AZ

Almaniyada Bundestaq seçkiləri olacaq - Azərbaycanlılar kimi dəstəkləyir?

Almaniyanın Prezident ofisi Bundestaq seçkilərinin tarixini açıqlayıb. Ofisin məlumatında bildirilib ki, Bundestaqa (parlament) seçkilər 2025-ci il sentyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, Bundestaq baş naziri həftələr və bəzən aylarla davam edən koalisiya danışıqlarından sonra seçir.

Maraqlıdır, Almaniyada yaşayan soydaşlarımız hansı siyasi partiyaya rəğbət bəsləyir? Azərbaycanlılar arasından namizədlər olacaq?

Məsələ ilə bağlı Modern.az-a danışan Almaniyanın Zaxhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Cəmiyyətinin sədri Yaşar Niftəliyev bildirib ki, soydaşlarımız əsas siyasi partiyalara dəstək verirlər:

“Partiya üzvü olan həmvətənlərimiz var. Onlar əsasən aparıcı partiyalara üzvdürlər. Tək-tük azərbaycanlılar Yaşıllar Partiyasına üzvdürlər. Soydaşlarımız arasından hələ ki namizədliyini verən bir nəfər də yoxdur. Şəxsən mən Sosial Demokrat Partiyaya üstünlük verirəm”.
 

Yaşar Niftəliyev gənclərin partiyalara üzvlüyü ilə bağlı işlər aparıldığını deyib:
 

“Hazırda Almaniyada lobbiçilik fəaliyyəti çox sürətlə inkişaf edir. Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən "Azərbaycan ev"inin, anadilli məktəblərin, idman zallarının açılmasına, azərbaycanlıların birləşməsinə çalışılır. Burada yaşayan gənclərdən yaxın 5 ildə nəsə gözləyirəm. Gənclərimizin 80 faizi universitet tələbələridir. Biz də gənclərimizin partiyalara üzv olmalarına köməklik etmək üzərində çalışırıq. Belə hesab edirəm ki, gələcəkləri parlaq olmalıdır”.
 

Y.Niftəliyev hələ ki türklərdən də namizədlərin olmadığını, lakin belə namizədlər olacağı təqdirdə azərbaycanlıların onlara səs verəcəyini qeyd edib:
 

“Bizimkilərdən namizədlərin olub-olmayacağını sözün düzü deyə bilmərəm. Lakin türklərdən namizədliyini verənlər ola bilər. Adı yadımdan çıxıb, 10-15 il bundan qabaq türklərdən namizəd olmuşdu. Namizəd ola biləcək alimlərimiz, həkimlərimiz var. Amma inanmıram ki, o yerləri bizə verələr. Ona görə ki, biz hələ burada artmalıyıq. Lobbiçiliyi gücləndirməliyik. Belə götürəndə azərbaycanlılar Almaniyanın 0,1 faizini təşkil edir. Hələlik namizədlər arasında türklərdən də kimisə görmürəm. Amma əlbəttə, türk namizədlər olsa, biz onları dəstəkləyəcəyik. Başqa kimi dəstəkləməliyik...”.

Seçilən
207
50
modern.az

10Mənbələr