RU

Ziya Məmmədovun qardaşının deputatlığa namizədliyi ləğv edildi - SƏBƏBLƏR

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında bir qrup seçicinin 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyi özü tərəfindən irəli sürülmüş sabiq deputat Elton Məmmədovun deputatlığa namizədliyinin təsdiqlənməsinin ləğv edilməsi üçün müraciətinə baxılıb.

Avtosfer.az xəbər verir ki, seçicilər müraciətlərində əmlakları barədə məlumatları gizlədən Elton Məmmədovun namizədliyinin ləğv olunmasını istəyiblər.

Məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib. O bildirib ki, bir çox çatışmazlıqlar, o cümlədən bir sıra əmlaklar barədə məlumatlar DSK-ya düzgün, tam təqdim edilməyib: “Biz burada məlumatların saxtalaşdırılması faktını çox aydın formada görürük. Məsələn, Bakıda sahəsi böyük olan mənzillər, qeyri-yaşayış sahələri göstərilməyib. Bu məlumatların gizlədilməsi saxtakarlıqdır. Eyni zamanda məsuliyyətə səbəb olur. Digər tərəfdən, şəxsi gəlirləri ilə bağlı araşdırma aparılarkən Elton Məmmədovun sahibkar kimi əldə etdiyi gəlirləri gizlətdiyi də üzə çıxıb. Həm əmlaklar, həm də gəlirlər barədə məlumatlar gizlədilib”.

Qeyd edilib ki, E. Məmmədovun namizədliyinin qeydə alınması üçün təqdim edilmiş imza vərəqlərindəki imzalar yenidən yoxlanılıb. İmzaların əksəriyyətinin saxta olduğu da üzə çıxıb.

Məsələ səsverməyə çıxarılıb, DSK-nın Elton Məmmədovun deputatlığa namizədliyinin təsdiqlənməsi barədə qərarı ləğv olunub.

Xatırladaq ki, Elton Məmmədov Milli Məclisin II, III və IV çağırış deputatı olub. O, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

(apa)

Избранный
53
24
avtosfer.az

10Источники