Bakı, 18 iyun, AZƏRTAC
İqlim dəyişikliyinə səbəb olan ən böyük faktorlardan biri mədən yanacağının yandırılmasıdır. Mədən yanacağının yandırılması məhz qlobal istiləşməyə səbəb olur. Bunun qarşısının alınması üçün mütləq bərpaolunan enerji mənbələrinə keçid etmək lazımdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində "Sağlam Gələcəkləri Proqnozlaşdırılması" təşkilatlarının idarəedici direktoru Kelli Uillis söyləyib.
"Bərpaolunan enerji mənbələri deyildikdə əsasən günəş enerjisi, nüvə enerjisi, külək enerjisi və digər enerji növləri nəzərdə tutulur",- deyə Kelli Uillis əlavə edib.
Azərbaycanın bu istiqamətdə çoxsaylı investisiyalar qoyduğunu deyən Kelli Uillis vurğulayıb ki, hətta Azərbaycan iqlim dəyişikliyinin qarşısının alınması məqsədilə ənənəvi növ yanacaqdan istifadə edir, inkişaf etməkdə olan ölkələrə enerji satılır.
"Biz vətəndaş cəmiyyətləri, dövlətlər olaraq bərpaolunan enerji mənbələri ilə bağlı təşviqat işləri aparmalıyıq. Sivil vətəndaş olaraq isə bərpaolunan enerjidən istifadəni artıra bilərik. Bu da iqlim dəyişikliyinin qarşısını almaq üçün mühüm addımlardan biridir",- deyə idarəedici direktor bildirib.
Kelli Uillis qlobal istiləşməyə səbəb olan faktorlardan digər birinin isə hava nəqliyyatından istifadə olduğunu söyləyib: "Hava nəqliyyatından istifadənin azaldılması da iqlim dəyişikliyindən müdafiə üçün vacibdir. Elektrik avtomobillərindən istifadə, yenidən emal sahəsinə üstünlük verməklə fərd olaraq qlobal istiləşmədən və onun təsirlərindən yayınmaq mümkündür".