Xaçmaz rayonunun Nabran qəsəbəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) “Təhsil” istirahət mərkəzinin yeni tikilən korpusu istifadəyə verilib.
Modern.az xəbər verir ki, açılışı olan üçmərtəbəli korpusda ümumilikdə 45 otaq var. Otaqlardan 12-si üç nəfərlik, 33-ü isə beş nəfərlikdir. Bütün otaqlar kondisioner, televizor və soyuducu ilə təchiz olunub.
Açılış mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, ATİAHİ RK-ya üzv təşkilatların rəhbərləri iştirak ediblər.
Yeni korpusla yanaşı istirahət mərkəzinin ərazisində tikilən müasir 2 kottec də istifadəyə verilib. Kotteclər ikimərtəbəlidir və hər kottec 10 nəfər üçün nəzərdə tutulub (ümumilikdə 20 nəfər). Kotteclərdə turistlərin rahat dincəlməsi üçün hər cür zəruri şərait yaradılıb.
Bunlardan başqa, istirahət mərkəzinin ərazisində turistlərin istirahəti üçün daha bir hovuz tikilib. İki hissədən ibarət olan hovuz böyüklər və uşaqlar üçün nəzərdə tutulub. Hovuz vaxtaşırı təmizlənib dərmanlanır, xlorlama və dezinfeksiya işləri aparılır. Həmçinin istirahət məkanının yeməkxanası və mətbəxi də yenidən təmir olunaraq genişləndirilib. İstirahətdə olanlar burada milli və Avropa mətbəxinin müxtəlif təamlarından dadırlar.
2013-cü ildə istifadəyə verilən “Təhsil” İstirahət Mərkəzi 10 hektardan artıq ərazini əhatə edir. Buraya yeni tikililərlə birlikdə üçmərtəbəli 3 yaşayış korpusu, kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol meydançaları, açıq və qapalı hovuzlar (ümumilikdə 3), ilkin tibbi yardım otağı, internet-klub, konfrans zalı və digər obyektlər daxildir. Mərkəzdə eyni vaxtda 800-ə yaxın şəxs istirahət edə bilir. Dörd tərəfdən meşə massivi ilə əhatə olunan istirahət mərkəzinin ərazisindən keçən çay və ərazinin biomüxtəlifliyinin qorunub saxlanması buranı istirahət üçün əlverişli məkana çevirir.