RU

Qolqofaya gedən yol yolçuları və ya ətrafına yox, irəli bax!

Kino sənayesində yer tutmağa can atan insanların çoxu rejissor olmaq arzusundadır. Hətta bəzi qocaman və peşəkar artistlər də rejissor olmaq istəyirlər… Demək lazımdır ki, bu peşəni kinonun özü və ədəbiyyat çox romantikləşdirib. Tamaşaçılarda belə bir təsəvvür yaranır ki, rejissor demək olar ki, təkbaşına böyük şedevrlər yaradan qüdrətli “əjdaha”dır.

Bəli, rejissorların da arasında, çox az da olsa, “əjdahalar” var – amma onlar da filmlərini təkbaşına çəkməyiblər və ümumiyyətlə, film istehsalı bir fabrik olaraq bir nəfərin işi olmayıb, deyil və olmayacaq!

Bundan əlavə, rəvayətlərdən bildiyimiz kimi, hər bir əjdahanın ipi kiminsə əlində olur. “Rejissor əjdahalar”ın ipi isə bir deyil, bir sıra adamların əlindədir desəm, heç də yanılmaram. Bu ip, daha doğrusu, xalta, əlitüklü prodüserdən tutmuş incə barmaqlı ssenaristin əlinə qədər uzanır. Lakin bu evolyusiya vəsiləsində ən vacib halqa - İkinci rejissor və ya amerikanlıların dili ilə desək, AD (Assistant Director) amilidir! İkinci rejissorun unikallığı ondan ibarətdir ki, o, bir əlində rejissorun ipini tutursa, digər əli ilə çəkiliş meydançasında “birinci skripka” rolunu oynayır.

Bəli, mən səhv etmirəm - məhz o, çəkiliş meydançasında bütün prosesləri idarə edir və bütün film istehsalı iştirakçılarının işini koordinasiya edir.

Akif Rüstəmov Azərbaycanda adi ikinci rejissor olmayıb. Bu adam “Uşaqlığın son gecəsi”, “Sevil”, “Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud”, “Dərviş Parisi partladır”, “Babək”, “Nizami” kimi böyük filmləri istehsal edib, Tofiq Tağızadə, Həsən Seyidbəyli, Arif Babayev, Eldar Quliyev və Azərbaycan kinosunun digər “əjdahaları” ilə çalışıb. Mən “Qanlı Yanvar” filmini çəkəndə Eldar müəllim (Eldar Quliyev-müəllif) mənə ikinci rejissor vəzifəsinə məhz Akif müəlimi təklif etmişdi, amma çox heyif ki, o, digər filmdə çalışırdı, mən isə gözləyə bilməzdim! Mərhumlarımız məndən küsməzlər, in şa Allah, amma çəkdikləri bədii filmlərdə rejissor Tanrıdırsa, onların ibadət məbədi İkinci Rejissor, Akif Rüstəmov olub!

Nə deyim, Akif müəllimlə yanaşı mən onu seçən və Prezidentə təltif üçün təqdim edən adamı təbrik edirəm. Bilmirəm bu kimdir – amma onun çox gözəl zövqü var və başı kinodan çıxan adamdır.

Akif müəllimi isə, gec də olsa, amma axır ki, Qəhrəmanını tapan mükafatla təbrik edirəm! Bu qədər ssenariləri vaxtında vizuallaşdıran Akif müəllim bu alın yazısını da nəhayət ki, vizuallaşdırdı və biz bu günü gördük! Əziz və hörmətli Akif müəllim, çox yaşayın ki, mənim Sizinlə işləmək arzumu da birgə vizuallaşdıraq!

Burada mən dostum Rövşən İsaxın mükafatına keçməliyəm, lakin bir jurnalist kimi mövzudan-mövzuya keçmək üçün yaraşıqlı və tərəvətli keçid tapmalıyam…

Hmm…

Sözsüz ki, 2011-ci ildə çəkilən “Aktrisa” filmini görmüsünüz. Bu filmin rejissoru Rövşən İsax idisə, onun ikinci rejissoru da Akif müəllim Rüstəmov olub! Rövşəni də təltif etmək üçün daxili mədəniyyət və sənətə olan peşəkar yanaşmaya malik onurğa sümüyü olmalı idi. Şükür Allaha, o da tapıldı!

İnsanlar deyirlər ki, istənilən səhnəni milyon üsulla çəkmək olar. Mən razı deyiləm. Bu gün Azərbaycanda istənilən səhnəni ancaq iki cür çəkmək olar – ya Rövşən İsax kimi, ya da tamamilə səhv. Rövşəniin iri planda çəkdiyi səhnələrə baxanda kinonun və ümumiyyətlə, həyatın traqediyasını anlamaq çox asan olur, amma ümidvaram ki, həmin səhnələri Rövşən özü ümumi planla görəndə qarşısında məzəli bir komediya müşahidə edir. Traqikomediya…

Lap bizim Azərbaycan kinematoqrafiyasının mezanı kimi… Nə yaxşı ki, ildə 1 milion manata yaxın büdcəni qeyri-kino sahələrində dülgər məharəti ilə mişarlayan Azərbaycanın iki kino ittifaqı artistlik edəndə, Rövşən kimi sənətkarlar yerin dibindən, min bir əziyyətlə, qeyri-neft vəsaitlərini taparaq kino çəkirlər. Bu adları çəkilməyən kino ittifaqları kino çəkmək və ya festivallar keçirmək, və ya kinodan uzaqlaşan tamaşaçı kütləsini qaytarmaq yerinə yalnız ildə bir dəfə kino günündə bəzi qocaman sənət ustalarına mişarladığı büdcələrinin toz-yonqarından mükafat verirlər. Nə yazıq bir mənzərədir bu… Onların “becərdiyi” kino həvəskarları bu gün yalnız təyyarə yerə enəndə əl çalırlar və ya növbəti korefeyimiz həyatla vidalaşanda…

Amma Rövşən çəkir – siqaret çəkir, dərd çəkir, kino çəkir! Əhsən! Şadam ki, səninlə birgə işləmişik və şadam ki, varsan! Tanıdığım Rövşən – yenə də üzü küləyə!

P.S. Fürsətdən istifadə edərək 2024-cü ildə Azərbaycanda "Birlikdə" adlı yeganə bədii tammetrajlı film çəkən Fəxrəddin Manafovu da ad günü münasibəti ilə təbrik edirəm! 100 yaşa!

Избранный
53
anspress.com

1Источники