RU

Dünya klassik ədəbiyyatının 10 ən gözəl nümunəsi

Dünya klassik ədəbiyyatında elə əsərlər var ki, intellektini, dünya görüşünü zənginləşdirmək istəyən hər insan onlardan ən az irini mütləq oxumalıdır. Lakin bir güllə bahar olmaz.

Bu gün BiG.AZ Lent.az-a istinadən daxili aləminə işıq salacaq dünya klassik ədəbiyyatının 10 möhtəşəm əsəri barədə məlumat verir.

Heminquey "Qoca və dəniz"

Heminqueyin ən ölməz əsərlərindən biri də "Qoca və dəniz" əsəridir. Əsər gənc balıqçıya öz xatirələrini danışan qoca balıqçının ömrünün son günlərindən bəhs edir. Balıqçının düşüncələri, təcrübələri sadə və kövrək dillə təsvir olunub. Müəllif bu hekayəsi ilə hər bir çətinliyə, riskə qarşı cəsarət, məğlubiyyətə qarşı şəxsi uğur mövzusunu özünəməxsus üslubda qələmə alıb.

İohan Volfqanq von Höte - "Faust"

Hötenin "Faust" əsəri naməlumları öyrənmək və sehrli güclər əldə etmək üçün ruhunu Mefistofel adlı şeytana satan sərgərdan kəndirbazın hekayəsindən bəhs edir. Köhnə bir alman nağılının olduqca ifrat uyğunlaşması olan "Faust"un yazılması 60 il çəkib. Nəticədə Höte bütün həyatı boyu onu narahat edən əxlaq qanunlarından tutmuş mifologiyaya qədər bütün sualları bu böyük dramatik və poetik əsərə daxil etməyi bacarıb. Burda yazarın gəncliyinin çılğınlığı, qocalığının təcrübəsi və təəssüfləri yer alıb. Faust müəllifin bütün bədii, əxlaqi və fəlsəfi inkişafının parlaq sənədidir.

Fyodor Mixayloviç Dostoyevski - "Karamazov qardaşları"

Dostoyevskinin bütün həyat təcrübəsini və bədii gücünün zirvəsini özündə ehtiva edən bu roman insanı insan edən hər şeyə həsr olunmuş dastandır. Müəllif heç bir romanında insan ruhuna bu qədər dərindən girməmiş, insan instinktlərini və iradəsini belə kəsişən formada tam şəkildə nümayiş etdirmişdi. Bir ailədən bəhs edən və fəlakətlər zənciri kimi inkişaf edən "Karamazov qardaşları" kitabının süjeti ayrı-ayrı elementlərlə yanaşı, 19-cu əsrin ikinci yarısında rus cəmiyyətinin yaşadığı sarsıntıları da əks etdirən bədii güzgüdür. Dünya ədəbiyyatında unikal əsər sayılır.

Fyodor Mixayloviç Dostoyevskinin - "Cinayət və cəza"

Dünya ədəbiyyatının şah əsərlərindən sayılan Fyodor Mixayloviç Dostoyevskinin "Cinayət və cəza" romanı oxucuya heç zaman unutmayacağı həyəcanlı anlar yaşadır. Bu əsəri oxuyan oxucu passiv mütaliədən canlı şahidə çevrildiyini anlayır. İnsan, həyatı məntiq qanunları ilə anlayıb, mənəvi qanunlarla isə mühakimə etmək istəyir. Bu ziddiyyət insan ilə dünya arasında uçurum yaradır.

Həmin uçurum isə başdan-başa suallarla doludur:

Günahkar insanın cəzası nə zamandan başlayır? onun günah törətdiyi gündənmi, yoxsa günahını dərk etdiyi andan?Günahkarın cəzasını kim kəsir? məhkəmə, qisasını alan insan, yoxsa əsl cəzanı insan özü özünə verir?

Şekspir - "Romeo və Cülyetta"

Romeo və Cülyetta bir-birinə düşmən olan iki ailənin uşaqlarıdır. Qarşılaşdıqları ilk anda aşiq olur və beləcə kədərli sonluqla bitən əhvalatları başlayır. Cülyetta Romeoya qovuşmaq üçün ailəsindən keçə bilmir, buna görə də özünü qurban vermək qərarına gəlir. Beləcə, rahibin köməyi ilə zəhər içir ki, hər kəs onu ölmüş bilsin. Ancaq Romeo döndüyündə Cülyettanın öldüyünü zənn edir və özünü öldürür.

"Romeo və Cülyetta"nı "ailələri düşmən olan, maneələrə baxmayaraq bir-birindən imtina etməyən aşiqlər" deyə izah etsək, daha doğru olar. Çünki dramın əsas mövzusu "eşq ölümü belə gözə alar" şəklindədir.

Lev Tolstoy- "Anna Karenina"

Rus yazıçısı Lev Tolstoy tərəfindən yazılmış bu əsər 1870-ci illərdə Rusiyada cəmiyyətin üst sinfinə mənsub olan iki insanın eşqindən bəhs edir. Hadisələr Moskvada, Peterburqda baş verir. Bundan əlavə, L.N. Tolstoy əsərdə Rusiyada patriarxal həyat tərzi qalıqlarının burjua tərəqqisinin təzyiqi altında necə dağıldığını da təsvir edir. Roman çox məqamlarda avtobioqrafik xarakter daşıyır. Əsərin üzərində işləyərkən Tolstoy müasirliyi və öz həyatını yenidən aydınlaşdırıb. Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında roman. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma, o, heç nəyə baxmadan bunların hamısından imtina edir. O, özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir.

Dante - "İlahi komediya"

"İlahi komediya" 1307-1321-ci illər ərzində italyan yazıçısı Dante Aligyeri tərəfindən yazılmış əsərdir. Əsər orta əsrlər ədəbiyyatı üçün səciyyəvi olan "o biri dünyaya yuxuda səyahət" formasında yazılıb. Əsər cənnət və cəhənnəm səhnələrini təsvir edir.

Onore de Balzak - "Vadidədki zambaq"

Kitab, ilk dəfə 1835-ci ildə nəşr olunub və yazıçının nəhəng ədəbi varidatı içərisində ən seçilən əsəridir. Məktub şəklində qələmə alınan roman, baş obraz olan Felix de Vandenesse adlı şəxsin dilindən nəql edilir. Əsər, məhəbbət romanı olmaqla yanaşı, həm də, dövrün müxtəlif siyasi və sosyal hadisələrinə də toxunur. Dahi Balzakın özünə xas yazı üslubuyla, bacarığını maksimum şəkildə ortaya qoyduğu bu roman hər bir oxucuya yüksək təsir bağışlayacaq kitablar sırasındadır.

Ceyn Ostin - "Qürur və qərəz"

Bu günə qədər "ingilis ədəbiyyatının birinci xanımı" kimi tanınan Ceyn Ostinin "Qürur və qərəz" romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ən başlıcası isə odur ki, yazıçı bütün başqa qələm sahiblərindən fərqli olaraq oxucusunun psixi-emosional dünyasına təcavüz edib, onun hiss və duyğularıyla oynamır. Hadisələr romantik, sakit bir axarda cərəyan edir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.

Viktor Hüqo - "Səfillər"

Romanın əsas obrazı olan Jan Valjan bacısının övladı acından ölməsin deyə oğurluq edib həbs olunan gəncdir. 5 il cəza alan Jan bir neçə dəfə həbsxanadan qaçmağa cəhd etdiyinə görə cəzasını 19 il çəkməli olub

Həbsxanadan çıxıb azadlığa qovuşan Valjan artıq çox fərqli bir insandı. Yenidən həyata tutunmağa çalışsa da, keçmiş məhkum olduğundan cəmiyyət tərəfindən qəbul olunmur.

İllər sonra Jan Valjan saxta kimlik sənədi ilə iş həyatına başlayır və uğur qazanır. Daha sonra Jan

Valjanın həyatına ciddi təsir edə biləcək bir qadın girəcək...

Fantina Valjanın fabrikində çalışan və kiçik qızı olan kasıb bir qadındı. Fantina yaşadığı əzablara dözməyərək ölür. Jan Valjandan qızına sahib çıxmasını istəyir. Jan da öz növbəsində ona söz verir. Beləcə Valjanla balaca Kozettanın hekayəsi başlayır...


BiG.Az
Избранный
124
3
big.az

4Источники