RU

Avropa İttifaqı Ermənistanı silahlandırır — 10 milyon avroluq dəstəyin DETALLARI

Avropa İttifaqı Şurasının qərarına əsasən, Avropa Sülh Fondu çərçivəsində Ermənistana 10 milyon avro hərbi yardım ayrılıb. Rəsmi Bakı haqlı olaraq, birtərəfli olan bu qərarı pisləyib. 

“Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək. 

Avropa İttifaqı Şurası tərəfindən verilmiş bu qərara qətiyyətlə etiraz edir, göstəriləcək yardım barədə şəffaf şəkildə məlumatın açıqlanacağını gözləyirik. Avropa İttifaqı bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə töhfə verən bu kimi addımlara son qoymalı, bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını anlamalıdır. Əks təqdirdə, Ermənistanın sabitliyi pozan hər hansı mümkün təxribatına görə Avropa İttifaqı da məsuliyyəti bölüşəcək” – Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə bildirib.



Bu qərarına əsas məqsədinin Ermənistanı silahlandırmaq olduğu və Cənubi Qafqazda sülh perspektivinə ciddi risklər yaratdığı sirr deyil. Əks təqdirdə, Aİ təkcə Ermənistana yox, Azərbaycana da maliyyə yardımı ayırardı. Bu gün minalardan əziyyət çəkən ölkə olaraq, Azərbaycanın belə dəstəyə daha çox ehtiyacı var, nəinki Ermənistanın.

Lakin hədəf başqadır. Qərb Cənubi Qafqazda Ermənistan üzərindən möhkəmlənmək və bölgədəki maraqlarını həyata keçirmək niyyətindədir. Bu məqsədlə Ermənistan ordusunun silahlandırılması prosesini həyata keçirir. Çünki KTMT-dən çıxmağa hazırlaşan rəsmi İrəvan Rusiyanın təhlükəsizlik çətirindən də imtina edir və görünür, Avropa Ermənistanda Moskvanı əvəz etməyi planlaşdırır.

Ayrılan 10 milyon avroluq yardımın aysberqin görünən tərəfi olduğu, həm də hərbi yardımların bundan sonra daha geniş şəkildə ediləcəyi sirr deyil. Nəticədə bölgənin yenidə hərbi eskalasiyalar meydanına çevriləcəyi istisna deyil.

Birincisi, Ermənistanın ordunu yenidən bərpa etmək və Azərbaycana qarşı təxribatlar törətmək niyyəti gizli deyil.

İkincisi, sərhəddə üstünlük qazanmaq və Azərbaycan ordusunun geri çəkilməsinə nail olmaq istəyən Ermənistanın bu yardımları məhz hərbi təcavüzlər planlarına sərf edəcəyi məlumdur.

Beləliklə, Cənubi Qafqazda sülh gündəliyi arxa plana keçir. Təbii ki, baş verə biləcək hərbi eskalasiyaların məsuliyyəti Ermənistan rəhbərliyinin və bu ölkəni silahlandıran Qərb ölkələrinin üzərinə düşür. Rəsmi Bakı bunu açıq şəkildə bəyan etdi. Bütün bunlar – Aİ-nin Ermənistanı silahlandırması Azərbaycanın Avropa ölkələri ilə münasibətlərini də sual altına salır.


Vasif Hüseynli
Demokrat.az
Избранный
106
50
demokrat.az

10Источники