ABŞ Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün imkanlarş görür. Bu barədə bu gün Bakıda keçirilən brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirib.
O qeyd edib ki, "münaqişənin nizamlanması bütün region üçün faydalı olacaq, eyni zamanda, iqtisadi fayda gətirəcək".
Hərbi təchizatla bağlı Ermənistan və Fransa arasında razılaşmalara toxunan amerikalı diplomat deyib ki, "hər bir ölkənin özünümüdafiə hüququ var".
"Biz görürük ki, Azərbaycan da bu istiqamətdə işləyir", - o əlavə edib.
O'Brayenin fikrincə, yeni silahların alınması həm də "tərəflər arasında inamın çox az olmasının göstəricisidir". "Və bu başa düşüləndir, çünki söhbət 30 illik münaqişədən gedir", - amerikalı diplomat əlavə edib.
O qeyd edib ki, tərəflər sülh quruculuğu və etimadın yaradlması istiqamətində çalışırlar.
O'Brayen Azərbaycanın COP-29-u qəbul etməsini Ermənistanın dəstəklədiyini, Azərbaycan tərəfindən saxlanılan ermənilərin azad edildiyini, sərhədlərin demarkasiyası prosesini xatırladaraq, bu addımları "müsbət" hərəkətlər adlandırıb.
O'Brayen ABŞ-ın Azərbaycan və Ermənistanı iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində tədbirlərə dəvət etdiyini bildirib.
"Biz hər iki ölkənin iştirakını gözləyirik. Ümumilikdə, bu ölkələr də daxil olmaqla, 30 dövlətin iştirakı gözlənilir", - O'Brayen deyib.
Qarşıdakı COP29 iqlim sammitilə bağlı amerikalı diplomat qeyd edib ki, ABŞ bu tədbirin keçirilməsində Azərbaycana texniki dəstək verəcək.
O' Brayen həmçinin diqqəti ona yönəldib ki, Bakıda keçirilən görüşlərdə insan hüquqları və demokratiyanın təminatı məsələlərinin əhəmiyyətinə toxunlub.
O, Avropanın enerji təchizatında Azərbaycanın rolunu qeyd edib.
"Bəzi Avropa ölkələri Rusiya qazından tamamilə imtina ediblər, bəziləri satınalmaları azaldıblar. Azərbaycan Avropanın enerji mənbələrinin diversifikasiyasında aparıcı rol oynayan ölkələrdən birinə çevrilib", - O’Brayen deyib.