RU

Murad Vəliyev “Flora”ya qarşı 57 dəqiqə oynadı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) yarımmüdafiəçisi Murad Vəliyev “Nomme Yunayted”də növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Estoniya çempionatında 2024-cü il mövsümünün 17-ci turunun oyunları keçirilib.

“Nomme Yunayted” bu turda doğma meydanda “Flora” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

“Nomme Yunayted”ə bu ilin fevral ayında qoşulmuş Vəliyev bu oyuna start heyətdə başlayıb və 57-ci dəqiqədə əvəzlənib. Əvvəlki turlarda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olmuş azərbaycanlı futbolçu bu dəfə fərqlənə bilməyib.

Qeyd edək ki, Murad Vəliyev müqavilə ilə Estoniyanın “Levadiya” klubuna məxsusdur. Sağ vinger olan 21 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin 31 dekabrına kimi “Nomme Yunayted”də icarə əsasında forma geyinəcək. O, bu komandanın heyətində 16 oyuna çıxıb və 1 qola, 1 avtoqola imza atıb.

Murad Latviyanın “Kalev” klubunun yetirməsidir. O, Almaniyanın “Rozenhaym” və “Bad Aiblinq” klublarının aşağı yaş qrupları üzrə komandalarında da oynayıb. 2022-ci ilin yanvar ayından “Levadiya”da çıxış edən vinger bu klubun əsas komandasında 46 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Murad Estoniyanın U-16 və U-18 yığmalarında oynasa da, 2022-ci ildən Azərbaycanın U-21 millisinə dəvət alır. O, yığmamızda 12 oyun keçirib və 1 qola imza atıb.

Sonda onu da qeyd edək ki, 2000-ci ildə yaradılmış “Nomme Yunayted” bu mövsüm tarixində ilk dəfə Estoniya çempionatında çıxış edir. Sözügedən komanda 17 turdan sonra 11 xalla 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Избранный
98
3
arena.az

10Источники