Aqrar Sığorta Fondu (ASF) heyvnaların sığortası üzrə fermer və təsərrüfatlara 2023-cü ildə 910 min manat həcmində sığorta ödənişi edib.

İndex.az ASF-yə istinadən xəbər verir ki, 2022-ci ildə heyvanları tələf olan fermerlərə 710 min manat ödənilib.

Qanunvericiliyə əsasən kənd təsərrüfatı heyvanlarının sığortalanması üçün sığorta tarifləri 5,2-8,2 % arasında dəyişir. Aqrar Sığorta Fondu tərəfindən təqdim edilən heyvan sığortasının əsas cəhəti onun güzəştli olmasıdır.

Fermerlərə dəstək məqsədilə heyvanların sığorta haqqının 50 %-ni dövlət ödəyir, nəticədə fermerlər cüzi ödənişlə heyvanlarını sığorta edə bilərlər.

Belə ki, qiyməti 1000 manat olan mal-qaranın sığortası fermerə seçilmiş zərflən asılı olaraq cəmi 26-41 manata, 2000 manatlıq heyvanın sığortası 52-82 manata, 5000 manatlıq mal-qaranın sığortası isə 130-205 manata başa gəlir.

Xırdabuynuzlu heyvnaların sığorta haqqı daha kiçikdir – 300 manatlıq qoyun və ya keçinin sığortası sahibinə 8-12 manata, 500 manatlıq heyvanın sığortası isə 13-20 manata başa gəlir.

Sığortalanma üçün əsas tələblər – heyvanın birkalı və peyvəndlənmiş olması, EKTİS-də qeydiyyatdan keçməsi və təsərrüfatda müvafiq şəraitin yaradılmasıdır.

Aqrar sığorta heyvanları çoxsaylı risklərdən – yoluxucu xəstəliklər, təbii fəlakətlər, zəhərlənmə, ilan və həşarat sancması, vəhşi heyvanların hücumundan, 3-cü şəxslərin hərəkətlərindən qoruyur.

Bundan başqa, baytar tərəfindən qulluq zamanı heyvanların kimyəvi maddələrdən zəhərlənməsi, avtomobillə daşınma zamanı qəza, avtomobillə vurulma, elektrik cərəyanı vurması, hətta oğurluq və quldurluq halları da aqrar sığorta tərəfindən qarşılanır.

Bu hallar nəticəsində heyvanlar tələf olarsa və ya məcburi kəsimə gedərsə, müvafiq qaydalara uyğun şəkildə fermerlərə sığorta ödənişi edilir.