RU

Vaşinqton gəldi, sülh sazişi getdi?..

Bizim Azərbaycanda çox məşhur bir deyim var. Bəli, kimsə, necə deyərlər, özünü "çox yuxarıdan aparmağa” başlayanda belə söyləyirlər ki, bəs, filankəsin ayağı yer alıb!..

Bunu birdən niyə xatırladıq? Dəfələrlə yazmışıq ki, ABŞ-ın Cənubi Qafqazda, ən əsası da Bakı ilə İrəvan arasında sülh istəməsinə, hətta bu iki ölkə arasında tezliklə sülh sazişinin imzalanmasını nəinki arzulamasına, hətta buna çox ciddi çalışmasına həmişə inanmışıq və yaxud da ən azı özümüzü buna inandırmağa cəhd etmişik, çünki əgər Vaşinqtonda da anlamırlarsa ki, İrəvanın nəinki Moskvadan uzaqlaşması, hətta daha müstəqil olması üçün onun Bakı və Ankara ilə münasibətləri dəyəişməlidir, daha bizim buna sözümüz yoxdur və açıq deyirik ki, əgər belədirsə, biz təəccümüzü gizlətmirik – belə çıxır ki, bu dünyada daha heç nəyə və heç kimə ümid etməyə dəyməz.

Amma fakt budur ki, ABŞ Ermənistanda güclü şəkildə oturuşmağa, xüsusən də bu ölkədə hərbi iştirakını əvvəlki dövrlərlə müqayisədə xeyli artırmağa çalışır. 

Fəqət biz bunun Azərbaycan-Ermənistan münasibətlərində və danışıqlarında pozitiv əlamətlərini görmürük, əksinə yazının əvvəlində qeyd etdiyimiz kimi, ABŞ Ermənistanda gücləndikcə N.Paşinyan cənablarının, necə deəyrlər, "ayağı yer alır” – bəli, o, müxtəlif bəhanələrlə prosesi uzadır, guya ki, vaxt istəyir və indi də deyir ki, guya ona 2026-cı ilə qədər vaxt lazımdır! 

Halbuki imzalana biləcək sazişlə bağlı o qədər güzəşt olunub, o qədər ciddi və vacib məsələ onun konteksindən çıxarılıb ki, gələcək sazişin elə sözün əsl mənasında yalnız və yalnız çərçivələri qalıb – təsəvvür edin, pəncərəni tamam sökürsünüz və onun yalnız çərçivələrini saxlayırsınız! O, belə olan bir halda, kimə lazım ola bilər! "Çərçivə sazişi” tamam siyasi bəyanat da deyil axı!.. 

Biz Ermənistanla artıq bir dəfə, 2020-ci ildə belə bir bəyanat imzalamışıq və İrəvan demək olar ki, o, bəyanatın çox bəndinə hələ əməl etməyib!
Nə baş verir? Bilirsiniz, ermənilər ilk baxışda əhəmiyyətsiz görünə biləcək bir məsələdə - Minsk Qrupunun buraxılması kimi məsələdə də tamam nala-mıxa vururlar və bunu yalnız belə izah etmək olar ki, onlar da, onların Qərbdəki bəzi havadarları da (insafən, ABŞ bəzi "diplomatik şablonların” qalmasında qəti israr etmir. Bu günlərdə Dövlət Departamenti bəyan etdi ki, tərəflərlə istənilən formatda əməkdaşlıq etməyə hazırdırlar!) hələ də münaqişəni bitmiş hesab etmirlər! Bəli, məsələ məhz bundadır! Hər halda, bunun başqa bir yozumunu tapmaq mümkün deyil – üç diplomatik turisti hər dəfə qarşılayıb yedizdirmək, sonra da əzizləyərək yola salmaq kimin nəyinə lazımdır axı?

O ki qaldı ABŞ–ın Ermənistanda güclənməyə çalışmasına və İrəvanı silahlandırmasına, biz hələ də ümid edirik ki, bu, təkcə Vaşinqtonun haylarla xüsusi bağlılığının təzahürü deyil, onlar bunu həm də İrana görə edirlər, çünki Azərbaycan ərazisini İrana qarşı istifadə etmək üçün vermir, Gürcüstanla Qərb arasında isə indi soyuq küləklər əsir və bu yaxınlarda Tiflisdə səfərdə olan ABŞ senatorları etiraf etdilər ki, gürcü hakimiyyəti ABŞ və Avropa ilə münasibətləri yaxşılaşdırmaq üçün heç bir cəhd göstərmir! Elə gürcü baş naziri də bu günlərdə dedi ki, məsələn, Avropa İttifaqının Tiflislə üzvlüklə bağlı danışıqları nə vaxta planlaşdırdığı onları elə də maraqlandırmır! Yəni bu da o deməkdir ki, "Gürcü arzusu” Avropa İttifaqını və NATO-nu yox, hakimiyyəti seçir! 

Düzdür, hələ hər şey tamam itirilməyib – oktyabrda parlament seçkiləri olacaq və onda hər şey bir daha bilinəcək. Hələliksə ABŞ da, Aİ də Tiflislə bütün proqramlara "stop!” deyib. Bəli, məsələnin guya ki, tamam dramatik olmadığnı iddia edən təhlilçilər də var. Məsələn, bu günlərdə belə xəbərlər gəldi ki, guya, gürcü könüllüləri ukraynalıların tərəfində Kurskda vuruşurlar, amma daha heç kim bilmir ki, bu, onların öz təşəbbüsüdür, yoxsa gürcü hakimiyyətinin də bunda əli və ya razılığı var? Üstəlik, B.İvanişvilinin siyasi dəstəsi boslarının Rusiya hakimiyyəti və iqtisadi elitası ilə bütün ilişgilərini inkar edir! Bir sözlə, məsələ çox qəlizdir, görək, oktyabrda nə olacaq.

Ona görə də belə hesab edirik ki, ABŞ həm də buna görə Ermənistanda güclənməyə çalışır. Həm də ona ümid edirik ki, Vaşinqton keçmiş post –sovet məkanında ikinci cəbhə açmayacaq, ən əsası da, rəsmi İrəvanın və eləcə də elə ABŞ-ın keçirdiyi sorğularda Nikol Paşinyanın konstitusiya planarına cəmi üç faizlə dəstək verən (deməli, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının "əsas qanunlar”lardan çıxarılmasını istəməyən!) hayların "böyük Ermənistan” xülyasına uymayacaq və ən azı növbəti ABŞ prezidenti keçmiş prezidentlərdən biri – Harri Trumen kimi "böyük Ermənistan”nın "xəritə”sini kabinetində asaraq (hər halda, belə deyilir və yazılır!) onun qarşısında xəyallara dalmayacaq...

Hüseynbala Səlimov
Избранный
127
2
qaynarinfo.az

3Источники