RU

Paytaxt təhsili: tədris ilinin infoxronikası

2023-2024-cü tədris ilində yeni dövrün çağırışlarına əsaslanan, növbəti dövrlər üçün təhsilin məqsədi olaraq müəyyən edilən XXI əsrin tələblərinə uyğun təhsil mühitinin formalaşmasına nail olmaq üçün məqsədyönlü fəaliyyətlər həyata keçirilib.

 

Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, səriştəəsaslı məzmunun tətbiq olunması, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi, rəqəmsal səriştələrin artırılması və digər müvafiq istiqamətlərin hər biri əsas məqsədlər kimi diqqətdə saxlanılıb.

 

Ümumi statistika

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 691 təhsil müəssisəsi fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyindəki məktəblərdə 505 389 şagirdin təlim-tərbiyəsi ilə 29 767 müəllim məşğul olub.  

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 42 070, IX siniflərini 43 664, XI siniflərini 28 993, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirib.

 

Məktəbəqədər təhsilin əhatə dairəsi genişlənir

2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyindəki 339 məktəbəqədər təhsil müəssisəsinə 36 361 uşaq cəlb olunub.

Bakı şəhəri Ramana qəsəbəsində 347 saylı uşaq bağçası və Xocəsən qəsəbəsində 348 saylı uşaq bağçası yaradılıb və həmin bağçalara uşaqların qeydiyyatı həyata keçirilib.

 

21 000-dən çox uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub

BŞTİ-nin tabeliyindəki 274 ümumi təhsil müəssisəsində 971 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarına 21 530 uşaq cəlb olunub.

Ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına cəlb olunmuş beşyaşlılara 2 212 resurs dəst paylanıb.

 

46 736 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb

Tədris ili ərzində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 46 736 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

 

Birinci sinfə elektron qeydiyyat prosesində yenilik tətbiq edilib

Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndirilib.

Süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçiriblər.

Qeyd edək ki, ərazi üzrə dislokasiyalar I sinfə elektron qeydiyyatın başlamasına 4 ay qalmış valideynlərin diqqətinə çatdırılıb. Mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı 755 vətəndaş müraciəti cavablandırılıb.

 

67 paytaxt məktəblisi olimpiadada qalib olub

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən 67 paytaxt məktəblisi qalib olub.  

Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 10 nəfər qızıl, 16 nəfər gümüş, 41 nəfər bürünc medal qazanıb. 

 

50 məktəbin İnkişaf Planı hazırlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzi tərəfindən tədris ili ərzində 50 məktəbin İnkişaf Planı hazırlanıb.

İnkişaf Planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. Görüşlərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin həyata keçirdiyi keyfiyyət monitorinqinin nəticələri təhlil edilib, müvafiq müzakirələr aparılıb və məktəblərin inkişaf perspektivləri müəyyənləşdirilib.

 Həmçinin inkişaf planlarının icrası istiqamətində təhsil müəssisələrinə mentor dəstəyi göstərilib.

 

17 000 mindən çox şagird təmayül sinifdə təhsil alıb

Tədris ilində BŞTİ-nin tabeliyindəki 196 təhsil müəssisəsində təşkil edilən 798 təmayül sinifdə 17 021 şagird təhsil alıb. 

Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.

 

676 uşaq icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunub

BŞTİ-nin tabeliyindəki 16 ümumi təhsil məktəbində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi həyata keçirilib.

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu paytaxt məktəblərindəki 34 icma əsaslı məktəbəqədər təhsil qrupuna 676 uşaq cəlb olunub.

 

160-a yaxın şagird inklüziv təhsilə cəlb edilib

Bakı şəhəri üzrə 18 ümumi təhsil müəssisəsində 160-a yaxın şagird inklüziv təhsilə cəlb edilib. 

İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.

 

595 şagird fərdi təhsil alıb

Tədris ili ərzində paytaxt üzrə 108 şagird fərdi təhsilə cəlb olunub.

Qeyd edək ki, ümumilikdə BŞTİ-nin tabeliyindəki 179 təhsil müəssisəsində 416 fərdi qrup üzrə 595 şagird təhsil alıb.   

Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır. 

 

İşə qəbul üzrə 3 024 vakansiya təqdim olunub

2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 3 024 vakansiya təqdim olunub.

 

Müsabiqələr nəticəsində tədris ili ərzində 2 769 nəfər işə qəbul olunub.

Bunlardan:

1 227 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;

1 245 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;

297 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

Həmçinin tədris ili ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 494 ixtisaslı kadr dəvət edilib.

 

130 nəfər müxtəlif vəzifələrə işə təyin edilib

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə işə qəbul üzrə əvvəlki illərdə keçirilmiş müvafiq imtahan və müsahibələrdə uğur qazanan 42 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 14 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 4 nəfər psixoloq, 34 nəfər laborant, 4 nəfər kitabxanaçı, 2 nəfər kitabxana müdiri, 6 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 20 nəfər çağırışaqədərki hazırlıq rəhbəri və 4 nəfər təsərrüfat işləri üzrə direktor müavini tədris ili ərzində işə təyin edilib.

 

142 nəfər işə qəbul hüququ qazanıb

Məktəbəqədər təhsil müəssisələrinə müdir və tərbiyəçi müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqələr keçirilib.

Müsabiqələrin müsahibə mərhələlərində uğur qazanmış 14 nəfər müdir, 128 nəfər isə tərbiyəçi müəllim vəzifəsinə işə qəbul hüququ qazanıb.

 

Məktəb idarəçiliyi

2023-2024-cü tədris ili ərzində BŞTİ-nin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, həmçinin bir neçə direktorun iş yeri dəyişdirilib.

Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə 12 nəfər direktor vəzifəsinə təyin olunub, 2 direktorun iş yeri dəyişdirilib.

Çalışmanın yaş həddinə çatmış 25 direktorla müddətli əmək müqaviləsi bağlanıb.

 

Təhsilverənlərin orta aylıq əmək haqqı

2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 985 manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı 528 manat təşkil edib.

 

Paytaxtın 62 məktəbində şagird davranış qaydaları tətbiq olunub

BŞTİ-nin tabeliyindəki 62 məktəbdə Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” tətbiq olunub.

Həmçinin, şagird davranış qaydaları tətbiq olunan 48 məktəbdə keyfiyyət sorğusu aparılıb və sorğuların nəticələrinə əsasən təkliflər hazırlanıb.

 

175 məktəbəqədər təhsil müəssisəsində monitorinq aparılıb

BŞTİ-nin tabeliyindəki 175 məktəbəqədər təhsil müəssisəsində monitorinqlər keçirilib.

Monitorinqlərin keçirilməsində əsas məqsəd rəhbərlik və nəzarətin yerinə yetirilməsi, uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu, davamiyyəti, qidalanması, tərbiyə prosesinin təşkili vəziyyətinin öyrənilməsi, həmçinin tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və icra intizamının, təchizat, təsərrüfat fəaliyyətinin real vəziyyətinin təhlil edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsindən ibarətdir.

Monitorinq olunan məktəbəqədər təhsil müəssisələrində çatışmazlıqlarla bağlı təkliflərin tətbiqi həyata keçirilib. Həmçinin nəticəyönlü, şəffaf və səmərəli idarəetmə modelini formalaşdırmaq üçün analitik hesabatlar hazırlanıb.

 

195 uşaq beynəlxalq qiymətləndirmə tədqiqatına (IELS) cəlb olunub

Bakıdakı məktəbəqədər təhsil müəssisələrindən 195 nəfər 5 yaşlı uşaq Elm və Təhsil Nazirliyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatının (IELS) sınaq mərhələsində iştirak edib.

Qeyd edək ki, IELS 5 yaşlı uşaqların ilkin savadlılıq, özünütənzimləmə, özünüidarə, sosial emosional və ilkin riyazi bacarıqlarını ölçən oyun əsaslı qiymətləndirmədir. Bundan əlavə, tədqiqat zamanı uşaqların ev və erkən təhsil mühitinin xüsusiyyətlərini araşdırmaq məqsədilə müəllimlər və valideynlər sorğuya cəlb edilir.        

 

Buraxılış fənləri üzrə monitorinq aparılıb

BŞTİ tərəfindən III, VI, VII, VIII siniflərdə bir dəfə və IX siniflərdə isə üç dəfə olmaqla buraxılış fənləri üzrə monitorinqlər aparılıb. Monitorinq nəticələri təhlil olunaraq müvafiq təkliflər hazırlanıb.

Buraxılış fənləri üzrə keçirilən monitorinqlərin əsas məqsədi proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.

 

14 paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin 14 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib.

Belə ki, 146 nömrəli tam orta məktəbin şagirdi Qasımova Fatimə, 257 nömrəli tam orta məktəbin şagirdi Rüstəmli Fidan, 144 nömrəli tam orta məktəbin şagirdi Rzabəyli Aydan, 118 nömrəli tam orta məktəbin şagirdi Məmmədli Fatimə, 299 nömrəli məktəb-liseyin şagirdi Ağazadə Nərmin, 62 nömrəli məktəb-liseyin şagirdi Rəsul Həsənli, 28 nömrəli tam orta məktəbin şagirdi Ayla Əzimli, 57 nömrəli tam orta məktəbin şagirdi Rəbiyyə Əlizadə, 36 nömrəli tam orta məktəbin şagirdləri Jalə Xasıyeva və İlkin Əliyev, 329 nömrəli tam orta məktəbin şagirdi Ülkər Mirzəli, 238 nömrəli tam orta məktəbin şagirdi Nərmin Cəfərova, 72 nömrəli məktəb-liseyin şagirdi Fidan Rüstəmli, “Ankara məktəbi” məktəb-liseyin şagirdi Məhəmməd Əliyev 300 bal toplayıblar.

 

125 mindən çox şagird üçün Azərbaycan dili fənni üzrə monitorinq keçirilib

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin IV, VI, VII və VIII siniflərində təhsil alan 125 mindən çox şagird üçün Azərbaycan dili fənni üzrə monitorinq keçirilib.

Tədris ili ərzində 2 dəfə keçirilən monitorinqin nəticələri təhsil müəssisələrinə həm bal, həm də məzmun təhlili olaraq təqdim olunub.

Yazılı keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxuyub-anlama və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasından ibarətdir.

 

100 minə yaxın şagird biliyini sınayıb

Paytaxtda ümumi təhsil müəssisələrinin IV və VI siniflərində tədris dili, təbiət və riyaziyyat fənləri üzrə monitorinq aparılıb.

Monitorinqlərdə ümumilikdə 100 minə yaxın şagird biliyini sınayıb.

Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsindən ibarətdir.

 

16 paytaxt məktəbində operativ monitorinqlər keçirilib

BŞTİ-nin tabeliyindəki 16 məktəbdə tədris və təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlər keçirilib.

Monitorinqlər zamanı sənədlərlə işin təşkili, infrastruktur və maddi-texniki təminat, dərs prosesinin düzgün qurulması, dərnək məşğələləri və dərsdənkənar məşğələlərin tədrisi məsələləri ilə bağlı müşahidələr aparılıb.

Monitorinqlərin məktəbəqədər təhsil müəssisələrini də əhatə etməsi nəzərdə tutulur.

  

Səmərəli təhsil mühiti üçün dəstəkləyici tədbirlər

BŞTİ-nin Təlimə Dəstək Mərkəzi tərəfindən paytaxtdakı təhsil müəssisələrində psixoloji xidmətin təşkili və inkişafı istiqamətində dəstəkləyici tədbirlər həyata keçirilib.

Belə ki, qeyd edilən istiqamət çərçivəsində 10 məktəbdə 242 dərs müşahidəsi aparılıb, 2 758 şagird arasında sorğu, 2 806 şagird arasında test həyata keçirilib, həmçinin 1 437 valideyn üçün maarifləndirici seminar təşkil olunub, 6 284 valideyn arasında “Google form” platforması üzərindən anonim sorğu aparılıb.

Eyni zamanda 643 müəllimlə şagirdlərin yaş xüsusiyyətləri, müəllim-şagird münasibətlərinin düzgün qurulması mövzusunda maarifləndirici seminarlar təşkil olunub, 27 məktəbdə psixoloqların fəaliyyətinin monitorinqi həyata keçirilib və 31 məktəbdə xüsusi hallarla bağlı iş aparılıb.          

 

200-dən çox məktəbdə rəqəmsal summativ qiymətləndirmə keçirilib

Tədris ili ərzində paytaxtdakı 200-dən çox ümumi təhsil müəssisəsində rəqəmsal summativ qiymətləndirmələr keçirilib.

Qeyd edək ki, rəqəmsal summativ qiymətləndirmələr tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində texniki təminat və internet olduğu təqdirdə IV-XI siniflərdə bütün fənlər üzrə (fiziki tərbiyə, təsviri incəsənət, musiqi, çağırışaqədərki hazırlıq, texnologiya istisna olmaqla) aparılır.

 

Bakıdakı 191 təhsil müəssisəsində “Məktəblinin dostu” layihəsi fəaliyyət göstərir

“Məktəblinin dostu” layihəsi BŞTİ-nin tabeliyindəki 191 təhsil müəssisəsini əhatə edir. Həmin müəssisələrdə layihənin 206 əməkdaşı çalışır.

2023-2024-cü tədris ili ərzində layihə çərçivəsində təhlükəsizlik, sağlamlıq, sosial-emosional mövzulara dair tədbirlər və xüsusi günlərə həsr olunmuş təlimlər keçirilib.

Layihənin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdən ibarətdir.

 

36 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərib

Paytaxtdakı 36 təhsil müəssisəsində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi tətbiq olunub.

BŞTİ-nin tabeliyindəki 1, 10, 44, 64, 87, 88, 97, 117, 120, 123, 138, 142, 166, 172, 171,179, 181,185, 194, 208, 209, 213, 228, 234, 262, 265, 266, 274, 293, 301, 302, 306, 318, 321, 327 və 329 nömrəli təhsil müəssisələrində fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsindən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir. 

 

BŞTİ tərəfindən 16 layihə həyata keçirilib

BŞTİ tərəfindən 2023-2024-cü tədris ili ərzində təhsil müəssisələrində 16 layihə həyata keçirilib.

“Məktəbdə...”, “Yaşıl layihə: Təbiəti qoruyanlar”, “Ailəm və məktəbim”, “7-dən 17-yə vətənpərvər!”, “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi”, “Dəyərlərimizi qoruyaq!”, “Onlayn kitab klubu”, “Zərərli vərdişlərə birlikdə yox deyək”, “Yeniləşən məktəb”, “Bir məktəb-bir klub”, “İdmansevərlər”, "Məktəblilər “Ədibin Evi”ndə", “Valideyn-müəllim-şagird üçbucağı”, “Məktəblərin əməkdaşlığı ilə 45 dəqiqəlik dərs nümayişi”, “Valideyn-müəllim-şagird üçbucağı” və Valideynlər üçün “Payız məktəbi” adlı layihələrin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, istedadlı şagirdləri aşkara çıxarmaq, mütaliəyə marağı artırmaq, həmçinin paytaxt məktəblərinin fəaliyyətini daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri, eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Rəqəmsal bacarıqlar”, “eTwinning Plus”, STEAM,  “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihələrində də fəal iştirak edib.

Həmçinin paytaxt məktəblərində Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə tərəfdaşlığı ilə OCEP layihəsi (Olimpiya Mədəniyyəti və Təhsili Proqramı) həyata keçirilib. Layihəyə BŞTİ-nin tabeliyindəki 43 məktəb cəlb olunub.

 

BŞTİ tərəfindən 10 müsabiqə və olimpiada keçirilib

BŞTİ tərəfindən paytaxtın təhsil müəssisələri arasında 10 müsabiqə və olimpiada təşkil edilib.

Paytaxt məktəbləri arasında keçirilən III Bakı Elm Olimpiadası, “Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" mövzularında təqdimat müsabiqəsi,  “Düşünən şagird”,  “Ən yaxşı məktəb saytı”, “Sağlam təhsil mühiti - kreativ yanaşmalar”, “Məktəb virtual məkanda” müsabiqələri,  “Şahin” hərbi-idman oyunu, “Böyük qayıdışın başlanğıcı” adlı hərbi bilik yarışı,  "Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika yarışı, “Fövqəladə hallar uşaqların gözü ilə” Xl respublika uşaq yaradıcılıq müsabiqələrinin əsas məqsədi şagirdlərin bilik səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün inkişaf etdirilməsi, həmçinin onlarda sağlam rəqabət hissinin formalaşdırılmasından ibarətdir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri, eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən  “Mütəfəkkir və Şair Məhtimqulu Fəraqi” mövzusunda inşa müsabiqəsi, “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi, “Məktəblilərin respublika çempionatı”, İqtisadiyyat müsabiqəsi, “Sabahın alimləri”, “Ən yaxşı təqdimat”, SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı, “Qərbi Azərbaycana qayıdış”, Lütfi Zadə adına Məntiq Olimpiadası, fənn müsabiqələri və fənn olimpiadalarında iştirak edərək qaliblər sırasında yer alıblar.  

 

Bakı Elm Olimpiadasında 48 məktəbli fərqlənib

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan III Bakı Elm Olimpiadası keçirilib.

BŞTİ və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri aşkar etməkdən ibarətdir.

Müsabiqənin final mərhələsində iştirak edən 72 şagirddən 48-i qalib olub.

 

1 200-dən çox şagirdin iştirakı ilə hərbi bilik yarışı keçirilib

Paytaxt məktəblərinin X və XI sinif şagirdlərinin iştirakı ilə Aprel döyüşlərinin 8-ci ildönümünə həsr olunmuş “Böyük qayıdışın başlanğıcı” adlı hərbi bilik yarışı keçirilib.

Yarışın əsas məqsədi şagirdlərin hərbi biliklərinin intellektual müstəvidə qiymətləndirilməsindən ibarətdir.

Yarışda paytaxtdakı 317 təhsil müəssisəsinin hər birindən 4 şagird olmaqla 1 268 şagird iştirak edib. Hərbi bilik yarışının nəticələrinə əsasən 3 təhsil müəssisəsi qalib olub.

 

Paytaxt üzrə 125 qrant layihə

Paytaxt üzrə Təhsildə inkişaf və innovasiyalar üzrə VI və VII qrant müsabiqələrində qalib olan 125 layihənin icrası reallaşdırılıb.

Həmçinin VIII qrant müsabiqəsinə Bakı şəhəri üzrə 344 layihə ilə müraciət olunub.

Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.

 

210 məktəbdə STEAM layihəsi tətbiq edilib

BŞTİ-nin tabeliyindəki 210 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilib.

Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir. 

 

Beynəlxalq STEAM Azərbaycan Festivalında 80 şagird fərqlənib

SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 64 şagird fərqlənib. Onlardan 7 nəfər I, 23 nəfər II, 18 nəfər III yerə layiq görülüb. 16 şagird isə xüsusi nominasiyalar üzrə medal və hədiyyələr qazanıb.

Qeyd edək ki, SAF 2023-ün keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlərin XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

 

202 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub

Paytaxtın 202 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub.

Layihə çərçivəsində 900 müəllim müvafiq təlimlərdən keçib.

Həmçinin şagirdlər arasında “Kod Saatı: Rəqəmsal gələcəyə addım” müsabiqəsi təşkil olunub.

 

“Kiçik Akademiya”lara 17 000-dən artıq şagird cəlb olunub

İl ərzində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən “Kiçik Akademiya”lara 17 000-dən artıq şagird cəlb olunub, 2 000-dən artıq tədbir keçirilib.

Layihə çərçivəsində şagirdlər tərəfindən 2 500-dən artıq mövzu tədqiq olunub.

Qeyd edək ki, “Kiçik Akademiya”ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.

 

23 000-ə yaxın məktəbli “Bilim Bakı”ya cəlb olunub

Paytaxtın 307 məktəbindən 22 840 şagird “ASAN xidmət”in nəzdində fəaliyyət göstərən “Bilim Bakı” mərkəzində müxtəlif dərnəklərə və təlim proqramlarına cəlb olunub.

Ümumi təhsil məktəblərinin 6-14 yaş arası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönələn “Bilim Bakı” mərkəzi gənc nəslə XXI əsr bacarıqlarının aşılanmasına, elmi biliklərin təcrübədə tətbiqinə, onlarda texnoloji marağın, innovasiya fəaliyyətinə həvəsin və bu sahədə məlumatlılığın artırılmasına imkan yaradır.

 

80 nəfər paytaxt məktəblisi “Deneyap” laboratoriyasında

2023-2024-cü tədris ili ərzində 80 nəfər paytaxt məktəblisi “ASAN xidmət”in nəzdində fəaliyyət göstərən "Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına cəlb olunub.

Məktəblilərə XXI əsr bacarıqlarını əldə etməyə imkan verən “Deneyap” texnologiya laboratoriyasında şagirdlər dizayn və istehsal, robototexnika və kodlaşdırma, aviasiya və kosmik texnologiyalar, nanotexnologiya və materialşünaslıq, süni intellekt, kibertəhlükəsizlik, mobil tətbiq və digər mövzular üzrə texnologiya təhsili alıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı çərçivəsində yaradılan “Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasının təlim proqramlarında IV-VII sinif şagirdləri iştirak ediblər.

 

Eksternat imtahanlarında 1 307 nəfər iştirak edib

Təqvim ili ərzində Bakı şəhəri üzrə əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün keçirilən eksternat qaydasında aralıq imtahanlarına 1 307 nəfər qatılıb.

Eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Qeyd edək ki, eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olurlar.

 

İstedadlı şagirdlər üçün eksternat imtahanları keçirilib

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib. 1 (bir) şagird ibtidai təhsil səviyyəsi üzrə eksternat imtahanlarında müvəffəqiyyət qazanıb.

 

Paytaxt təhsili beynəlxalq arenada

Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin şagirdi Fərhad İsgəndər Özbəkistanda təşkil olunan Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medala layiq görülüb.

Paytaxtın 157 nömrəli tam orta məktəbinin şagirdi Həsən Vəliyev Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə keçirilmiş turnirdə gümüş medala layiq görülüb.

BŞTİ-nin tabelyindəki “Ankara məktəbi” məktəb-liseyinin şagirdi Əli Əliyev Qazaxıstan Respublikasında təşkil edilən 20-ci Beynəlxalq Jautikov olimpiadasında bürünc medal əldə edib. Məktəbli, həmçinin Bolqarıstanın Şumen şəhərində baş tutan informatika fənni üzrə beynəlxalq turnirdə gümüş medala layiq görülüb.

Macarıstanın Seged şəhərində keçirilən 35-ci Beynəlxalq İnformatika Olimpiadasında paytaxtdakı 245 nömrəli tam orta məktəbin şagirdi Sahib Əliyev həvəsləndirici mükafatla təltif edilib.

Bakıdakı 238 nömrəli tam orta məktəbin müəllimi Solmaz Süleymanova beynəlxalq müsabiqədə qalib olub. Hindistanda AKS (Alert Knowledge Service - Sürətli Təhsil Xidməti) təşkilatı tərəfindən keçirilən beynəlxalq müsabiqədə “Qlobal müəllim” mükafatına layiq görülən ingilis dili müəlliminə kubok və sertifikat təqdim olunub.

 

Paytaxt məktəbliləri idman yarışlarında 4 944 medal qazanıb

Tədris ili ərzində paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 1 975 qızıl, 1 482 gümüş, 1 487 bürünc olmaqla, ümumilikdə 4944 medal əldə ediblər. 

 

Azərbaycan Müəllimlərinin XVI Qurultayı keçirilib

Azərbaycan müəllimlərinin XVI Qurultayı keçirilib.

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qurultayda təhsilin aktual mövzularına dair panel sessiyaları maraqlı müzakirələrlə yada qalıb.

Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir.

 

Paytaxt məktəbləri “Heydər Əliyev İli” və “Yaşıl dünya naminə həmrəylik ili”ndə

BŞTİ və onun tabeliyindəki təhsil müəssisələri tərəfindən “Heydər Əliyev İli” və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər təşkil olunub.

Belə ki, paytaxt məktəbliləri arasında festival, konfrans, simpozium, akademik seminar, olimpiada, bilik yarışları, müsabiqə və ağacəkmə aksiyaları keçirilib, həmçinin Ulu Öndərə həsr olunmuş kitab təqdimatları baş tutub. 

Eyni zamanda İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyev irsinin öyrədilməsi mövzusunda dərslər keçirilib.

 

28 000-dən çox müəllimi əhatə edən təlimlər keçirilib

BŞTİ tərəfindən 28 128 müəllimi əhatə edən təlimlər keçirilib.

Təlimlər fənlər üzrə elektron tədris resurslarının hazırlanması, müasir tədris modelləri, məktəbdaxili monitorinqlərin təşkili, şagirdlərin sosial emosional sağlamlığı və təhlükəsizliyi, istedadlı şagirdlərlə işin təşkili, şagirdlərdə yaradıcı təfəkkürün inkişafı, problem həllinə kreativ yanaşma, inklüziv sinifdə təlimin təşkili metodikası, uşaq psixologiyasının əsasları, sinfin idarə olunması, İKT vasitəsilə kommunikasiya, beynəlxalq öyrənmə platformalarından istifadə üzrə bacarıqların formalaşdırılması və digər mövzulara həsr olunub, həmçinin fənn müəllimlərini əhatə edən ixtisasartırma və metodiki seminarlar baş tutub.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 20 məktəbəqədər təhsil müəssisəsinin rəhbəri Estoniya və Finlandiyada təcrübə mübadiləsində iştirak edib.

Eyni zamanda BŞTİ-nin Təlimə Dəstək Mərkəzi tərəfindən təhsil müəssisələrinin psixoloqları üçün “İmtahan həyəcanının səbəbləri və aradan qaldırılması yolları” və tərbiyəçi-müəllimlər üçün “Məktəbəqədər yaşlı uşaqlarda nitq inkişafı” mövzusunda seminarlar, həmçinin Dünya Autizm Maarifləndirmə ayı çərçivəsində “Mavi dünyam” adlı praktik təlimlər keçirilib.

Həmçinin İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlər üçün təlimlər və sertifikasiya prosesi ilə bağlı maarifləndirici görüşlər keçirilib.

 

Gənc müəllimlər teatr tamaşalarında

BŞTİ-nin təşəbbüsü ilə gənc müəllimlər teatr tamaşalarında iştirak ediblər.

Qeyd edək ki, BŞTİ və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi ilə reallaşdırılan layihənin əsas məqsədi gənc müəllimlərin asudə vaxtlarının səmərəli təşkili və mədəni istirahətlərinin təmin olunmasından ibarətdir.

 

526 nəfər təhsil işçisi vətəndaş məmnunluğu mövzusunda təlimlərə qatılıb

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları, direktor müavinləri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün təlimlər keçirilib. Təlimlərdə Bakı şəhəri üzrə ümumilikdə 526 nəfər iştirak edib.

Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlığı çərçivəsində təşkil edilən təlimlərdə təhsil işçilərinə müasir vətəndaşın tələbləri, vətəndaşlara xidmət, eyni zamanda bu prosesin idarə olunması, məmnunluq anlayışının əhəmiyyəti və digər mövzularda məlumat verilib.

     

Tarixi şəxsiyyətlərin yubileyləri qeyd olunub

Paytaxtın ümumi təhsil müəssisələri tərəfindən ölkə Prezidentinin sərəncamlarına əsasən, yubileyləri qeyd edilən ziyalıların və tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilib.

 

Paytaxt məktəbliləri üçün maarifləndirici təlimlər və ekskursiyalar

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən şagirdlərin zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılması, sağlam həyat tərzinin formalaşdırılması, QİÇS, talassemiya ilə mübarizə, yol hərəkəti qaydaları, fövqəladə hallarda davranış, peşə seçimi, İKT sahəsində savadlılığın artırılması, reproduktiv sağlamlıq və digər mövzularda maarifləndirici tədbirlər keçirilib.

Eyni zamanda, tədris ili ərzində 6 000-dən çox şagirdin Heydər Əliyev Mərkəzinə, STEAM İnnovasiyalar Mərkəzinə, YARAT Müasir İncəsənət Məkanına və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları təşkil olunub.

 

Məktəbdənkənar müəssisələr tərəfindən 500-dən çox tədbir keçirilib

2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyindəki məktəbdənkənar təhsil müəssisələri tərəfindən 543 konsert, sərgi və festival keçirilib.

Həmçinin müəssisələr tərəfindən 355 şagirdin yerli və beynəlxalq yarışlarda iştirakı təmin edilib.

İdarənin tabeliyində fəaliyyət göstərən 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin üzvləri tədris ili ərzində iştirak etdiyi 71 yerli yarışdan 686 medal, 46 beynəlxalq yarışdan isə 154 medal əldə edib.

 

Paytaxt üzrə 172 məktəb Milli Qəhrəman və şəhid adını daşıyır

BŞTİ-nin tabeliyindəki 172 təhsil müəssisəsi Milli Qəhrəman və şəhid adını daşıyır.

Məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından rəmzi məna daşıyır və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.

 

Təmir, tikinti, təchizat

2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyindəki 51 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 2 məktəbəqədər təhsil müəssisəsində (257, 286) əsaslı təmir işləri aparılıb. 2 yeni məktəbəqədər təhsil müəssisəsi (Bakı şəhəri Ramana qəsəbəsi 347 saylı və Xocəsən qəsəbəsi 348 saylı uşaq bağçası) istifadəyə verilib.

Təmir edilən 4 məktəbəqədər təhsil müəssisəsində (101, 99, 116, A.Məmmədov adına) son tamamlama işləri aparılır. Eyni zamanda 1 məktəbin (313) əsaslı təmir işləri və əlavə korpusun tikintisi, 4 məktəbin isə (57, 68, 141, 151) sökülərək yenidən tikintisi işləri davam edir.

 

Birgə fəaliyyət – 228 müqavilə imzalanıb

Təhsil müəssisələrinin maddi-texniki bazasından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlardan istifadə edilməklə, BŞTİ-nin tabeliyindəki məktəblərdə müxtəlif idman növləri, xarici dil, şahmat, musiqi, rəqs və digər kursların təşkili üçün 228 üçtərəfli birgə fəaliyyət müqaviləsi imzalanıb.

Həmçinin ali təhsil və orta ixtisas müəssisəsi tələbələrinin BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində pedaqoji təcrübə keçmələri ilə bağlı 170 ümumi təhsil müəssisəsini və məktəbəqədər təhsil müəssisəsini əhatə edən 13 ikitərəfli müqavilə imzalanıb. 

 

141 nəfər təhsil işçisi təltif edilib

BŞTİ-nin tabeliyindəki məktəblərdə çalışan təhsil işçiləri təltif edilib.

Belə ki, BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən pedaqoji fəaliyyətlərində səmərəli xidmətlərinə, həmçinin yubileyləri münasibətilə 120 nəfər məktəb rəhbərinə (39 direktor, 81 direktor müavini) və təhsil sahəsində çalışan 21 nəfər Vətən Müharibəsi iştirakçısına, eyni zamanda şəhid ailələrinə Fəxri Fərman və hədiyyələr təqdim olunub.

 

121 mindən çox müraciət daxil olub

2023-2024-cü tədris ili ərzində BŞTİ-yə 121 139 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.

Statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 74 303 zəng daxil olub.

BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən 2 225 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb.

Həmçinin Vətəndaşların Qəbulu Mərkəzinə 20 766 müraciət daxil olub.

23 845 sənəd (vətəndaşlar tərəfindən 6 060 ərizə, 5 277 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 2 902, digər qurumlardan 2 136, tabelikdə olan təhsil müəssisələrindən 4 800 məktub və 2 670 kadr ərizəsi) qəbul olunub.

 

İctimaiyyətlə əlaqələr genişləndirilir

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində baş ve­rən yeniliklər və İdarənin fəaliyyəti haqqında məlumatların operativ şəkildə icti­maiyyətə çatdırılması istiqamətindəki işlər 2023-2024-cü tədris ilində də müvafiq qaydada yerinə yetirilib.

BŞTİ-nin və təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı dolğun məlumatlar ictimaiyyətə təqdim olunub, media ilə səmərəli əməkdaşlığın genişləndirilməsi məqsədilə KİV-dən daxil olan sorğular cavablandırılıb.

Televiziya kanallarına və digər KİV-lərə reportajların hazırlanması üçün əlverişli şərait yaradılıb. Müvafiq islahatlar və yeniliklər ictimaiyyət üçün şərh edilib, İdarə rəhbərliyinin və əməkdaşlarının çıxışları və müsahibələri təşkil olunub.

Kütləvi informasiya vasitələri üçün BŞTİ-nin tədris və təqvim ili üzrə ümumi fəaliyyətini əks etdirən məlumatlar hazırlanıb.

Həmçinin ictimai maraq doğuran şəxslərlə şagirdlərin görüşləri təşkil olunub, paytaxt məktəblərinin uğurlarının geniş auditoriyada yayımlanması ilə bağlı layihə və müsabiqələr həyata keçirilib.

Избранный
112
1
azedu.az

2Источники