RU

Qarabağ Bəyannaməsinin icrasına start verilir...

Azərbaycan, Qazaxıstan və Özbəkistan “yaşıl enerji” dəhlizinə dair saziş imzalayacaq

Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalamağa hazırlaşır. Saziş yalnız üçtərəfli əməkdaşlıq sahələrini əhatə edəcək, tərəflər arasındakı mövcud ikitərəfli əməkdaşlıq və fəaliyyət müqavilələrinə təsir etməyəcək. Sənəd bərpaolunan enerji mənbələri, enerji səmərəliliyi, hidrogen, enerji infrastrukturu, həmçinin rəhbər komitə və işçi qrupunun yaradılması kimi məsələləri əhatə edir.

Qeyd edək ki, 3 qardaş ölkənin “yaşıl enerji” üzrə vahid siyasət təşəbbüsləri bir neçə gün əvvəl Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsinin əsas bəndlərindən birini təşkil edir, sazişdə əsas hədəflərdən biri kimi üzv ölkələr arasında bərpa olunan enerji sahəsində birgə əlaqələrin vahid iqtisadi blokda birləşdirilməsi öz əksini tapıb. Bəyannamənin 11-ci bəndində TDT ölkələri bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla enerji sahəsində strateji tərəfdaşlığın daha da artırılması və bu çərçivədə Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsinə (Yaşıl dəhliz) dəstəyini ifadə edib. Sənəddə, həmçinin türk dövlətləri tərəfindən bərpaolunan geniş enerji potensialının imkanları nəzərə alınaraq “yaşıl enerji”nin üzv dövlətlər və üçüncü ölkələr də daxil olmaqla ixracı və ticarəti üçün geniş enerji sistemlərinin inkişaf etdirilməsi bəyan olunub. 

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı yüksələn templə davam edir və hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər, hökumət nümayəndə heyətlərinin görüşləri, biznes-forumların keçirilməsi iqtisadi hərarəti daha da dərinləşdirməkdədir. Hər 3 ölkə iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını da əsas gündəliyə çevirib və regionda yeni yaradılan enerji-kommunikasiya, nəqliyyat xətlərində birgə təmsil olunmaq iradələrini nümayiş etdirməkdədir. Son dövrlərdə qlobal miqyasda geosiyasi mürəkkəb proseslərin dərinləşməsi Mərkəzi Asiya regionunda da təşəbbüskarlığı aktivləşdirib, həm Türk Dövlətləri Birliyi, həm də Avropa İttifaqı (Aİ) ilə inteqrasiyaya xüsusi önəm verən Qazaxıstan və Özbəkistan Azərbaycanın illərdir ki, bu proseslərdə fəal rolunu və mövqeyini, təcrübəsini nəzərə alaraq ölkəmizin sayəsində Şərq-Qərb ailəsinin üzvünə çevrilmək istəyir. 

Qazaxıstan, Özbəkistan və Azərbaycan “yaşıl enerji” dəhlizi ilə bağlı ilk niyyət protokolunu hələ 2 ay əvvəl imzalayıb, mayın 1-də Daşkənddə keçirilən görüşdə 3 ölkənin iqtisadiyyat və energetika nazirləri Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin körpü rolunu oynayacaq Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini müzakirə ediblər. Müzakirələrin yekununda “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Əməkdaşlıq Memorandumu”na imza atıb. 

Azərbaycan, Qazaxıstan və Özbəkistanın “yaşıl enerji” gücü və potensialı dəhlzin rentabelliyi üçün kifayət edirmi?

Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə proqnozları kifayət qədər ümidvericidir. Xəzərdə və azad edilmiş ərazilərdə böyük potensiallar var. Təkcə Xəzər dənizində külək sayəsində enerji istehsalı üçün təxminən 157 QVt güc vardır. Azərbaycan hökuməti “yaşıl” iqtisadiyyatın inkişafına tam sadiqdir və “yaşıl hidrogen”i gələcəyinin əsas hissəsi kimi görür. Ölkə artıq onu qlobal təmiz enerji bazarında mühüm oyunçuya çevirə biləcək iddialı “yaşıl hidrogen” istehsalı və ixracı layihələrini həyata keçirmək üçün addımlar atır. Uran hasilatında lider olan Qazaxıstanda da günəş və külək stansiyaları üçün zəngin resurslar var ki, hazırda bu sahədə infrastrukturlar yaradılır. Özbəkistanın da geniş çöllərində günəş enerjisi üçün resurslar xeyli böyükdür.Azərbaycan bərpa olunan enerji mənbələrininölkənin enerji balansındakı payını 2026-cı ilədək 24 faizə, 2028-ci ilə qədər isə 30 faizə çatdırmağı planlaşdırır. Qazaxıstan isə 2025-ci ildə ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını 6 faizə, 2030-cu ilə qədər 10 faizə çatdırmağı planlaşdırır, 2050-ci ilə qədər isə bərpa olunan enerjinin ümumi enerji istehlakının azı yarısını təşkil etməlidir. Qazaxıstanın külək potensialı ildə 1 trilyon 820 milyard kilovat/saatdan çoxdur, günəş enerjisi isə 1 trilyon kilovat/saatdır. Özbəkistan hökuməti isə 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını 25 faizə, çatdırmağı hədəfləyir. Ölkədə külək enerjisinin potensialı 520 QVt, ?ünəş enerjisinin potensialı isə 2 trilyon 058 milyard kVt təşkil edir. 

Beləliklə, Qazaxıstan, Özbəkistan və Azərbaycanın yeni ittifaqı olan “yaşıl tranzit qovşağı” TDT-nin böyük bir coğrafiyada müasir enerji obrazını formalaşmaqdadır. 3 qardaş ölkənin bərpa olunan enerji potensialları bölgədə yeni  “yaşıl” enerji dəhlizinin yaradılmasına zəmin yaradır və bu ölkələr Avropanı təmiz, etibarlı və sərfəli enerji ilə təmin edərək qitənin enerji keçidinin lokomotivinə çevrilə bilər. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əldə olunmuş razılaşmalar dünya birliyində bu türk dövlətlərinin mövqeyinin möhkəmlənməsi, Avropa ilə əlaqələrin güclənməsi üçün dərin təminat deməkdir.

ELBRUS 

Избранный
190
50
yeniazerbaycan.com

10Источники