"Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun !
Prezident İlham Əliyev
Gəldiyim qənaət belədir: – Hər bir ölkənin döyüş qüdrəti onun şücaətli generalları ilə ölçülür, qarşılıqlı olaraq generallar da Vətənə xidmət çərçivəsizliyində seçilirlər. Kim isə məndən general sözünün sinonimi soruşsa, düşünmədən söyləyərəm: vətənə əvəzsiz xidmət.
Təsadüfi deyil ki, çoxları Vətən sevgisini bir ölkənin sərhəd bütövlüyünə münasibət baxımından anlayır, halbuki nəfəs aldığımız hava, içdiyimiz su, istifadəsinə yaradığımız, ehtiyacımızı ödədiyimiz istənilən proses, vasitəli, ya vasitəsiz, həmvətənlərlə şərikli olduğumuz hər hansı hadisə vətəndir!
Əgər Silahlı Qüvvələr sərhədləri xaricdən qoruyursa, polis ölkənin daxili müvazinətini stabil saxlayır. Hərbiçilərin uğur və səlnamələrindən hamı xəbərdar olsa da, polis əməkdaşlarının rəşadəti, əsasən, cəmiyyətə açıqlanmır. Elə uyğun səbəbdən də polis haqqında müvafiq düşüncələrimi oxucularla paylaşmaq qərarına gəlmişəm.
Polisdən söz açıb polis generalından bəhs etməmək ona bənzəyər ki, ağacın meyvəsindən danışarkən onun təsnifatını unudasan. Daha dəqiq söyləsəm, mövzunu qələmə almağımın digər səbəbi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis idarəsində ayrı-ayrı ali rütbəli zabitlərin qəbulundan duyduğum məmnunluq hissidir.
Yanından sakitcə ötüşə bilmədiyim başqa hekayətlər də var, məsələn, son iki ayda – iyun, iyul, 2024 – xidməti vəzifəsini yerinə yetirərkən qətlə yetirilmiş polislərin natamam taleyi... Bu kimi hadisələrin qürurverici tərəfi, istər-istəməz, insanın yadına ümummilli liderimiz Heydər Əliyevin məşhur kəlamını salır: “Qanı tökülən, döyüşlərdə qəhrəmanlıq göstərən gənclər müstəqil Azərbaycanın tərəqqisi və inkişafı uğrunda vuruşur və şəhid olurlar”.
Unutmaq lazım deyil ki, hərbi qüvvələrdən fərqli olaraq polis sülh şəraitdə də döyüşür.
1990-1993-cü illər idi. Bakı şəhərinin Rayon Polis idarələrindən birində müqavilə ilə kompyuter işi görürdüm. Bir dəfə təsadüfən səyyar radioqəbuledici vasitəsilə hansısa əməliyyatın izləndiyinin şahidi oldum. O zaman efirdən dinlədiyim tanıdığım, tanımadığım qarmaqarışıq səslər mənə əsl döyüş səhnəsini xatırlatdı.
Polis kimdir? O, hər hansı bədbəxtlik üz verəndə yanımızda gördüyümüz ilk kəsdir. Kənardan baxanda belə düşünülə bilər ki, polislərin hamısı eyni funksiyanı həyata keçirir, həqiqətdə isə belə deyil, bu dövlət xidməti sisteminin sıraları ixtisas zənginliyilə doludur. Məsələnin mühüm cəhəti ondan ibarətdir ki, hər kəs məsul olduğu hadisəyə, polis məsul olmadığı məsələyə görə də özünü cavabdeh hesab edir. O, vətəndaşı olduğu ölkənin alternativsiz olaraq qoruyucu qüvvəsidir və öz bərpaedici vəzifəsinin köməyilə qanun pozuntusunun qarşısını alır.
Əlbəttə, polisin üzərində yalnız belə bir öhdəlik yoxdur ki, bəd əməllərə, niyyətlərə meyil etmənin kökünü kəssin, onlar, həm də sadəcə, haqsızlığa səbəb olan hər hansı mümkün motivə qarşı labüd cəza şəklində daha güclü motiv nümayiş etdirərək pozulmuş hüquqları müdafiə edirlər.
Hüquq ədalətsizliyə məruz qalmanın fonunda meydana çıxır və bildiyimiz kimi, bütün əməllər ədalətli və ədalətsiz olmaqla iki yerə ayrılır. Hər iki əməl gerçək dünyanın hadisələrinə aiddir, lakin məsələ ədalətli, yaxud ədalətsiz olmaqdan daha çox onlar arasındakı sərhəddin dəqiq müəyyənləşdirilməsidir ki, icraçıdan yüksək intellekt, böyük vicdan tələb edir.
Bəşər əhli qanundan kənara çıxmamaq üçün birinci növbədə özü-özüylə razılığa gəlməlidir. Özü-özüylə razılığa gəlmək qabiliyyəti birinciləri bütün neqativ əməllərdən, həyatın öldürücü darıxdırıcılığından, sükutundan qoruyur. Cani özü ilə razılığa gəlməyi bacarmadığından cinayətə əl atır, hüquq-mühafizə orqanları cinayətkarı özü ilə razılığa gətirmək üçün islah olmağa məcbur edir, deməli polis insanla onun özü arasında vacib körpünün yaradılmasına təşəbbüs göstərən ən mühüm orqanlardan biri və birincisidir.
İnsanlar bir məsələnin əsl mahiyyətini bilməyəndə onu icra etməkdə çətinlik çəkirlər. Hadisənin əhəmiyyəti nə qədər böyük olursa, həyəcanverici əndişəsi də o qədər güclənir. Ayrı-ayrı şəxslərin timsalında bu kimi məsələlər qeyri-müəyyən vaxtdan bir baş verirsə, polislər uyğun çətinliyi gündə neçə dəfə yaşayırlar. Onlar əksəriyyətin rahatlığını öz rahatsızlıqları bahasına təmin edir, hətta məqamı gələndə, yuxarıda qeyd etdiyimiz kimi, canlarını qurban verirlər.
Polisin fəaliyyətini öz üslübumla şərh etməkdə məqsədim təkcə yerli orqanlar tərəfindən pozulmuş hüququmun polis generallarının göstərişilə bərpaedilməsi məsələsi deyil, həm düşünülmüş mərhəmət hissinin insan qəlbinə yol tapan gizli empatiyası, həm də qanunların aliliyinə qarşı onların məndə oyatdıqları rəğbət duyğusudur.
Həyatda sağ olan hər kəsin həmişə mərhəmətə ehtiyacı var, mərhəmət duyğusu öz növbəsində insanın varlığı hiss etmək xüsusiyyətindən irəli gəlir. Müəyyən bir cəmiyyətə başçılıq edən Şəxsin böyük keyfiyyətlərindən biri də mərhəmət hissidir, çünki xislət etibarıyla zəif insan haqlı etiraza belə çətinliklə taqət gətirir.
Mərhəməti mərhəmət umduğum yerlərdə deyil, tamam başqa bir ünvanda tapanda həll edə bilmədiyimə görə yaşadığım çətinliyin vahiməsi kölgədə qaldı. Bütün ömrünü cinayət və cinayətkarın islahına həsr etmiş ali rütbəli polis zabitinin ləyaqətdən irəli gələn yüksək ehtiramla şikayətçini – məni dinləməsi həyatı yeni məzmunda dərk etməyimə stimul oldu və öz-özümə pıçıldadım: – Dünyanın gedişatını düzgün qiymətləndirməyi bacarmayan, fərdi yanaşma prinsipindən yararlanmayan heç kəs rəhbərlik eləyə bilməz.
Fərdi yanaşma prinsipi deyərkən ağlımıza ilk gələn şagirdlərin təlim, tərbiyə, bilik və bacarıqlarının formalaşması məsələsi olur, lakin bu üsulun yaradıcı xüsusiyəti digər hüquq-mühafizə orqanları ilə birlikdə, hətta da onlardan daha üstün şəkildə Polisin payına düşür. Cinayətin növündən, ağırlıq dərəcəsindən, şəraitindən asılı olaraq onların cani ilə davranış formaları da fərdi və fərqli olur.
Təsadüfi deyil ki, ulu öndər H. Əliyev buyurur: – Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir.
Bu sadalanan keyfiyyətlər içində ən mühüm rolu təcrübə oynayır, çünki özünün seçim istiqamətini və inkişaf tempini bilik şəklində əvvəlcədən müəyyən etmək insanın imkanı xaricindədir. Nəzərə alsaq ki, insanın daxili mahiyyətindən qaynaqlanan mücərrəd prosesi, yəni düzgün istiqamət seçiminin özünü də ixtiyari təyin etmək şəxsin imkanı xaricindədir, o zaman polis generallarının keçdiyi həyat yoluna ancaq qibtə etmək olar. Onlar təcrübənin iyearxik inkişafı nəticəsində öz əməlləri üzərində yüksələrək tarixi fenomenə çevrilirlər. Bu mənada ölkə daxilində həyata keçirilən konstitusiya və yaxud məcəllə qanunlarının icra mexanizmi məhz ali rütbəli zabitlərin timsalında ümumbəşəri ideyalara yol açır.
Məqaləni yazdığım ərəfədə bir neçə gün polis və generallar haqqında araşdırmalar aparmağım onların barəsində ayrı-ayrı ölkələrdə formalaşan neqativ fikirlərdən təəssüf hissi keçirməyimə səbəb oldu və qeyri-ixtiyar üzümü sonunculara tutub soruşmaq istədim: – Görəsən, polis olmasaydı, bəşər əhli bir gün, hətta öz evində rahat yaşaya bilərdimi?!
Çoxillik həyat təcrübəmdən bilirəm ki, müxtəlif proseslərin tənzimlənmə Baş idarələrindən fərqli olaraq polis istənilən məsələdə ölkə vətəndaşlarının taleyinə iki qat məsuliyyətlə yanaşır. Onun xidməti vəzifəsinin leytmotivinimilli ideologiyaya söykənən vətənpərvərlik fəaliyyəti təşkil edir.
Azərbaycan polisinin keçdiyi tarixi yolu müəyyən amplitutada nəzərdən keçirməyim
V. Basnerin M. Matusovskinin sözlərinə bəstələdiyi və Mark Bernesin ifasında dinlədiyim min doqquz yüz altmış səkkizinci ilin ən məşhur nəğməsiniyada saldı: “Hardan başlayır Vətən?”
Bu sualın cavabları çoxdur, hamısını əsaslandırmadan da həqiqət adlandırmaq mümkündür, çünki vətən mücərrəd anlayış olduğuna görə onu hər kəs öz dərketmə qabiliyyətinin hüdudlarına uyğun olaraq başa düşür. Kiminə görə o, anadır, kiminə görə torpaqdır, digərinə görə toxunulmaz ərazidir.Vətən, həm də namusumuzdur, doğulduğumuz yerdir, vətəndaşlığını daşıdığımız ölkədir.Kimin onu necə başa düşməsindən və ya sevməsindən asılı olmayaraq Vətəni qorumaqmissiyası ilk növbədə polisin üzərinə məsuliyyət mükəlləfiyyəti qoyur. Birinci Qarabağ müharibəsinin başlanğıc aylarında ermənilərə qarşı ön cəbhədə döyüşənlərin – şəhid və yaralananların çox hissəsinin polis olması buna əyani sübutdur.
Ulu Öndərin “Azərbaycanın hər bir vətəndaşı dövlət üçün əzizdir” cümləsi, başqa sözlə, o deməkdir ki, cəmiyyətin dəyəri ayrı-ayrı fərdlərin rifahı üçün yaradılan imkanlara görə ölçülür. Bu fikir sahədə qalan pambığın qədərini bilməkdən ötrü bir kvadtrat metrdən yığılan məhsulun ərazinin ümumi ölçüsü ilə hasilinin tapılmasına bənzəsə də, böyük həqiqətdir! Çünki həmin fərdlərdən biri olan mən hüquqlarımın pozulması nəticəsində son vaxtlar, özümü köməksiz, müdafiəsiz hiss edirdim, məhz polis generalının timsalında, müharibənin dayandırılması haqqında xoş xəbər almış döyüşçü misalı, daxili hüzura qovuşdum və sual etdim:
– Əgər insan illərlə şərti pozulan hüquqlarının bəxş etdiyi güvənsizlik ağrısını bir polis generalının timsalında onun: “Hər kəsin yaşamaq hüququ qanunla qorunur”, – deyə səsləndirdiyi müqəddiməni dinləməklə unudursa, bunu başqaları niyə etməsin?”
Nə gizlədim, bu ilin may ayında Bakı Şəhər Baş Polis idarəsində qəbulunda olduğum polis general-mayorunun xidməti otağından çıxandan sonra qaranlığa yadırğamış düşüncəm bir az da işıqlandı, iradəsiz idrak məni məhz həmin anlar üçün xarakterik olan xoşbəxtliyin üfüqlərinə doğru yüksəltdi.
Xoşbəxtlik demişkən... sən demə, polis “insanın insanlıqdan böyük vəzifəsi yoxdur” prinsipinə söykənərək sağlamlığın, ədalətin, azadlığın, maddi rifahın qorunması işinə xidmət göstərməklə xoşbəxtliyin də keşiyini çəkirmiş.
Ən kiçik almanın diametrilə ən böyük astroidin diametri eyni həndəsi xassələrə malikdir, eləcə də, insanlıq hamıda eyni funksiyanı yerinə yetirir. Rəftarın süniləşdirilməsinə ehtiyac duyulmayan məqamlarda ilk nəzərə çarpan məsul tərəfin davranışıdır. Bu zaman insan öz ixtiyarına buraxılaraq daxili mahiyyətin dili ilə danışır. Daxili mahiyyətin dili ilə danışan istənilən məmur artıq daşıdığı rütbənin müqəddəsliyinə ən yüksək dəyəri özü vermiş olur. Ən başlıcası, hüquqi problemlərin həllinə göstərdikləri xüsusi səy, “tərəzinin üstündən keçməmək” prinsipilə polis məmurları dövlətin və fərdin qarşılıqlı məsuliyyətini əyani şəkildə təsdiqləmiş olurlar. Azərbaycan Polisinə işıqlı sabahlar diləyilə.
Göyərçin Kərimi
AYB-nin üzvü