RU

Türkiyə NATO-dan çıxır? - ŞƏRH

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO ilə bağlı son açıqlaması diqqət çəkib.

Dövlət başçısı NATO-nun Türkiyənin gözləntilərini doğrultmadığını deyib. Onun sözlərinə görə, bu bəzi məsələlərdə özünü biruzə verir:
"Bu, Yaxın Şərqlə bağlı durumda da özünü göstərir. Biz bu istiqamətlərdə, müxtəlif səviyyələrdə müzakirələrimizi davam etdirəcəyik". 

Qeyd edək ki, rəsmi Ankara tərəfindən zaman-zaman belə bəyanatların səsləndirilməsi müxtəlif iddiaların gündəmə gəlməsinə səbəb olur. Bəzi ekspertlər bu açıqlamaların fonunda Türkiyənin NATO-nu tərk edə biləcəyini belə söyləyirlər. 

Maraqlıdır, Türkiyə NATO-dan çıxa bilər?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, NATO-nun Türkiyə ilə uyğun gəlməyən mövqeləri var:

353853

"Düzdür, alyansın əsas qüvvələri olan ABŞ və Avropa İttifaqı dövlətlərinin siyasəti bir çox hallarda Türkiyə ilə üst-üstə düşmür. Burada Suriya və Liviya siyasəti, Şərqi Aralıq dənizi ətrafında NATO-nun yanaşmasını, eləcə də Qafqazdakı bəzi məsələlərdəki fikir ayrılıqlarını qeyd etmək olar. Xüsusilə İraq və Suriyada PKK/PYD ilə əməkdaşlıq olunması Türkiyəni narahat edir. Bunlara rəğmən, Türkiyə ilə NATO arasındakı münasibətlərin tamamilə pozulacağını zənn etmirəm". 

Ekspert Türkiyənin NATO-dan çıxacağını da düşünmür:

"Çünki Türkiyə ilə NATO arasında çoxtərəfli əməkdaşlıq mövcuddur. Üstəlik, Türkiyədə NATO-nun bazaları var. Eyni zamanda, tərəflər arasında hərbi işbirlikləri və ortaq layihələr mövcuddur. Hətta qardaş ölkədə alyansın bir sıra üzvünün silahları və silah hissələri istehsal olunur. Ona görə də Türkiyənin tezliklə NATO-dan çıxacağını gözləmirəm. 

Əksinə, tərəflər arasındakı əlaqələr dərinləşə də bilər. Bundan başqa, NATO-nun da belə tezliklə ən güclü ikinci ölkəsindən imtina edəcəyi məntiqli deyil. Ümumiyyətlə, Türkiyə ilə alyans arasındakı fikir ayrılıqları müzakirələrlə həll oluna bilər. Hesab edirəm ki, tərəflər arasındakı münasibətlər artan xətlə inkişaf edəcək".

Pərviz

Избранный
42
hit.az

1Источники