı Nikolay Yejovun ən yaxın dostlarından biri olub. Ətrafdakılar onları “qədəh dostları” adlandırıb. Bütün əyləncələrini bir yerdə keçirən iki məmur ən iyrənc oyunlardan çıxıblar.

Лев_Ефимович_Марьясин.jpg

Yejovun mühafizəçilərindən biri məhkəmə prosesində bu iyrəncliklər haqqında aşağıdakı ifadəni verib:

“Yejovun bağ evində olduqca tez-tez səhərə qədər davam edən əyləncələr keçirilirdi. Bu tədbirlərin demək olar ki, hamısında Maryasin əsas simalardan biri olurdu. Sərxoş vəziyyətə düşdükdən sonra onların çıxardıqları oyunları sözlə ifadə etmək çətindir. Məsələn, gecənin bir aləmində Yejovla Maryasin mərcə girişirdilər. Mərc nədən ibarət olurdu? 5 qəpiklik sikkənin üstünə o qədər siqaret külü atırdılar ki, qəpik görünməz olurdu. Sonra onlar şalvarlarını aşağı çəkərək arxadan buraxdıqları qazla qəpiyin üstündəki külü təmizləməyə başlayırdılar. Kim qalib olurdusa məğlubdan istədiyi şeyi, hətta hər şeyi xahiş edə bilərdi. Bu iyrənc səhnələri müşahidə etmək dəhşətli idi...”

Maryasin “iyrənc” oyunlarda hər dəfə Yejova qalib gələndən sonra dostlarının yanında qələbəsini qürur hissi və həvəslə nağıl etməyə başlayıb. Bu isə öz növbəsində Yejovun qıcığına səbəb olub. Bu qıcıq o dərəcəyə çatıb ki, o, dostunu məhv etməyə qərar verib. Məhz Maryasin haqqında “sənədlər qovluğu”nu da Stalinə Yejov təqdim edib. Onun terror təşkilatlarla əlaqədə olduğunu, vəzifədən sui-istifadə etdiyini, tüfeyli həyat sürdüyünü, kommunist əxlaqına zidd əməllərini Kremldə “sübuta” yetirərərək Maryasinin güllələnməsinə nail olub.

İlham Cəmiloğlu, Musavat.com

Избранный
146
3
musavat.com

4Источники