RU

Sabir Rüstəmxanlı: “Sırf təlim-tədris proqramlarının yayımlandığı ayrıca televiziya olmalıdır”

Telekanallarımızda getdikcə maarifləndirici, təhsil və elmi proqramların sayı azalmaqdadır. Audiovizual Şuranın 2023-cü ilin noyabr ayı ərzində ölkə televiziya yayımçılarının proqramlarının məzmunu ilə bağlı statistik göstəricilərinə əsasən Azərbaycanın telekanallarında yayımlanan maarifləndirici, təhsil və elmi proqramların sayı 100-də 9,7 faiz olub. 

Bəs,  maarifləndirici verilişlərə üstünlük verilməməsinin səbəbi nədir?

Mövzu ilə bağlı Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Demokrat.az-a açıqlamasında bildirib ki, son vaxtlar ciddi tərbiyəvi, təlim, tədris və təhsil ilə bağlı verilişləri Azərbaycan televiziyalarında görməmişəm. 

Sabir Rüstəmxanlı qeyd edib ki, Azərbaycanda sırf təlim-tədris və tərbiyəvi verilişlərin yayımlandığı ayrıcı bir televiziyanın olması çox vacibdir:

“Bununla bağlı düzü statistik araşdırma aparmamışam. Amma görünən odur ki, bu məsələ artıq son dərəcə ciddi vəziyyət alıb. 9,7% həddindən artıq azdır. Düzdü, televiziyalarda uşaqlar üçün müəyyən proqramlar var. Amma hamısı əyləncəli proqramlar, viktorinalardı. Amma bu, biz dediyimiz deyil. Doğrudan televiziyalarımız bərbad gündədi. Bəlkə də bütövlükdə Azərbaycanda bir tədris televiziyası olmalıdır. O televiziya müəyyən proqramlarını Güney Azərbaycan üçün hazırlamalıdır. Onlayn ana dili, tarix, coğrafiya dərsi keçirilməlidir. Ora kitab göndərmək mümkün deyil amma Azərbaycan xalqının bütövlüyünü birliyini qorumaq üçün bu, hökmən lazımdır. 

Düşünürəm ki, belə bir televiziyanın olması vacibdir. Orada bütün günü, səhərdən axşama Azərbaycan tədrisi ilə bağlı ən müxtəlif dərslər, maarifləndirici verilişlər yayımlansın. 

Həmçinin, problemlər qoyulsun, tədrislə məşğul olan insanlar, görkəmli mütəxəssislər dəvət olunsun, müəllimlər orda çıxış etsin. Bütün universitetlər və orta məktəblərdə hər kəs bilsin ki, belə bir televiziya var. O televiziyanın müəyyən saatlarında ədəbiyyat, müəyyən saatlarında tarix, dil dərsləri keçirilsin. Bu televiziya 24 saat tədris məsələləri ilə bağlı yayımlar etsin. Mən bunu arzulayıram”. 


Əfsanə Rəcəb
Demokrat.az
Избранный
14
demokrat.az

1Источники