Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü xarici medianın diqqət mərkəzində olub.
"Unikal" xəbər verir ki, müxtəlif aparıcı media qurumlarında yayımlanan xəbərlərdə Zirvə görüşünün Şuşa şəhərində təşkil olunmasının, Qarabağ Bəyannaməsinin qəbul edilməsinin tarixi əhəmiyyət daşıdığı vurğulanıb.
Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı xəbər agentlikləri, televiziya kanalları və mətbu nəşrləri Zirvə görüşünə xüsusi yer ayırıb. “Sabah” qəzeti Şuşa Zirvə görüşü barədə “Bizim gücümüz birliyimizdədir” sərlövhəli məlumat verib. Materialda Azərbaycan Prezidenti İlham Əliyevin XXI əsrin Türk dünyasının inkişaf və tərəqqi dövrünə çevrilməsinin zəruriliyi haqqında söylədiyi fikirlər sitat gətirilir. Bu görüşün türk dövlətləri arasında əlaqələrin daha da konsolidasiyası və möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanır.
Türkiyənin NTV telekanalı hazırladığı reportajda Türkiyənin xarici işlər naziri Hakan Fidanın tezliklə Türk dünyasının vahid əlifbasını yaratmaq çağırışına diqqət çəkib.
DHA və Anadolu xəbər agentlikləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Şuşadakı çıxışı barədə ətraflı məlumat veriblər.
Materiallarda Türkiyə nümayəndə heyətinin rəhbərinin Qarabağın tarixən Azərbaycana məxsus olduğu, Ankaranın BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransına (COP31) ev sahibliyi etməyə hazır olması və Orta Nəqliyyat Dəhlizinin inkişafının əhəmiyyəti barədə söylədiyi fikirlərə diqqət yetirilir.
“Hürriyyət” qəzetinin yazılarında Ankaranın Ermənistanla dialoqa dair mövqeyi, vahid türk əlifbasının yaradılması, Türkiyənin Ukraynada müharibəyə son qoymaq səyləri və ŞKTC xalqının hüquqlarının təmin edilməsinin vacibliyinə diqqət yetirilir.
Nəşr Türkiyənin xarici işlər naziri Hakan Fidanın çıxışından bəhs edərək, onun Yaxın Şərqdə qırğını dayandırmağın zəruriliyi ilə bağlı sözlərini sitat gətirir: “Türk dünyası bölgədəki humanitar dramdan üz çevirməməlidir”.
ŞKTC mediası da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün Türk dünyasında birlik və əməkdaşlıq baxımından əhəmiyyətindən yazıb.
Şimali Kiprin BRTK telekanalı ŞKTC Prezidenti Ersin Tatar və Türk Kiprin xarici işlər naziri Tahsin Ərtoğruloğlunun Şuşadakı çıxışları barədə oxuculara məlumat verib, Azərbaycanın mədəniyyət paytaxtından reportajlar hazırlayıb, canlı yayımlar edib. Telekanal ŞKTC rəhbərliyinin Azərbaycanda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə dəvət olunmasının əhəmiyyətinə diqqət çəkib və sammitin təşkilini yüksək qiymətləndirib.
“Halkın Sesi” və “Kıbrıs Hakikat” qəzetləri Şuşa Zirvə görüşünün mövzusu ilə bağlı bir sıra xəbərlər dərc edərək, Kipr türklərinin lideri və ölkənin xarici işlər nazirinin rəhbərinin Şuşada çıxışlarından ətraflı bəhs edib.
“Kıbrıs Postası” nəşri Şimali Kipr xarici işlər nazirinin Azərbaycandakı çıxışı ilə bağlı ayrıca xəbər hazırlayıb. “Ərtoğruloğlu Türk dünyasının liderlərinə Lefkoşanın üstünlükləri barədə məlumat verib, onun əməkdaşlığa və ŞKTC-nin inkişafına hazır olduğunu vurğulayıb”, - deyə qəzet yazır.
TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Mərkəzi Asiya ölkələrinin mətbuatında da geniş işıqlandırılıb.
“Tengrinews.kz” portalı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Zirvə görüşündə unikal sivilizasiyanın və milli dillərin qorunub saxlanmasının vacibliyi, eləcə də süni intellektdən istifadə etməklə “Böyük türk dili modeli”nin hazırlanması təklifi ilə bağlı səsləndirdiyi bəyanatları dərc edib.
“Kazakhstan Today” xəbər agentliyinin məqaləsində Qazaxıstan Prezidentinin Türk Mərkəzi Bankları Şurası və Ümumtürk Patent Təşkilatının yaradılması təklifindən bəhs edilir.
“Kazinform” dövlət agentliyinin yaydığı xəbərdə Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşünün yekunlarına dair “Qarabağ Bəyannaməsi”nin qəbul olunmasının önəmi vurğulanıb.
Özbəkistanın Milli İnformasiya Agentliyi “UzA” TDT-ə üzv ölkələrin nümayəndə heyətləri rəhbərlərinin Azərbaycan Prezidentinin müşayiəti ilə Şuşa şəhərində aparılan quruculuq işləri ilə tanışlıq səfəri barədə məlumat yayıb. Məqalədə qeyd olunub: “Şuşanı Qarabağın əsas incisi, Qafqaz incəsənətinin məbədi və Azərbaycan musiqisinin beşiyi adlandırırlar. Şəhər görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin bütöv qalaktikasının doğulduğu məkandır. 2021-ci ildən Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, 2023-cü ildə isə şəhər Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Bu il Xivə şəhəri ilə Şuşa şəhəri qardaşlaşmış şəhərlərə çevrilib”.
“Gazeta.uz” internet nəşri isə yazıb ki, Şuşada keçirilən Zirvə görüşündə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın prioritetləri kimi ticarət və nəqliyyat marşrutlarının inkişaf etdirilməsini, alternativ enerji mənbələrindən istifadəni və iqlim dəyişikliyi ilə mübarizəni göstərib. “Bu gün ölkələrimizin qətiyyətli səyləri əsas dünya bazarlarına çıxmağa və yeni tarixi şəraitdə Böyük İpək Yolunu dirçəltməyə yönəlib”, - deyə media resursu Özbəkistan Prezidentinin sözlərindən sitat gətirir.
Qırğızıstan milli xəbər agentliyi “Kabar” bildirib ki, Qırğızıstan Prezidenti Sadır Japarov işgüzar səfərinin ilk günü, iyulun 5-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərləri ilə birlikdə Şuşada tikilməkdə olan mərkəzi məscidə və şəhər mərkəzindəki yeni məhəlləyə baxış keçirib. Xəbərdə əlavə edilib ki, burada şəhərin tarixi görkəmini bərpa etmək məqsədilə yerli memarlıq üslubunda tikililər ucaldılır.
Materialda diqqətə çatdırılıb: “Zirvə görüşündə çıxış edən Qırğızıstan Prezidenti su ehtiyatlarından səmərəli və qənaətlə istifadəni təmin edən, enerji və resurslarla bağlı israfçılığın qarşısını alan texnologiyaların tətbiqi kimi ölkə üçün aktual olan məsələlərə toxunub, həmçinin nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb”.
Fələstin Dövlətinin WAFA xəbərlər agentliyi və “Əl Qüds” qəzeti Zirvə görüşündə qəbul edilən “Qarabağ Bəyannaməsi”ndən yazıb. Yazılarda TDT-nin paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövlətinin beynəlxalq səviyyədə tanınması məsələsinə dəstək nümayiş etdirdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, TDT, həmçinin Qəzzada dərhal və daimi atəşkəsə, humanitar yardımların maneəsiz çatdırılmasının təmin olunmasına çağırış edib. Qeyd olunub TDT-yə üzv dövlətlərin başçıları Qəzzada baş vermiş humanitar fəlakətdən dərin narahatlıqlarını bildirib, mülki şəxslərin hədəfə alınmasını qınayıb və tərəfləri BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri də daxil olmaqla, beynəlxalq hüquqa tam hörmət göstərməyə çağırıblar. Onlar İsrail-Fələstin münaqişəsinin ədalətli və uzunmüddətli həllinə nail olunmasının vacibliyini vurğulayıb, 1967-ci il sərhədlərinə əsaslanan paytaxtı Şərqi Qüds olmaqla müstəqil, suveren və vahid Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınmasını dəstəkləyiblər. Türkdilli Dövlətlər Təşkilatının dövlət başçıları, eyni zamanda, dünya ölkələrini Fələstin Dövlətini tanımağa çağırıblar.
İsveçin “CawaMedia” agentliyinin saytında əməkdaşlığı beynəlxalq ekspertlərin diqqətini çəkən Türk Dövlətləri Təşkilatına həsr olunmuş məqalə dərc olunub. “Türk ölkələri qlobal ticarəti dəyişir və gələcəyə sərmayə qoyurlar” sərlövhəli məqalədə qədim Böyük İpək Yolu dövründə kök salmış və Beynəlxalq Türk Akademiyası ilə birgə üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi, dialoqun, mədəni mübadilənin və strateji tərəfdaşlığın təşviqi üçün müasir platformaya çevrilən Türk Dövlətləri Təşkilatında birləşən türk xalqlarının ortaq irsindən bəhs edilir.
Nəşrdə Çini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən və bununla da tranzit müddətini 19 gündən 12 günə endirən “Orta Dəhliz” kimi tanınan Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu haqqında geniş məlumat təqdim olunub. Dünya Bankının proqnozlarına görə, 2030-cu ilə qədər Orta Dəhliz ildə 10-11 milyon ton yük emal edə biləcək.
“CawaMedia” qeyd edir ki, türk ölkələri nəqliyyat sektoru ilə yanaşı, tədqiqatlar, təhsil və rəqəmsal infrastruktur sahələrində, eləcə də Azərbaycanın Xəzər nefti və qazının dünya bazarlarına nəqlində həlledici rol oynadığı enerji və texnologiya sektorlarında əməkdaşlıq edirlər.
“Türk dünyası tarixin həlledici anını yaşayır. Bu ölkələr XXI əsrin yeni İpək Yolunu yaradırlar. Türk əməkdaşlığının bu canlanması qədim tacirlərin xəyal etdiyi şəkildə Şərqlə Qərbi birləşdirən yeni iqtisadi yüksəliş və mədəni fəallıq dövründən xəbər verir. Dünya türk xalqlarının uzun və zəngin tarixinin növbəti fəslini necə yazdığını diqqətlə izləməlidir”, - deyə nəşrdə qeyd edilir