Azərbaycanın minifutbol üzrə U-23 millisinin baş məşqçisi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, yığma Rəcəb Fərəczadəyə tapşırılıb.
Mütəxəssis oktyabrın 7-10-u aralığında Xorvatiyada keçiriləcək dünya çempionatında komandaya rəhbərlik edəcək.
R.Fərəczadənin köməkçiləri Tural Nərimanov və Natiq Kərimi təyin olunub.
“Ölkəmizi dünya çempionatında layiqincə təmsil etməyə çalışacağıq” - bunu "report"a açıqlamasında Rəcəb Fərəczadə deyib.
Bu posta yeni təyinat alan mütəxəssis hər kəs üçün yığmada işləməyin önəmli olduğunu bildirib:
"Federasiyadan təklif gəldi. Böyük məmnuniyyətlə qəbul etdim. Ümid edirəm ki, etimadlarını doğruldacağam".
O, oktyabrın 7-10-u aralığında Xorvatiyada keçiriləcək dünya çempionatı barədə fikirlərini bölüşüb və komandanın formalaşdırılmasından söz açıb:
"Tanıdığım uşaqlardan iki və ya üçü minifutbol çempionatında iştirak edir. Digərləri böyük futboldandır.
Təxminən 10 gün ərzində seçim etdik. Baxışa 60-70 uşaq gəlmişdi.
Hələlik onlardan 15-ni seçmişik. Futzal çempionatından 1-2 nəfər gəlmişdi.
U-19 yığmasından da var idi. Amma yaş fərqi öz sözünü deyir. 19 yaşlı ilə 23 yaşlı oyunçu arasında fiziki cəhətdən fərq çoxdur.
Bir futzalçı bəyənmişdim, "Neftçi"də çıxış etdiyindən məşqlərə gələ bilməyəcəyini dedi. Mən də elə oyunçunu yarışa apara bilmərəm".
R.Fərəczadə dünya çempionatı barədə fikirlərini bölüşüb:
"Seçimlərdə səhvə yol verə bilərəm. 3-4 məşqdən sonra qərar verilib.
Futbolçular yorğun və həyəcanlı gələ bilərlər. Vaxtımız az olduğu üçün tez qərar verməliydik.
Dünya çempionatı mənim üçün maraqlı olacaq. Rəqibləri tanımıram. İnternetdə heç bir məlumat tapa bilmirəm.
Bir ay vaxtımız var. Yaxşı hazırlaşmağa çalışacağıq. Ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq".
Dünya çempionatında Azərbaycanla yanaşı, Xorvatiya, Kolumbiya, Yaponiya, İngiltərə, Çexiya, Slovakiya, Serbiya, Misir, Hindistan, İraq və Mavritaniya milliləri mübarizə aparacaq.