Tərəflər öz ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcək, milli qanunvericilik və ikitərəfli sazişlər çərçivəsində tranzit daşımalar üçün əlverişli şərait yaradacaqlar.
APA xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də deyilir.
Birgə Bəyannamədə bildirilib ki, Çin tərəfi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (“Orta Dəhliz”) tikintisində və istismarında fəal iştirak etməyə, Çin-Avropa və əks istiqamətdə Cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrutboyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazır olduğunu bildirir.