RU

Qızlar təhsildə: problemin kökü və həll yolları – ARAŞDIRMA

Qızlar

Bakı, 4 iyul, Aysel Azad, AZƏRTAC

Cəmiyyətimizin mədəni, iqtisadi və texnoloji inkişafında ən mühüm vəzifə bəlkə də qadınların üzərinə düşür. Əlbəttə, kişilərin vəzifələri çoxdur, lakin qadınların öhdəlikləri onları üstələyir. İnsanın ilk təhsil aldığı yer ana qucağıdır. Anasının öyrətdikləri ilə formalaşan fərd sonradan atası, digər ailə üzvləri, ətraf mühit və məktəb faktorlarından təsirlənir. Nəticədə, qadın oxuyursa öyrənir, qadın oxuyursa övladlarını tərbiyə edir.

Bəs bu gün qızların təhsil almasında hansı maneələr var? Azərbaycanda qızların təhsilinə dəstək istiqamətində hansı addımlar atılır? AZƏRTAC mövzu ilə bağlı araşdırmanı təqdim edir.

Problem kimdədir: valideyndə, yoxsa?..

VI çağırış Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bir sıra hallarda valideynin övladının təhsil almasına mane olduğunu söyləyib. Ekspert bildirib ki, qızların təhsil almasında yaşanan problemlərlə bağlı ona müraciətlər olunur. Müraciətlərin fonunda isə erkən nikah problemi ilk pillədə qərarlaşır: “Ailələr bunu iqtisadi çətinliklə əlaqələndirirlər. Valideyn düşünür ki, qızını nə qədər tez ərə verərsə, bu, ailənin iqtisadi durumuna bir o qədər müsbət təsir göstərə bilər. Başqa bir qrup isə məsələyə yanlış dini mövqedən yanaşır. Onların fikrincə, qızlar oxuduqları halda fikirləri dəyişə bilər, ailənin fikirlərinə qarşı çıxa bilərlər. Doğrudur, bu hal kütləvi deyil, amma var”.

Ceyhun Məmmədov hesab edir ki, qanunda qızların evlilik yaşı artırılmalıdır: “Qız övladlarının bir sıra hallarda universiteti bitirən kimi və ya yetkinlik yaşına çatan kimi ailə qurduqlarının şahidi oluruq. Mən parlamentdə də bu məsələni qaldırmışdım ki, qızların erkən nikaha daxil olmasına şərait yaratmamalıyıq. Bu gün nikahların pozulmasının səbəblərindən biri də qızların həyatı dərk etmədən, müəyyən bir səviyyəyə çatmadan nikaha daxil olmalarıdır. 18-19 yaşında, hətta 21 yaşında qızların həyatı tam dərk etməsi qeyri-mümkündür. Bu yaş həddi oğlanlara da aiddir. Bununla bağlı maarifləndirmə, təbliğat işləri davamlı olaraq aparılmalıdır ki, insanlar məlumatlansınlar, bunun yaratdığı çətinlikləri dərk etsinlər və erkən nikah bağlamaqdan çəkinsinlər”.

İxtisas seçimi və karyera məsələləri üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev qızların təhsilinə mane olan səbəblər arasında qohumluq əlaqələrinin də rol oynadığını söyləyib. Onun fikrincə, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi erkən evliliklə yanaşı, qohumlar arasında evlilik hallarının da qarışısını alacaq: “Qohumlar öz aralarında əhd bağlayırdılar və uşaq müəyyən bir yaşa çatdığı təqdirdə artıq erkən evliliyə məcbur edirdilər. Sevindirici haldır ki, artıq bu problem getdikcə azalmağa başlayır. İnsanlar müasir cəmiyyətin formalaşmasını müşahidə edirlər. Hansı valideynin psixologiyası müasir cəmiyyətdə formalaşıbsa, hansı valideyn ali təhsil alıb və qız övladlarına gələcəkdə ali təhsilin lazım ola biləcəyini düşünürsə, o valideynlərdə, o ailədə ciddi problemlər olmur”.

Qızlar təhsildə daha yüksək nəticə göstərir

Ekspert qızların təhsil almasında yaşanan problemlərin rayon və ucqar kənd məktəblərində özünü daha çox büruzə verdiyini söyləyib. Ramin Nurəliyev övladının ailədən uzaqda qalması fikrinin valideyni narahat etdiyini diqqətə çatdırıb: “Düşünür ki, qız uşağı Bakıda və yaxud başqa rayonda təhsil aldığı təqdirdə yaşayış şəraiti necə olacaq, kimlərlə qalacaq? Buna görə də valideyn, daha çox da atalar qız övladlarının təhsilinə müəyyən məhdudiyyətlər qoyurdular. Bununla yanaşı, əvvəlki dövrlərdə erkən evlilik qız uşaqlarının təhsil almasına məhdudiyyətlər yaradırdı. Lakin hazırda bu məhdudiyyətlər azalmaqdadır. Məsələn, sonuncu qəbul imtahanı nəticələrinə nəzər salsaq, qızların daha yüksək nailiyyətlər, daha yüksək nəticə əldə etməsi artıq bu psixologiyanın yavaş-yavaş düzəlməsinə təsir göstərir. Ali təhsilli bir qızın təhsili olmayan qızdan daha savadlı, həyatda atdığı addımının, ümumiyyətlə, davranışının daha üstün olduğunu müşahidə edən valideyn əvvəlki psixologiyadan fərqli olaraq qız uşaqlarının təhsilə istiqamətlənməsinə özü dəstək verir. 10-15 il bundan əvvəlki illə indiki dövr arasında müqayisədə ciddi bir fərq var və müsbətə doğru irəliləyişi müşahidə edirik”.

Şagird, müəllim, valideyn ünsiyyəti

Ramin Nurəliyev hesab edir ki, qızların təhsildən kənar qalmasının qarşısını almaq üçün müəllim və valideynin də iştirakı ilə maarifləndirici seminarlar təşkil olunmalıdır: “Xüsusilə də ictimai birliklər və müəyyən belə təşkilatların iştirakı ilə 9-10-11-ci sinif şagirdləri və onların valideyninə bu istiqamətdə təlimlərin, seminarların, maarifləndirici görüşlərin keçirilməsi problemin aradan qaldırılmasına müəyyən qədər təsir edəcək. Eyni zamanda, həmin regionlarda işləyən müəllimlərin müəyyən qədər təsiri olmalıdır. Çünki müəllim həm şagirdlərlə, həm də valideynlə əlaqədə olur, mütəmadi görüşür. Müəllimlər də bu görüşlərdə həm valideyn, həm də şagirdlərə qızların təhsil almasında müsbət xüsusiyyətləri ortaya qoyaraq təhsilli qızlar ilə təhsili olmayan qız uşaqlarının müqayisəsini verə bilər”.

Ekspert bildirib ki, 11 illik təhsillə yanaşı, bakalavriat səviyyəsində təhsilin zəruri olduğu qabardırmalıdır: “Tələbənin, xüsusilə də qızların ali təhsil aldığı müddətdə, - bu, birinci kurs da ola bilər, ikinci kurs da və s. - ailə qurmaları doğru deyil. Ona görə ki, tələbə öz ixtisasının mütəxəssisi olmaq üçün birinci və ikinci kursa necə başlayırsa, sona qədər də o şəkildə davam edir. Əgər birinci və ikinci kurslarda yarımçıq təhsil alarsa, həmin tələbə gələcəkdə o ixtisas üzrə mütəxəssis olmaqda çətinlik çəkəcək. Ona görə də tövsiyə etməliyik, maarifləndirmə kampaniyasını elə bir formada aparmalıyıq ki, qız tələbələrinin həm təhsili natamam olmasın, həm də ailə münasibətlərində problemlər yaşanmasın”.

Azərbaycanda ümumi orta təhsil icbaridir

Gender bərabərliyinin mühüm istiqamətlərindən biri məhz təhsillə bağlıdır. Qadın və kişilərin bərabər təhsil almaları ölkəmizdə hüquq bərabərliyinin fundamental əsaslarından biridir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin təhsillə bağlı olan 4-cü məqsədində 2030-cu ilədək bütün qızların və oğlanların, qadınların və kişilərin əlçatan və keyfiyyətli təhsil almalarını təmin etmək hədəfə alınıb: “Qızların təhsil hüququnun həyata keçirməsinə bir çox maneələr olur, bunlar əsasən yoxsulluq, erkən yaşda evlilik, gender əsaslı zorakılıq (məhz qız olduğu üçün) və əsasən də cəmiyyətdə qadınların, qızların statusu ilə bağlı köhnəlmiş adət-ənənələr, stereotiplərdir. Nəticədə dünyada məktəbə getməyən uşaqların ən çoxunu, yəni 63.3 faizini qızlar təşkil edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycanda ümumi orta təhsil icbaridir. Təhlillər göstərir ki, son illərdə icbari təhsilə cəlb olunmuş qızların ümumi orta təhsil pilləsini bitirməsində və onların dərsə davamiyyətində əsaslı problemlər mövcud deyil.

Təhsildən yayınan şagirdlərlə bağlı məktəbin psixoloqu və sinif rəhbərləri ailələrdə olur, müvafiq iş aparır, ailədaxili vəziyyət qiymətləndirilir və zərurət yarandıqda məsələyə baxılması üçün yerli icra strukturlarına müraciət olunur. Qızların təhsildən yayınma hallarının minimuma endirilməsi məqsədilə ümumi təhsil müəssisələrində ilboyu qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu tədbirlərdə ailələrlə iş, sinif rəhbərlərinin fəaliyyətinin gücləndirilməsi, şagirdlərin keyfiyyətli təhsil almasına şəraitin yaradılması, şagirdlərin sinifdənxaric və məktəbdənkənar tədbirlərə cəlb edilməsi, onların peşə seçimi işinin yerli şəraitə uyğun aparılması və s. məqamlar müzakirə olunur.

Hər bir rayonda fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar bu işdə yerli təhsili idarəetmə orqanlarına yaxından kömək göstərirlər. Bununla yanaşı, yerlərdə fəaliyyət göstərən peşə təhsili müəssisələri ilə qarşılıqlı əməkdaşlıq sayəsində ümumi orta təhsili bitirən şagirdlərdən bir qismi təhsilini həmin müəssisələrdə davam etdirirlər”.

Ali təhsildə qızların sayı oğlanları üstələyir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2023/2024-cü tədris ili üzrə məktəblərdə siniflər üzrə təhsil alan şagirdlərin sayı (oğlan və qızlar) və analitik təhlilini aparılıb. Belə ki, cari tədris ilində məktəbəhazırlıq qrupları üzrə 39 min 936 qız, 46 min 400 oğlan təhsil alıb. I-XII siniflərdə isə ümumilikdə 794 min 560 qız, 910 min 449 oğlan oxuyub. 2023-cü ildə cins bölgüsü arasındakı fərq 115 min 889 nəfər, yəni 6.8 faiz olub. 2022-ci ildə isə cins bölgüsü arasındakı fərq 117 min 947 nəfər, yəni 6 faiz təşkil edib.

2023/2024-cü tədris ili üzrə orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin müqayisəli statistikasının təhlili onu göstərir ki, kişilər (71 faiz) peşəyönümlü təhsilə, qadınlar (62.6 faiz) daha çox orta ixtisas təhsilinə üstünlük verirlər. Bu göstəricilər həm özəl, həm də dövlət tabeliyində olan təhsil müəssisələrinə aiddir. Həmçinin bakalavriat səviyyəsində təhsil alanların arasında qızlar (52.6 faiz), magistratura səviyyəsində isə oğlanlar (51.6 faiz) üstünlük təşkil edir.

“Gənc qızların təhsilinə dəstək”

Qızların təhsil almasında qarşılarına çıxan maneələrə, problemlərə nəzər salmağa çalışdıq. Lakin bu problemlərin həlli istiqamətində dövlət tərəfindən mühüm addımlar atılmaqdadır. Onlardan biri də “Gənc qızların təhsilinə dəstək” kampaniyasıdır. Kampaniyaya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizin gələcək inkişafı naminə gənclərin bərabər imkanlar çərçivəsində təhsil almasının vacib olmasını nəzərə alaraq 2021-ci ildən başlayaraq Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılan “Qızlar Məktəbi”nin 120 illik yubileyi və 11 Oktyabr - Beynəlxalq Qızlar Günü münasibəti ilə start verilib. Kampaniyanın məqsədi cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək, xüsusilə də onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır. Kampaniyaya qızlar 3 meyara əsasən seçilir: aztəminatlı ailələrdən və həssas qrupdan olan, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan, eyni zamanda regionlardan olan qızlar.

Kampaniya çərçivəsində neft maqnatı Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik və maarifçilik ənənələrini davam etdirmək məqsədilə 2021-ci ildə aztəminatlı ailələrdən olan 14 tələbə qıza dəstək göstərilib. Bununla yanaşı, 5 biznes şirkəti və 9 nəfər sahibkar qadın “Gənc qızların təhsilinə dəstək” kampaniyasına qoşularaq hər biri 1 tələbə qızı öz himayəsinə götürüb. Kampaniya 2022-ci ildə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə davam edib. 2022-ci ildə kampaniya çərçivəsində 25 nəfər, 2023-cü ildə isə 55 qızın təhsilinə dəstək göstərilib. 2023-cü ildən isə kampaniya “Gənc qızların təhsilinə dəstək” layihəsi kimi davam edir. Layihə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişaf Fondu ilə birgə həyata keçirilir. Layihə çərçivəsində 4 nəfər şəhid qızı və bir nəfər şəhid xanımına da dəstək göstərilib.

Bununla yanaşı, Təhsilin İnkişaf Fondu tərəfindən qızların təhsilinə dəstək məqsədilə “Parla” Gənc qızların təhsilinə və inkişafına dəstək təqaüd proqramı layihəsi, “Zərif mühəndislər” xanımların inkişafı layihəsi və Maya Hacıyeva adına “İKT bacarıqları” təqaüd proqramı həyata keçirilməkdədir.

Övladlarımızı oğlan və qız ayrı-seçkiliyi etmədən oxudaq. Cəmiyyətinin müxtəlif təbəqələrinin təmsilçilərinin fikirlərindən də göründüyü kimi, qadınlar iş həyatına rəng, gözəllik, nizam-intizam və müvəffəqiyyət və nizam gətirir. Qızlar oxusa, peşə sahibi olsa, həyat dəyişəcək, cəmiyyət dəyişəcək.

Qeyd: Bu yazı Təhsilin İnkişafı Fondunun, Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan müəllimi” qəzetinin “Qızların təhsilinə dəstək” müsabiqəsinə təqdim olunur.

Избранный
69
50
azertag.az

10Источники