RU

Bozqurd işarəsi nə vaxt və necə yarandı? - So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Eldar Tağıyev, tarixçi:

- İTV kanalının Niderland - İngiltərə matçını şərh edənlərinə alqış! Azərbaycanlı futbol şərhçilərinin peşəkarlığı məni heyran etdi. Heç bir sovet və müasir Rusiya futbol şərhçilərinin onlardan üstünlüyünü deyə bilmərəm. Türkiyə şərhçiləri də həmçinin. Əhsən!

 

Mikayıl Cabbarov, Azərbaycan Respublikasının iqtisadiyyat naziri:

- Buxara şəhərinin tarixi məkanlarında olduq. Şəhər möhtəşəm mənzərələri və zəngin tarixi ilə valeh edir. Özbəkistandan olan həmkarlarımıza səmimi qonaqpərvərlik və bu gözəl şəhəri tanımaq imkanı yaratdıqları üçün minnətdaram.

 

Etibar Əliyev, millət vəkili:

- Arda Gülərin 19, Lamine Yamalın isə 17 yaşı var. Bu iki nəhəng futbolçunun manevrlərində, topa vurduqları zərbələrdə oxşarlıq var. Biri İspaniya uşaq futbolunun, digəri isə Türkiyə uşaq futbolunun yetirməsidir. Onların hər ikisnin timsalında uşaq futbolunun gücü göründü. İstedadı açanlara isə xüsusi təşəkkür düşür. Azərbaycanda "Uşaq futbolunun inkişafı proqramı" qəbul olunmalıdır.

Elm də belədir. Yadıma fizika üzrə Nobel mükafatı laureatı Riçard Feynmanın məşhur fikri düşdü: "Elm uşaq yaşlarından mənim qanımda bulaq kimi qaynayırdı".  Uşaqlarda hansı sahədə olursa-olsun, yatan istedad dərhal aşkarlanmalı və dəyərləndirilməlidir. Onlara xüsusi qayğı göstərilməlidir. Azərbaycan istedadlar ölkəsidir!

lll

Seyid Cəfər Pişəvərinin Təbrizin teatr salonundakı nitqindən:

"Bizim fikirlərimizi məşğul edən məsələlərdən biri də dil məsələsidir. Bu, biz azərbaycanlılar üçün çox mühüm və əsas mətləblərdəndir. Maarif və mədəniyyət məsələsini biqeydliklə başdan salmaq olmaz. Çünki millətlərin həyatı ona bağlıdır... Bundan əlavə, Azərbaycanın mədəniyyət və maarif mövzusunda xüsusi bir vəziyyəti vardır. Azərbaycanlılar tarix boyu öz ana dilində danışmaqdadır. Bu dili qaba tədbirlər ilə əvəz etməyə çalışanların qanedici dəlilləri yoxdur. 6-7 yaşında təzə dil açmış uşağa yabançı bir dili təhmin etmək cinayətdir. Təlim, tərbiyə ilə məşğul olanlar əksər azərbaycanlıların əsəbiliyini bundan görürlər.

Ana dilində yazıb-oxumağı qadağan - yasaq etmək mədəniyyət təkamülünün qabağını almaq deməkdir. 5 milyondan artıq kənd və şəhərdə yaşayanlarımız qalsın. Hətta məhəlli məktəblərdə təhsil edənlərimiz belə ömürlərinin axırınadək fars dilini düzgün tələffüz etməyə qadir deyillər...

Azərbaycan dili fars dilinin şöbəsi deyil, məxsus bir dildir. Bu dili danmaq həqiqəti danmaq kimidir. Bizim dilimizi hərəkatımızdan qabaq o qədər sıxışdırılmışdır ki, teatr da fars dilində aparılırdı. Ona görə də xalq teatra rəğbət etməyirdi. Azərbaycanlı fars deyil. Bu fars dilini Azərbaycanın əksəriyyəti başa düşə bilmir. Güclə o dili azərbaycanlılara təhlil etmək mümkün olmamış və olmayacaqdır.

Azərbaycan dili o qədər qüvvətli və onun sərf və nəhv qaydaları o qədər möhkəm və təbiidir ki, hətta onun içinə varid edilmiş fars və ərəb kəlmələri ixrac edilsə belə, onunla böyük fikirləri, ali məqsədləri yazıb şərh vermək mümkündür".

 

Elxan Şahinoğlu, politoloq:

- Məsud Pezeşkian Prezident seçilikdən sonra xarici siyasətlə bağlı ilk açıqlamasında İranın Hizbullahı və regionda müqavimət hərəkatını (Həmas, husilər və digərləri nəzərdə tutulub) dəstəkləməyə davam edəcəyini bildirib. O, dirəniş hərəkatına dəstəyin İranın əsas siyasəti olduğunu bildirib: "İran hər zaman regionda sionist rejimə qarşı xalqların dirənişini dəstəkləyib. Əminəm ki, regiondakı dirəniş hərəkatı İsrail rejiminə imkan verməyəcək ki, Fələstin və digər ölkələrinə qarşı cinayətkar siyasətini davam etdirsin".

Məsud Pezeşkian bu açıqlamasıyla ali dini lider və onun ətrafını, o cümlədən, SEPAH-ı sakitləşdirib ki, onların bu siyasətinə qarışmayacaq. Bu, əvvəlcədən də bəlliydi ki, Məsud Pəzəşkian ilk gündən ehtiyatlı olmalı, "qırmızı çizgiləri" aşmamalıdır. İsraillə münasibətlər və Hizbullaha dəstək İran rejiminin "qırmızı çizgisinin" bünövrəsini təşkil edir. Buna baxmayaraq, Məsud Peşezkian gələcək açıqlamalarıyla ABŞ və Avropa İttifaqının İrana yönəlik nəbzini yoxlamağa çalışacaq. İranın buna ehtiyacı var. Bundan başqa, Türkiyə və Azərbaycanın da Pezeşkiandan gözləntiləri var. Aydındır ki, Məsud Pezeşkian bu istiqamətlərdə də "qırmızı çizgiləri" tam adlamayacaq, ancaq heç olmazsa, münasibətlərin normallaşmasına, gərginlik yaradan məsələlərin həllinə çalışmalıdır. Bu da olmasa, o, keçmişdə dediklərindən faktiki imtina etmiş olacaq.

 

Şamil Paşayev, hüquqşünas:

- Bozqurd eramızdan əvvəldən türklər üçün simvol hesab olunub. Bozqurdun türklərin simvolu olduğunu təsdiqləyən və yaşı eramızdan əvvələ dayanan bir neçə dastan mövcuddur. Bunlardan ən çox bilinənləri Türəyiş, Asena və  Ergenekon dastanlarıdır. Türəyiş dastanına görə, Hun qəbilə ittifaqı olan "Hiung-nu"nun başçısı Şanyusunun (tanhu, tanyu, yəni rəhbərinin) iki gözəl qızı varmış, onlar uca dağda qala düzəldiblər. Sanyusun qızlarını Tanrı ilə evləndirmək istəyib. Qalanın ətrafında yaşlı qurd da məskən salıb, qızlardan biri qurdun Tanrı olduğunu güman edib, ondan uşaq dünyaya gətirib. Türk sözünün etimaloji mənalarından birinin də "türəmək" olduğu bir çox mənbələrdə qeyd edilib.

Asena dastanında isə qəhrəman dişi qurddur. Bu dastana görə, Türk qövmü düşmən tərəfdən tamamilə məhv edilir, 10 yaşlı uşaq sağ qalır, Asena onu bəsləyib böyüdür, oğlan 14 yaşında olanda qurd uşaqdan hamilə qalır və 10 oğlan uşağı doğulur. Onlar qonşu qəbilələrin qızları ilə evlənib doğub törəyib yenidən tayfalarını böyüdürlər.

Ergenekon dastanına görə isə türklər Ergenekon dağından çıxarkən "Börteçine" adlı dişi qurd onlara yol göstərir. Bozqurd simvolu da "yol göstərən" anlamını daşıyır.

Mifologiyada yuxuda Bozqurd görmək uğura, qurdun sürünü basması isə bərəkət kimi yozulur.

Türklər çölçü həyat tərzi sürdükləri üçün bozqurdun yaşama biçimi onlar üçün ideal olub. Qurd, döyüşü, azadlığı, sürəti, ağlı, ərazini müşahidə edə bilmə qabiliyyətin simvolizə edir.

Qurda "börü" deyə də xitab edirlər. Börü sözü VII əsrə aid, Gültəkin abidələrində rast gəlinir. Qurdla bağlı məqamlara oğuz türkü Mahmut Kaşğarlının  "Divani Lüfəti Türk" əsərinə də də  rast gəlinir.

Niyə canavar yox, qurd?

Canavar sözü fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır. Bu da latın dilindəki Canis sözündən götürülüb. Canavar digər xalqların dastanlarında, şifahi xalq yaradıcılığında yırtıcılığın rəmzidir. Türklərdə isə qurd qurtarıcı, yol göstərən, xilaskar kimi təsvir olunub.

Qurdun yaşam tərzi çox fərqlidir və başqa heyvanlara bənzəmir. Qurd sürü halında olsa belə, heç vaxt yanında balası olan heyvana hücum etmir, ovundan yaşlı qurda və ailəsinə yem verir. Qurd sürülərində ənənə çox vacib amildir.

Türkün də yaşam, xüsusilə döyüş taktikaları qurda bənzəyir. Məsələn, türk döyüş taktiki olan aypara mühasirəsi qurd savaşından götürülüb, ilk dəfə Mete xan tərəfindən uyğulanıb.

Bozqurd işarəsi necə yarandı?

Türkiyə milli komandasının futbolçusu Merih Demiralın Avstriya ilə oyunda Bozqurd işarəsi göstərməsindən sonra bu simvolla bağlı müzakirələr aktuallaşdı. Çox təəssüf ki, həmişə olduğu kimi, bu dəfə də müzakirələr həm də tarixi faktlara dayanmayan, avantürist və manipulyativ yanaşmaları da ortaya qoydu.  

Bəziləri bu işarənin Azərbaycanda, 90-cı illərdə Meydan hərəkatında yaranması ilə bağlı iddialar ortaya atdılar. Bu, sadəcə gülüncdür. Həm də böyük türk tarixini bilməməkdir. Çox təəssüf ki, bu cür fikirləri tanınmış siyasətçilər, media adamları da tirajladılar.

Bu mövzuda ən çox istinad edilən vaxtilə AXC-də təmsil olunmuş Xanım Xəlilovanın bir çıxışıdır. Halbuki həmin çıxışda Xanım Xəlilovanın dedikləri də kontekstdən çıxarılır. Diqqətli izləyici başa düşür ki, Xanım Xəlilova Alparslan Türkeşlə bağlı xatirəsini danışarkən, onun Bakıda Azadlıq Meydanındakı aksiyaya qatıldığını deyir. Xanım Xəlilova bildirir ki, meydanda Bozqurd işarəsi qaldırılırdı, Türkeş bu işarənin anlamını soruşub Xanım Xəlilova da ona bu barədə danışıb. Və bunu o kontekstdə vurğulayır ki, yəni bu işarə Türkiyədəki Milliyyətçi Hərəkat Partiyasının simvolu deyil. Bu xatirə isə Bozqurd işarəsinin məhz 1992-ci ildə Bakıda yaranması anlamına gəlmir və belə nəticə çıxarmağa əsas vermir.

Bozqurd işarəsi nə vaxt yaranıb?

Bu, Göktürklərdən öncəyə, hunlara, peçenek və  qıpçaklara qədər uzanır. Bizə isə gəlib çıxan nümunələrdən VI əsrə aid heykəltaraşlıq abidələrində bu işarənin olduğunu görmək mümkündür. Bozqurd işarəsi Firdovsinin "Şahnamə"sinə çəkilən miniatürlərdəki türk qadınlarının rəsmlərində var. Bozqurd işarəsinin tarixi, türk mifologiyasına və tarixinə dayanır.

Bozqurd işarəsinin mənası ilə bağlı isə müxtəlif versiyalar mövcuddur. Onlardan ən çox yayılmışı budur ki, türklər çöldə yaşadığından və  yaşadıqları yerlərdə dəmir emal etmək mümkün olduğuna görə bu, onların yaşam biçiminə təsir edir. Dəmirdən qılınc düzəlir, qılıncla özlərini, tayfalarını qoruyur, eyni zamanda çöllərdə karvan yollarına nəzarət edirdilər. Müəyyən olunmuş "torpaq basma" vergisini verməyənləri isə vergiyə məcbur edirdilər. Bozqurd işarəsi ilə onlar bozkırlarda, çöllərdə eyni tayfadan olduqlarını bir-birinə izah edirdilər. Bu işarəni göstərmək "mən də sizdənəm" anlamına gəlirdi. İşarə isə qurdun üzünün rəsmini yaradır.  

Türkeş Bozqurd işarəsi barədə nə deyirdi? 

Türk millətçilərinin liderlərindən olmuş Alparslan Türkeş bu işarəni türklük, islam və dünya birliyi kimi izah edib, türk-islam möhürü kimi qeyd edirdi. Türkeş milli düşüncəni türk-islam sintezi olaraq görürdü, "Tanrı dağı qədər türk, Hira dağı qədər müsəlmanıq" deyirdi.

MHP-nin əsas simvoluna çevrilən bu işarəyə Türkeş tərəfindən başqa məna yükü əlavə edilib. Əslində isə bu simvol çox-çox qədimlərə dayanır və türklüyün rəmzidir. Bu işarənin islamla da heç bir əlaqəsi yoxdur.























Bizi Facebookda izləyin

Избранный
48
5
525.az

5Источники