RU

İranın İsrailə cavabı buna görə gecikir – SƏBƏB AÇIQLANDI

İranın İsrailə hücumu gözlənirkən cənub qonşu raket birləşmələrinin taktiki yerdəyişməsinə və orduda genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bu barədə “Voll Strit Jurnal” məlumat yayıb. Rəsmi Tehranın bu addımı HƏMAS lideri İsmail Haniyə və “Hizbullah”ın yüksək rütbəli rəsmisi Fuad Şükrün qətlinə görə qisas almaq məqsədilə atdığı bildirilib. 

ABŞ rəsmiləri isə hesab edir ki, İran və “Hizbullah” İsrailə daha gec zərbə endirmək qərarına gəlib və hücumu cümə axşamı, yaxud cümə günü həyata keçirə bilərlər. Bu barədə çərşənbə günü “Əl-Ərəbiyyə” telekanalı Amerika kəşfiyyatının məlumatları ilə tanış olan insanlara istinadən məlumat yayıb. Prezident Məsud Pezeşkianın isə hücumu təxirə salmaqla bağlı dini lider Əli Xomeneidən xahiş etdiyi iddia olunur.

Nə baş verir?

Tanınmış iranlı politoloq Sadiq Zibakəlam İranın İsraillə mümkün müharibəyə girəcəyi halda ölkəsinin aqibətindən danışıb: “Deyək ki, biz İsraillə müharibəyə başladıq, daha sonra ABŞ İsraili müdafiə üçün müharibəyə qarışdı, nə olacaq? Bizim bir sıra raketlərimiz var. Onları da İsrailə ataq, onun “Dəmir Günbəz”i isə ballistik raketlərimizin 80-90%-ni zərərsizləşdirəcək. Onlardan 10-15%-i isə tutaq ki, Təl-Əvivə və digər yerlərə düşəcək. Fərz edək ki, minə yaxın israilli, yüzlərlə amerikalı öldürüldü. Sonra isə sıra İsrail və ABŞ-a gələcək. Mən onların İranda bir dənə belə işıq dirəyi sağ qoyacağına inanmıram”.

Onun sözlərinə görə, İrana bir ABŞ əsgəri belə daxil ola bilməz, ancaq ölkədə hətta bir dənə işıq dirəyi sağ qoymazlar. İran da bunu bilir. Ekspert əlavə edib ki, İran uğursuzluğa düçar olsa, bu, rusların və çinlilərin xeyrinə olmayacaq, çünki İran hökuməti onlara bağlıdır.

Görünür, Moskva da bunun fərqində olduğundan Tehrana daha ehtiyatlı davranmağı və böyük eskalasiyaya getməməyi tövsiyə edib.

İran-İsrail savaşının hər an baş verə biləcəyi bildirilir. Tərəflər bir-birilərinə meydan oxuyurlar. Ancaq söz savaşı hələ ki meydan müharibəsinə keçməyib.

Əslində müharibə başlasa, bu, meydanda yox, göydə olacaq. Raketlər, dronlar işə düşəcək ki, bunun da nəticəsi ağır ola bilər.

Musavat.com-un məlumatına görə, “The Guardian” yazıb ki, İran HƏMAS liderinin öldürülməsinə görə İsrailə qarşı repressiyaları yenidən nəzərdən keçirə bilər.

Nəşr bildirir ki, digər müsəlman ölkələri Tehranın hərbi cavabını açıq şəkildə dəstəkləmir və daha məqsədyönlü hərəkət etmək ehtimalı var.

Bu arada İsrail rəsmiləri belə qənaətə gəliblər ki, Livanın “Hizbullah” silahlı qruplaşması İsrailin yüksək rütbəli komandir Fuad Şükrü öldürməsinə cavab olaraq yaxın bir neçə gün ərzində hücum həyata keçirməkdə qərarlıdır, lakin onun İranla nə dərəcədə koordinasiya edəcəyi bəlli deyil.

Belə nəticəyə gəlinir ki, İran mülki şəxsləri deyil, hücuma görə məsuliyyət daşıyanları, xüsusilə də Mossad və onun etibarlı nümayəndələrini hədəf almaq niyyətindədir.

Digər tərəfdən, İran hökumətində müharibə ilə bağlı fikir ayrılıqları var. Xüsusilə də prezident Pezeşkian müharibənin əleyhinədir və hesab edir ki, indiki vaxtda belə bir savaşın başladılması nə İran hökumətinin, nə də İran dövlətinin xeyrinə deyil.

İran kəşfiyyatının agentləri İsrailin təhlükəsizliyinə xələl gətirə biləcək tapşırıqları yerinə yetirmək üçün sosial şəbəkələrdə İsrail vətəndaşlarını əməkdaşlığa cəlb edirlər.

APA xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti İsrailin Baş Təhlükəsizlik Xidmətinə istinadən məlumat verib.

Məlumata görə, İsrail əks-kəşfiyyatı bir çox saxta hesab müəyyən edərək bu hesabları nəzarətə götürüb.

Bundan əlavə, Telegram qrup və kanallarında maraqlı və həyəcanlı iş təklif edən və onun həyata keçirilməsi üçün yüksək maaş vəd edən yazılar tapılıb. Nəşrin məlumatına görə, bu cür mesajlar alan israillilərin xeyli hissəsi cavab verməkdən çəkinib və bu barədə səlahiyyətli orqanlara məlumat verib.

“İran hazırda ölkənin hərbi-siyasi rəhbərliyinin elan etdiyi kimi, uyğun vaxt və məkanda cavab zərbəsi endirməyə hazırlaşır”.

Bu barədə erməni politoloq Aram Şahnazaryan deyib. O xatırladıb ki, İran prezidenti Məsud Pezeşkianla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Pezeşkian həmkarına deyib ki, müharibədən yayınmağı, dünyada sülh və təhlükəsizliyin bərqərar olmasını ölkəsinin əsas prinsiplərindən biri hesab edir, lakin maraqlarının və təhlükəsizliyinin pozulması halında susmamağı düşünür.

Pezeşkian və İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Xan deyir ki, İranın İsraildən qanuni müdafiə hüququ var. Və bəlkə də bu məntiqlə İran ölkənin şərq bölgələrində hava hücumundan müdafiəni gücləndirir.

Aram Şahnazaryan hesab edir ki, “Prezident Pezeşkyanın bəyanatına regionda vəziyyətin və gedən proseslərin ümumi fonunda baxmaq lazımdır. Son bir ildə İsrail açıq şəkildə təxribat və gərginlik səviyyəsini artırmağa çalışır. Məqsəd aydındır. İranı böyük regional müharibəyə cəlb etməyə cəhd edilir ki, bu da məntiqi olaraq ABŞ-ın, Qərbin və təbii ki, regionun digər ölkələrinin həmin müharibədə birbaşa iştirakını nəzərdə tutur.

Prezident Pezeşkian İranın İsraillə böyük, uzun və yorucu müharibəyə qarışmayacağını açıq şəkildə bildirib. Eyni zamanda o, aydınlaşdırıb ki, bu, İranın qisas almaq hüququndan imtina etməsi demək deyil.

Unudulmamalıdır ki, İslam Respublikası onilliklər ərzində müəyyən edib ki, onun təhlükəsizlik mühiti və suverenliyinin bütövlüyü qırmızı xətlərdir ki, ona qarşı ən kiçik bir müdaxilə belə adekvat və mütənasib cavab alacaq və bunun alternativi ola bilməz. Pezeşkiyanın bəyanatının ikinci hissəsi buna sübutdur.

Hücum, ümumiyyətlə, olmaya bilərmi? 

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi fövqəladə bir hadisə kimi bütün dünyaya səs saldı: “Məlum məsələdir ki, bu ölümün arxasında İsrail hökuməti dayanır. Hadisədən təxminən iki həftə öncə İsrail baş naziri Benyamin Netanyahu HƏMAS liderlərini hədələmişdi. Yəni ən azından belə bir hadisənin olacağının anonsu öncədən verilmişdi. Lakin belə bir hadisənin İranın paytaxtı Tehranda baş verəcəyini heç kim ağlına belə gətirə bilməzdi. Bu hadisənin İranda baş verməsi İran hakimiyyətinin üzünə vurulmuş sillədir və onun İran siyasi liderləri üçün açması belədir: “özünüzü yaxşı aparın, əks halda, hər birinizi evinizin içində beləcə məhv edərik”.

Ən son hərbi texnologiyalara sahib olan İsrailin hərbi gücü ilə İranın hərbi imkanları bir tərəzidə çəkilməyəcək qədər fərqlidir. Elə bu səbəbdən İsrail özünü yetərincə güvənli aparır və İrana xəbərdarlıq edir ki, əgər cavab verməyə qalxsanız, bu sizə baha başa gələcək.

Bir qədər öncə İranın İsrailə raket hücumu İran hərbisinin hansı səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi. Belə hərbi potensialla İsrailə qarşı nə etmək olar ki? İran hökuməti bunu yaxşı anlayır və bilir ki, İsrailə hücum edərsə, bunun bədəlini on dəfələrlə baha ödəməli olacaq. Bu səbəbdən də İranın İsrailə hücumla bağlı xəbərdarlıqdan uzağa getməyəcəyi bəllidir. Digər tərəfdən, ABŞ və Rusiya da İranın İsrailə cavab verməsini qətiyyən istəmirlər. Birləşmiş Ştatlar prezident seçkiləri öncəsi onun cəlb ediləcəyi yeni bir hərbi münaqişənin başlamasını qətiyyən istəmir və o səbəbdən baş vermiş hadisədən dərhal sonra İranı bir neçə dəfə İsrailə cavab verməkdən çəkindirən çağırışlar etdi. Çünki müharibə baş verərsə, ABŞ İsrailin yanında dayanıb onu müdafiə etməlidir. Rusiya isə İranla strateji müttəfiqliyin bir addımlığında ikən İranın vurulmasının əleyhinədir. Rusiya Dövlət Təhlükəsizlik Xidmətinin başçısı Sergey Şoyqunun İrana səfərinin də başlıca səbəbi İranı İsrailə cavab verməkdən daşındırmaq idi. Bütün bu dediklərimizə rəğmən İranla müharibəni İsrail təkidlə istəyir. İsrail hökumətinin və ilk növbədə baş nazir Benyamin Netanyahunun belə mövqedən çıxış etmələrinin bəlli səbəbləri var. Məlumdur ki, İran uzun illərdir ki, İsraili məhv edəcəyi ilə hədələyir və özünün nüvə silahı üzərində intensiv iş aparır. İsrail isə İranın nüvə silahına sahiblənməyə yaxın olduğuna dair artıq bir neçə ildir ki, ABŞ və AB rəsmlərinə xəbərdarlıq edir. İsrail hökuməti yaxşı başa düşür ki, İran nüvə silahına yiyələnərsə, ondan birinci İsrailə qarşı istifadə etməyə qalxacaq. Ona görə də İsrail hökuməti “əlini qana bulamışkən” başlatdığı müharibənin sonunda İranla hesablarını kəsmək istəyir”.

Sabiq nazir onu da qeyd etdi ki, Netanyahunu müharibəni davam etdirməyə vadar edən bir başqa səbəb isə onun şəxsi ilə bağlıdır: “Belə ki, Benyamin Netanyahu HƏMAS-ın İsrailə hücum edəcəyinə dair xüsusi xidmət orqanlarının öncədən ona təqdim etdikləri rəsmi xəbərdarlıqlara əhəmiyyət verməmiş və təbii ki, bu səbəbdən baş verəcək hücumun qarşısını almaq üçün lazımı təhlükəsizlik tədbirləri də görməmişdi. Nəticə isə hər kəsə bəllidir. HƏMAS-ın hücumu nəticəsində çoxsaylı itkilər və əsir götürülənlər oldu. Müharibə dayanarsa, İsraildə dərhal seçkilərin keçiriləcəyi qaçılmaz olacaqdır. Benyamin Netanyahu başlatdığı müharibədə xüsusi bir uğur qazanmasa bu seçkiləri uduzacaq və bundan sonra yeni hökumət dərhal onun barəsində cinayət işi başladacaq. O sorumludur. HƏMAS-ın hücum edəcəyini bilə-bilə nədən susmuş və nədən təhlükəsizlik tədbirləri almamışdı. Benyamin Netanyahuya bu sıradan olan suallara cavab vermək lazım gələcək. Ona görə baş nazir indi başlatdığı müharibədə xüsusi bir uğur qazanmağa çalışacaq ki, müharibədən sonrakı seçkiləri yüksək səviyyədə uda bilsin. Bu onun məsuliyyətdən yayınmasının yeganə yoludur…”

Избранный
104
50
editor.az

10Источники