Misir Prezidenti Əbdülfəttah əs-Sisi və amerikalı həmkarı Cozef Bayden Qəzza zolağında atəşkəsin yaradılması üçün birgə işi davam etdirmək barədə razılığa gəliblər.
Paralel.az xəbər verir ki, onlar ABŞ tərəfinin təşəbbüsü ilə telefon danışığı aparıblar.
“Dövlət başçıları Qəzzada atəşkəs və iki dövlət prinsipinin həyata keçirilməsinə yönəlmiş birgə intensiv fəaliyyəti davam etdirmək barədə razılığa gəliblər. Məhz bu prinsip Yaxın Şərq regionunda yaşayan bütün xalqlar üçün sabitliyin əsas təminatçısı rolunu oynayır”, - Misir Prezidentinin rəsmi nümayəndəsi Əhməd Fəhmi feysbukdakı səhifəsində yazıb.
Əl-Sisi və Bayden söhbət zamanı həmçinin təsdiqləyiblər ki, onlar bölgədə vəziyyətin gərginləşməsini azaltmaq və təhlükəsiz mühiti bərpa etmək üçün hər cür səy göstərməyə davam edəcəklər.