Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının növbəti iclası keçirilib.
Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, iclasda 2022 və 2023-cü illərdə təşkil olunmuş sertifikatlaşdırma prosesindən 31 min 948 nəfər ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəlliminin uğurla keçdiyi qeyd edilib.
Eyni zamanda, ötən ildən sertifikatlaşdırmadan uğurla keçmiş 8410 müəllimin əməkhaqqına 35 faiz, 23 min 538 müəllimin əməkhaqqına isə 10 faiz artım tətbiq olunduğu vurğulanıb.
İyunun 8-də ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 7296 müəllim iştirak edib. Onlardan 3 386 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak imkanı qazanıb. Təkrar sertifikatlaşdırmada iştirak edən müəllimlərdən 3909-u isə müvafiq keçid balını toplaya bilməyib. Eyni zamanda, Şuranın qərarına əsasən, imtahanda iştirak etməyən 402 müəllim sertifikatlaşdırmadan keçməmiş hesab olunub. Dörd nəfərin nəticələri imtahan qaydalarını pozduğu üçün ləğv olunub.
Ümumilikdə prosesdə iştirak edən müəllimlərdən Azərbaycan dili və ədəbiyyat üzrə 95 faizi, ibtidai sinif üzrə 86 faizi sertifikatlaşdırma prosesində uğur qazanıb.
Xatırladaq ki, cari ilin əvvəlindən etibarən ötən il sertifikatlaşdırma imtahanından keçməyən müəllimlərə onların ehtiyaclarına uyğun Təhsil İnstitutu tərəfindən təlimlər keçirilib, müxtəlif vebinar və sınaq imtahanları təşkil olunub.
Təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə iyunun 10-13-də apellyasiya müraciətləri qəbul edilib. Apellyasiyaya daxil olan müraciətlər müvafiq qaydada araşdırılıb və cavablandırılıb. Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı səhv aşkarlanmayıb, hər hansı bir texniki problem müəyyən edilməyib.
Qeyd edək ki, iclasın yekun nəticələri Elm və Təhsil Nazirliyinə təqdim edilib.
Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən, prosesdə iştirak etməyən, eyni zamanda, imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilən müəllimlərin müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam veriləcək.