Bu durumu obrazlı və lakonik şəkildə belə adlandırmaq olar: Xəyal idi, gerçək oldu.
Türk Dövlətləri Təşkilatının vaxtaşırı rəsmi və qeyri-rəsmi sammitinin keçirilməsi artıq intensiv səciyyə alıb. Bu dövlətlərin rəhbərləri vaxtaşırı olaraq təşkilata üzv olan dövlətlərinin birinin paytaxtında və ya böyük şəhərlərinin birində görüşür, müzakirələr aparır, əhəmiyyətli qərarlar qəbul edirlər.
Bir zamanlar onların bir çoxu yalnız MDB və digər beynəlxalq təşkilatların zirvə görüşlərində bir araya gəlirdilər. Onda ev sahibi, məclis yiyəsi, gündəlik tərtib edənlər, ortaya qərardad qoyanlar başqaları olurdu. İndi isə məclisin yiyəsi də, sammitə sahiblik edənlər də türk dövlətlərinin rəhbərləridir. Zirvə görüşlərinin yerini də, gündəliyini də kənardan diktə olmadan özləri müəyyən edirlər.
Vaxt vardı, türk dövlətlərinin bir araya gəlməsi, yaxınlaşması ideyası utopiya kimi görünürdü. Ayrı-ayrı ölkələrdə söz sahibi olan Moskvapərəst qüvvələr türk birliyindən danışanları xor görür, hətta öz təbliğatçılarına bu ideyanı gözdən salmaq, lağlağı hədəfi etmək göstərişi verirdilər. “Bunlar necə türkdilli dövlətlərdir ki, iclaslarını rus dilində aparırlar” deyə ironiya edənlər də vardı.
Zaman keçdi, müstəqillik qazanmış türk dövlətlərində oyanış, özünəqayıdış prosesi getdi, onlar dostlarını, düşmənlərini tanıdılar, müstəqil dövlət olmağın faydasını gördülər və anladılar ki, gerçəkdən də güc birlikdədir. Ancaq əvvəlki, yaşanmış və sınaqdan yaxşı çıxmamış ittifaqı yenidən bərpa etməyin anlamı olmadığı yəqinləşdirən türk dövlətləri hamı üçün faydalı ola biləcək ittifaqı yeni müstəvidə yaratdılar.
Azərbaycan bu birliyin yaranmasında ona görə təşəbbüskarlardan biriydi ki, beynəlxalq aləmdə təklənməyin, birləşmiş dövlətlərin xroniki təzyiqinin acısını çəkmişdi.
İndi belə bir təşkilat var və bu birlikdə dominant dövlət yoxdur. Üzv dövlətlərin hamısı bərabərhüquqludur və bütün qərarları qarşılıqlı anlaşma ilə qəbul edirlər.
Son bir neçə ildə Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri türk ölkələri ilə əlaqələrin genişləndirilməsidir. Başlıca məqsəd türk dünyasının birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsidir. Azərbaycan bu istiqamətdə yorulmadan çalışır, bağlayıcı bənd rolunu oynayır.
TDT-nin dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməli olması bir zərurətdir. Çünki türk dünyası böyük coğrafi məkanı əhatə edir. Təşkilatın üzvü olan dövlətlərin böyük iqtisadi potensialı, münbit torpaqları, yeraltı sərvətləri, ən ümdəsi üzv ölkələrin geniş insan resursu var. Üstəlik, demək olar ki, bütün türk ölkələrində demoqrafik dinamika müşahidə olunur. Bu, həm hərbi potensialın taraz saxlanılması üçün önəmlidir, həm də işçi qüvvəsi deməkdir. İnkişaf etmək, iqtisadiyyatın bütün sahələrində tərəqqiyə nail olmaq üçün əmək qabiliyyətli insanların kifayət qədər olması vacib amildir.
Hələ ötən əsrin 90-cı illərində o zamanın siyasi liderlərinin ritorikasında belə bir ifadə vardı ki, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu da bir çoxlarına utopiya kimi görünürdü, ancaq ondan az sonra türk dövlətləri müstəqillik əldə etdilər və hamısının qarşısında inkişaf və öz aralarında inteqrasiya üçün qapı açıldı.
Bu dövlətlərdə yaşayan xalqlarıın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları onları etibarlı zəmində birləşdirir. İndi Anadolu yarımadasını, Mərkəzi Asiya və Qafqazı birləşdirən dəniz limanları, nəqliyyat dəhlizləri var və bunlar türk dünyasının böyük sərvətidir.
TDT üzvü olan dövlətlərin rəhbərlərinin Şuşa zirvəsindəki görüşü hər baxımdan önəmlidir. Çünki Şuşa Qarabağın tacı, Azərbaycanın qürur mənbəyi olan bir şəhərdir və onun gələcəyinə, irəlidə həm mədəniyyət paytaxtı, həm də ən çox ziyarət edilən turizm mərkəzlərindən biri olacağına ümidlər böyükdür. Bunun üçün intensiv işlər davam edir. Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə məqsədyönlü siyasi xətt yeridir.
Tək Şuşa deyil, türk dünyasında turizm mərkəzinə çevrilməsi gözlənilən digər şəhərlər də var: Qazaxıstanda Türküstan, Özbəkistanda Səmərqənd və Xivə, Qırğızıstanda İssıkgöl ətrafı və s. Türkiyənin kurortları isə zatən nəinki türk dövlətlərinin, eləcə də bütün Avropa və Yaxın Şərq ölkələrinin kütləvi axışdığı istirahət məkandır.
TDT ölkələrinin əl-ələ verməsi, bir-birinə yardım jestləri etməsi artıq ənənə şəklini almaqdadır. İşğaldan azad edilmiş rayonlarımızda Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın təşəbbüsü və maliyyəsi ilə məktəblər, mədəniyyət mərkəzləri tikilir. Macarıstan da TDT üzvü olaraq Ağdamda məktəb inşa etməkdədir.
İstifadəyə verilən bu obyektlərin açılışında qardaş ölkələrin rəhbərləri də iştirak edirlər və bu, onların dostluğa, həmrəyliyə nə qədər böyük önəm verdiklərinin göstəricisidir.
Son iki ildə Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər ediblər.
Azərbaycan Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturunun nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını nəzərə alaraq bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb. Bu, o deməkdir ki, yardımlaşma hər zaman qardaşcasına və qarşılıqlı olacaq, dara düşən, dağıdıcı təbii fəlakətlərə məruz qalan üzv ölkələrə lazımi qədər yardımlar olunacaq. Qardaşlıq büsatı bunu tələb edir.
Eyni etnik kökə malik olan, eyni dil qrupunun müxtəlif lisanlarında danışan xalqların gələcəkdə ortaq dildə danışması məsələsi indilikdə yenə utopiya kimi görünə bilər. Ancaq bu istiqamətdə elmi-mədəni işlər görülür, qarşılıqlı gediş-gəlişlər, əlaqələr güclənir, ölkələr bir-birinin ədəbiyyatına, kinosuna bələd olduqca dil baryeri tədricən aradan qalxır. Zatən, bu xalqların liksekionunda minlərlə ortaq söz var.
Qardaşlığın, dostluğun alternativi yoxdur. TDT öz daxilində çulğaşmanı artırmaqla, güclənməklə qonşularından heç birini hədəfə almır, onlara nəsə bir problem yaratmağı düşünmür. Məhz bu amil, eləcə də imzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar türk dünyasının həmrəyliyini, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.
Musavat.com