1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
31 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşatini qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı cari ilin 1 sentyabr tarixində Milli Məclisə növbədənkənar seçkiyə hazırlıq məsələləri və bu istiqamətdə beynəlxalq öhdəliklər müzakirə olunub.
Nazir bu ilin əvvəlində keçirilmiş prezident seçkisi kimi qarşıdan gələn seçkinin də azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə atılan addımlar, eləcə də beynəlxalq müşahidəçilərin seçkidə iştirakı ilə bağlı tədbirlər barədə qarşı tərəfə ətraflı məlumat verib.
Prezident seçkisindən sonra parlament seçkisinin də ilk dəfə olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərini əhatə etməsinin tarixi bir məqam olduğu vurğulanıb. Seçkinin qanunvericiliyin tələbləri əsasında, beynəlxalq standartlara tam cavab verən, yüksək səviyyədə təşkili üçün müvafiq şəraitin yaradıldığı qeyd olunub.
Bununla yanaşı, seçki müşahidə missiyalarının müvafiq qaydalara və mandatlarına uyğun olaraq seçkinin müşahidəsi prosesində obyektiv və qərəzsiz yanaşma tətbiq etməsinin zəruriliyi diqqətə çatdırılıb.
Missiyanın rəhbəri 1 avqust tarixində müşahidə missiyasının fəaliyyətə başlaması ilə bağlı mətbuat konfransının keçiriləcəyini qeyd edərək, növbəti 6 həftə ərzində missiya tərəfindən görüləcək işlərin xülasəsi barədə məlumat təqdim edib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.