"Dövlətimizin ən əsas məsələlərdən biri işğal altında olan torpaqlarımızın azad edilməsi olub. İkinci Qarabağ savaşı Azərbaycan Ordusunun qüdrətini, gücünü bir daha dünyaya təsdiq etdi. Bu gün işğaldan azad edilən torpaqlarda bərpa-quruculuq işləri gedir. Beləliklə, “Böyük Qayıdış” sürətlə davam edir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisinin deputatı Musa Quliyev bildirib.
Onun sözlərinə görə, dövlətimizi və cəmiyyətimizi maraqlandıran əsas məqamlardan biri azad olunmuş ərazilərdə aparılan işlərdir: "Torpaqlarımızın işğaldan azad olunması, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpa edilməsindən sonra Azərbaycan dovlətinin və xalqının həyatında yeni bir dövr başladı. Bu dövrün əsas parametrləri Qarabağın və Şərqi Zəngəzurun qısa müddət ərzində bərpa olunması, məcburi köçkünlərin ata-baba yurdlarına geri qaytarılmasıdır. Bir sözlə, 30 il işğalda qalan torpaqlarımızda cənnətin yaradılması, həyatın yenidən bərpa olunaraq öz axarına düşməsidir".
M.Quliyev vurğulayıb ki, bunun üçün lazim olan bütün hüquqi-təşkilati işlər görülüb. Ən əsası isə Qarabağa qayıdışla bağlı I Dövlət Proqramının qəbul olunması və icraya yönəldilməsi artıq günümüzün reallığıdır: “Bu gün Qarabağ və Şərqi Zəngəzur böyük bir tikinti meydanıdır. Azərbaycanın demək olar ki, bütün daxili siyasətinin ən prioritet istiqaməti bu sahəyə yönəldilib. Bu günə qədər dövlət büdcəsindən 16 milyard manatdan çox vəsait ayrılıb. Artıq demək olar ki, bütün Qarabağın və Şərqi Zəngəzurun şəhərlərinin və rayon mərkəzlərinin planları təsdiq olunub”.
Deputat eyni zamanda böyük quruculuq, abadlaşdırma işlərinin getdiyini, yolların cəkildiyini, körpülərin salındığını nəzərə çatdırıb. Vurğulayıb ki, artıq şəhərlərimiz vətəndaşları qəbul etməyə hazırdır. Bu il Füzuli və Laçın rayon mərkəzləri, Şuşa şəhəri öz sakinlərini qəbul edib. Bir sıra kənd və qəsəbələrimizdə də həyat öz axarı ilə davam edir. Ölkə Prezidentinin qarşıya qoyduğu məqsədə uyğun olaraq, bu ilin sonuna qədər 20-25 min insan öz yurduna geri qayıdacaq. 2026-cı ilə qədər isə 140 min vətəndaşımızın Qarabağa və Şərqi Zəngəzura qayıtması təmin ediləcək.
O bildirib ki, görülən işlərdə qonşu və dost dövlətlərin dəstəyi danılmazdı. Bu dəstək Prezident tərəfindən hər zaman yüksək qiymətləndirilir. İtaliyan, türk, çin sirkətləri quruculuq işlərinə qoşulub. Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın hədiyyə etdiyi məktəblər, Uşaq İnkişaf Mərkəzləri artıq fəaliyyət göstərir. Buna baxmayaraq, Azərbaycan dövləti əsas yükü öz çiyinlərində daşıyır.
Millət vəkilinin sözlərinə görə, dünya təcrübəsinə əsasən, hər hansı bir ölkənin torpaqları işğaldan azad olunursa, həmin ölkəyə beynəlxalq təşkilatlardan həm maddi, həm mənəvi, həm siyasi, hüquqi dəstək olur: "Təəssüf ki, biz beynəlxalq təşkilatlardan bu dəstəyi görmədik. Buna baxmayaraq, cənab Prezidentin rəhbərliyi altında biz öz işlərimizi davam edirik. İnanırıq ki, qısa müddət ərzində Qarabağda və Şərqi Zəngəzurda əsil cənnət yaradacayıq. 30 il ərzində xalqımıza və vətənimizə vurulan yaralar da sağalacaq”.
Gülnara Nəriman