Bu gün Abşeron rayonunun Mehdiabad qəsəbə qəbiristanlığında Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş 4 hərbçimizin nəşi dəfn olunub.
“Qafqazinfo” xəbər verir ki, araşdırmalar zamanı kimlikləri müəyənləşdirilən şəhidlərimizin (Elman Camalov, Əbülfəz Əbilov, Tahir Şirinov, Cavanşir Hüseynov) dəfn mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, rayonun hüquq-mühafizə orqanlarının və idarə-təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirtak edib.
Mərasimdə hərbi orkestrın müşayəti ilə Dövlət Himni səslənib, yaylım atəşi açılıb, dular oxunub. Sonra şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.
Dəfn mərasimində şəhid ailələri vurğulayıblar ki, hər zaman əzizlərinin məzarının və ziyarət yerlərinin olmasını arzulayıblar. Bu arzularına çatdıqlarına, şəhidlərinin nəşinin tapılaraq gətirilib dəfn edilməsinə və dövlətimiz tərəfindən şəhid ailələrinə daimi diqqət və qayğının göstərildiyinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, bu il aparılan araşdırmalar nəticəsində kimliyi məlum olan şəxslərdən 4 nəfərin - şəhid Camalov Elman Hüseyn oğlu (23.06.1970-26.01.1992), şəhid Əbilov Əbülfəz Əbülfət oğlu (12.02.1961-19.01.1994), şəhid Şirinov Tahir Şirin oğlu (23.08.1959-23.10.1993) və şəhid Hüseynov Cavanşir Ərşad oğlu (15.07.1960-23.10.1993) olduğu müəyyənləşib.