Ailə üzvlərini qabağa verərək onların arxasından polisə atəş açmaqla ağır cinayət törədən Rövşən Allahverdiyevin digər əməlləri də üzə çıxıb.
Xezerxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dəfələrlə məhkum olunan 38 yaşlı Rövşən Allahverdiyev, çoxsaylı vətəndaşı aldadaraq onlara məxsus torpaq sahələrinin özəlləşdirilməsinə, onların müxtəlif orqanlarda işə düzəlməsinə köməklik edəcəyi adı ilə külli miqdarda pullarını mənimsəyib. Bu səbəbdən də ötən ilin mart ayında ölkə hüdudlarını Türkiyə istiqamətində tərk etməyə cəhd göstərərkən saxlanılaraq istintaq orqanlarına təhvil verilib.
Nazirlikdən o da əlavə edildi ki, Rövşən Allahverdiyev 74 fakt üzrə bu cür dələduzluqlar edib. Əsasən də daşınmaz əmlak sahəsi üzrə vətəndaşlara zərər vurub. O, təkcə bir fakt üzrə torpaq sahəsini özəlləşdirmək adı ilə vətəndaşın 320 min manatını ələ keçirməsi faktı üzrə ötən il martın 30-da təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda Rövşən Allahverdiyevin torpaq sahəsini özəlləşdirmək adı ilə digər vətəndaşın 139 min manatını, başqa bir şəxsin isə torpaq sahəsini özəlləşdirmək adı ilə 1 milyon 141 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi müəyyən edildiyindən 9 sentyabr 2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilməklə yenidən barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sentyabrın 15-də Bakı Apellyasiya Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Rövşən Allahverdiyevin barəsində Səbail Rayon Məhkəməsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək sonuncu təkrarən həbsdən azad olunub.
Qeyd olunan faktlarla bağlı DİN-in istintaq qurumlarında aparılan cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs Rövşən Allahverdiyev istintaq orqanından gizləndiyinə görə oktyabrın 30-da onun barəsində axtarış elan edilib. Məlumatlara görə, səkkiz aya yaxın istintaq orqanlarından gizlənən Rövşən Allahverdiyev bu il iyunun 24-də gecə yaşadığı ünvana gələrəkən ərazidə xidmət aparan post-patrul naryadları onu saxlayıblar.
Bundan sonra Rövşən Allahverdiyev səkkiz aya yaxın azyaşlı övladlarını görmədiyini bildirib. Sonuncu dəfə onlarla vidalaşmasına icazə verilməsini anası ilə birlikdə israrla xahiş etdiyindən polis əməkdaşları humanizm göstərərək onun qolundan qandalı açaraq yaşadığı mənzilə daxil olmasına şərait yaradıblar.
Rövşən Allahverdiyev evə daxil olduqdan sonra "Lancaster" markalı ov silahı ilə ailə üzvləri - anası, həyat yoldaşı, uşaqları ilə bayıra çıxaraq onların arxasından qəfil atəş açmaqla polis əməkdaşlarını qətlə yetirib. Eləcə də yaranmış səs-küyü eşidib həmin ünvana gələn, yaxınlıqda yaşayan Səfər Piriyevin də polis əməkdaşı olmasını zənn edərək onu da öldürüb.
Bundan sonra, hadisə yerinə gələn əməliyyat qrupu təslim olması barədə Rövşən Allahverdiyevi dəfələrlə xəbərdar etsələr də, sonuncu buna məhəl qoymayaraq müqavimət göstərdiyindən odlu silahdan istifadə edilməklə zərərsizləşdirilib.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.