Göydən düşən də 3 alma deyil, dərd, bəla, ağrıdır
Biri vardı, biri yoxdu, şirin-şirin nağıl deyən nənə-babalar, o nağıllara öz sabahı kimi baxan nəvələr vardı. O nağıllarda Cırtdan, Məlikməmməd, Göyçək Fatma, Tənbəl Əhməd, Div, Təpəgöz vardı. Nağılın sonunda göydən mütləq 3 alma düşərdi. Soyuq qış gecələrində biri-birindən şirin, bəzən də qorxulu nağılları dinlədikcə, özümüzü o nağılların qəhrəmanları sanardıq. Yuxuya getdikdən sonra üçbaşlı əjdaha, tilsimli kosa ilə vuruşardıq.
Məktəb illəri başlandı. Elə ki yazıb-oxumağı öyrəndik, müəllimlərimiz də başladı bizlərə nağıl danışmağa. Ev tapşırıqlarımız da bəzən nağıllardan ibarət oldu: “Filan nağılda müsbət qəhrəman”. Beləcə, nağıllarla illəri geridə qoyduq. O nağıllar bizə çox şey verdi. Yəqin etdik ki, Xeyirlə Şərin mübarizəsində tez-gec haqq-ədalət, düzlük qalib gəlir. Öyrəndik ki, Vətən torpağı müqəddəsdir, onu həyatımız bahasına da olsa, qorumalıyıq. Bildik ki, adət-ənənəyə hörmət hər kəsin borcudur...
Artıq dünya dəyişib. Hər şey bu günə və sabaha köklənib. İndi illər özündən sonra yaddaşlara şirin nağıla dönəcək çox az iz qoyur. Əslində, yeni nəsil də keçmişə boylanıb olub-keçənləri vərəqləmək istəyində deyil. Dünya qloballaşdıqca elə bil yaxşı olan nə varsa dəyərsizləşir. Bir vaxtlar əlçatmaz görünənlər adiləşir, gözəgörünməz kürədə əriyərək, müxtəlif metalların qarışığından ibarət xəlitə kimi formalaşır.
İndi analar öz körpələrinə laylay demək istəmir, qaranquşlar insanlardan ehtiyatlanaraq onların yaxşı görə bilmədikləri yerlərdə yuva qurmağa çalışır, arılar şirə toplamaq üçün çox uzaqlarda çiçək axtarır. Çünki bir vaxtlar işıqlı rəngləri, bulaq suyu, təmiz havası ilə nağıla bənzəyən bu təzadlı dünyanın başı üzərindən neçə-neçə “Domokl qılıncı” asılıb - onu təhdid edir, hər an parçalamağa, məhv etməyə çalışır. Yəqin, buna görə dünya, insanlar doyunca gülə bilmir. Artıq Allahın verdiyi əbədi nemətlər – hava, torpaq, su insanlar tərəfindən çirkləndirilib...
...Daha şirin-şirin nağıl deyən nə o nənə-babalar, nə də onlara qulaq asmaq həvəsində olan nəvələr var. Çünki indi söylənilən nağılların sonunda göydən üç alma düşəcəyinə heç kəs inanmır.
Bizim Loğman da elə bundan şikayətlənir. Çünki o, alma yeməyi çox xoşlayır və hər kəsə də məsləhət görür ki, gündə iki-üç alma yesin. Amma orası da var ki, indi satılan almaları yeməklə nəinki sağlamlaşmaq, əksinə, adı bilinən və bilinməyən xəstəliklərə yoluxmaq, ən azından qarın ağrısına düşmək olar. Hətta üstü emblemli almaları yeməklə ən qorxulu xəstəliyə düçar olmaq olar.
Bəli, dünya yaman dəyişib. İndi hər yer bazar kimidi. Buna görə də babat yaşamaq üçün gərək bazar adamı olasan. Elə ki “kruq”a düşdün, mayalandın, daha pula pul deməyəcəksən, “manqır” deyəcəksən. İşlərin xod gedəndə pulu kilo ilə çəkəcəksən. Arzuladığın hər şey olacaq, lap nağıllardakı kimi yaşayacaqsan və pulun adamına çevriləcəksən, qohum-qardaş çıxacaq yadından. Hər şeyi pulun gücü ilə hesablayacaqsan.
Onu da deyim ki, indi dil açmayan körpələr belə pulu yaxşı tanıyır, ağılları kəsdikcə pulun çox şey olduğunu yəqin edirlər. İndiki nağılların qəhrəmanlarının çoxu nə əjdaha, nə də Təpəgözlə vuruşurlar. Onlar pul uğrunda vuruşurlar. İndi elə fərasətli qəhrəmanlar var ki, gündə ayı kəsdirib yeyirlər. Bəlkə, heç fironun oğlu bu qələti eləməyib.
...İndi nağılları nənə-babalar yox, nəvələr uydurur. Özü də elə dəhşətlisini ki, bu zamana kimi nə eşidilib, nə də qorxulu seriallara çəkilib. Buyur dinlə, qulaqlarını qapama: “Ötən şənbə oğul atasını döyərək öldürüb, ana körpəsini zibilliyə ataraq qaçıb, nəvə pula görə nənəsini boğub...”. Deyin, bu nağıllardan sonra göydən üç alma düşər? Mənə görə, belə əməllərə görə gərək göydən meteorit düşsün. Çünki əsl nağılın sonluğu çox vaxt Xeyirin Şər üzərində qələbəsi ilə bitir, bugünün nağılları isə dəhşətli sonluqla.
...Günümüzün dəhşətli nağıllarından biri gündə üç öynə yeyib yaşamaq, sağlamlaşmaq əvəzinə, özümüzü zəhərlədiyimiz ərzaqlarla bağlıdır. İndi hansı çeşiddə istəsən məhsul var, özü də bol. Bir hissəsini özümüz yetişdirir, hazırlayırıq, xeyli hissəsi də xaricdən gətirilir. Üzlərinə baxanda hayıl-mayıl olursan, elə ki alıb yeyirsən, düşürsən partdam-partdama. Çünki o ərzaqlara insan orqanizminə ziyan verən maddələr vurulur.
Digər tərəfdən, dükan-bazar, vaxtı keçmiş ərzaq məhsulları ilə doludur. Bir də görürsən ki, ticarət mərkəzlərində, bazarlarda yoxlamalar aparılır və istifadə üçün vaxtı keşmiş, kustar üsulla hazırlanmış çoxlu ərzaq məhsulu, spirtli və rəngli içkilər müəyyən edilir. Düşünürsən ki, sabah dükana, bazara getsən, həmin məhsullara rast gəlməzsən. Amma yenə “köhnə hamam, köhnə tas”la üzləşirsən... Bəs neyləyəsən, nə yeyib-içəsən?!
Buna bənzər nağıllar bürüyüb həyatımızı. Hamı alır-satır. Hamı biri-birini aldatmağa çalışır. Daha nağıllara kim inanar? Daha göydən alma düşərmi? Məncə, düşsə, düşsə meteorit düşər!
Ümumiyyətlə, daha bizə nağıl lazımdırmı?!
Səməd MƏLİKZADƏ