AZ

Əli Məsimli seçicilərə müraciət etdi 

113 saylı Qax-Şəki seçki dairəsindən VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Məsimli Əli Əhməd oğlunun seçki qərargahı müraciət yayıb.

 

Modern.az müraciəti təqdim edir:

 

 Hörmətli seçicilər 

 

İnsan həyatında bir ömrə bərabər anlar olduğu kimi, xalqların və dövlətlərin də tarixində əsrlərə bərabər anlar olur. 30 ilə yaxın düşmən işğalında olan tarixi torpaqlarımızı azad edəndə hər birimiz bir ömrə bərabər anlar yaşamaqla, həm də birgə tariximizdə əsrlərə bərabər şanlı səhifələr yaratdıq.

       

Bu şanlı ZƏFƏR -də milli həmrəyliyimiz, xalqımızın Ali Baş Komandan ətrafında yumruq kimi birləşməsi, Azərbaycan əsgərinin vətənpərvərliyi ilə intellektual müharibənin effektiv kombinasiyasına nail olunması həlledici rol oynadı. Azərbaycan xalqınının qalib xalqa çevrilməsi yolunda canlarından keçmiş, rəşadət, şərəf və igidlik rəmzimiz olan bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan onlara rəhmə diləyirik. Vətən naminə hərbi əməliyyatlar zamanı sağlamlıqlarını itirmiş qazilərimizə Tanrıdan şəfa diləyirik.

       

Azərbaycan İkinci Qarabağ müharibəsindən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxıb və regionda keyfiyyətcə tamamilə yeni situasiya yaradıb. Ermənistanın xarabazara və hər qarışı minalanmış döyüş meydanına çevirdiyi Qarabağı tikinti meydanına, sülh və əməkdaşlıq arenasına çevirə bildik. Bu istiqamətdə çox modern və perspektivli layihələr həyata keçirilməyə başlanılıb və proseslər Azərbaycanın xeyrinə inkişaf edir. Azərbaycanın bu tarixi qələbəsini, qələbə nəticəsində yaranan yeni reallıqlıqları və işğaldan azad edilmiş ərazilərdə həyata keçirməyə başladığı layihələri dəstəkləyənlərlə yanaşı, onu həzm etməyənlər də az deyil. 

       

Dünyada gedən yeni meyllər yeni reallıqlar ortaya çıxarır. Yeni reallıqlar isə öz növbəsində yeni çağırışları diktə edir. Yeni çağırışların diktə etdiyi vəzifələri artıq əvvəlki dövrün yanaşmalarının köməyi ilə həll edib, müasir dövrün tələblərinə cavab verən səviyyədə nəticə əldə etmək mümkün deyil. Belə vəziyyətdə biz hərbi sahədə olduğu kimi, iqtisadiyyatda, elmdə, təhsildə və digər sahələrdə də rəqabətqabiliyyətli olmalıyıq.

       

Ona görə də Azərbaycan mühüm dəyişikliklər ərəfəsindədir. Bu yeni mərhələyə keçid cəmiyyət həyatının bütün sahələrində yeniləşməyə xidmət edən davamlı islahatlar tələb edir. Azərbaycan islahatlar yolu ilə çox həssas bir dönəmdən keçməkdədir. Bu yeni mərhələ həm də çağdaş tariximizin növbəti “qum saatı”-dır. Çünki, hazırki məqamda islahatlarda zaman itkisi onun effektliyini azalda bilər. İslahatları təkamül yolu ilə ölçülüb-biçilmiş, sonacan düşünülmüş addımlarla sürətlə həyata keçirmək tələb olunur. Bu kontekstdə hakimiyyətin qanunverici qanadının- parlamentin də rolunun artırılması, yeni mərhələnin hədəf və çağırışlarına uyğun, çevik və peşəkar kadrlardan formalaşması obyektiv tələbata çevrilib.

       

Deputatın fəaliyyətində 3 istiqamət əsas yer tutur: 

       

Birincisi, qanun yaradıcılığı.Yeni qanun layihələrinin hazırlanması və Milli Məclisə təqdim olunan qanun layihələrinin,eləcə də mövcud qanunların təkmilləşdirilməsi.

     

Bu sahədə bizim namizədin aktivində xeyli vacib nəticələr var. Əli Məsimli parlamentdəki fəaliyyəti dövründə bir sıra proqram, qanun layihələri və Təkliflər Paketləri hazırlayıb dövlət orqanlarına təqdim etmişdir, eləcə də qanunvericilik sənədlərinin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmişdir. O, “Yeni Kurs: Azərbaycanın İnnovasiyalı İnkişaf Proqramının Konsepsiyası”, “Şəkinin 2011-2020-ci illər üzrə inkişaf proqramı”, “Sovet dövründən qalma əmanətlərin qaytarılmasına dair Təkliflər Paketi”, “Xarici valyutada olan kreditlərə görə güzəştlərin edilməsinə dair “Təkliflər Paketi”,“Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlayıb aidiyyatı instansiyalara təqdim etmişdir. Həmmüəllifi olduğu “Reklam haqqında Azərbaycan Respublikasının Qanunu” Milli Məclis tərəfindən qəbul edilmişdir.

         

İkinci istiqamət seçicilərlə iş və onların hüquqlarının müdafiəsidir.

         

Seçki kompaniyasında bəzi namizədlər deputatların səlahiyyətlərinə daxil olmayan, həlli icra strukturlarının birbaşa səlahiyyətinə aid olan məsələlərə dair vədlər verirlər. Bildiyiniz kimi, hər seçkidə namizədlər seçicilərə yaşayış məntəqəsinə qaz çəkdirəcəyi, məktəb, xəstəxana tikdirəcəklərinə, yol, körpü salacaqlarına dair vədlər verirlər. Hansı ki, bu vəzifələr birbaşa icra sturukturlarının, bələdiyyələrin və digər dövlət qurumlarının səlahiyyətinə daxildir. Belə yalançı vədlərə inanmayın.

 

Əli Məsimli seçicilərlə görüşlərində belə vədlərin reallıqdan uzaq olduğunu qeyd etməklə yanaşı seçicilərin qaldırdığı məsələləri aidiyyatı orqanların diqqətinə çatdırmağın və onların həllinin sürətləndirilməsi istiqamətində səy göstərməyin deputatın borcu olduğunu bildirmişdir.

         

Üçüncü istiqamət beynəlxalq müstəvidə fəaliyyətdir.

           

Əli Məsimli Azərbaycan Vyetnam parlamentlərarası dostluq qurupunun rəhbəridir. O, beynəlxalq tədbirlərdə Azərbaycanı yüksək səviyyədə təmsil edir və e GUAM Parlament Assambleyası xətti ilə Baltik Assambleyası, Benelüks, Şimali Avropa, Vişeqrad qrupu və sair regional təşkilatlara daxil olan ölkələrinin parlament üzvləri ilə daha çox əlaqədə işləyən deputatlardan biridir.

 

           

Əli Məsimli platformasında ona etimad göstəriləcəyi halda nələri edəcəyini geniş şəkildə göstərilmişdir.O, qeyd etmişdir ki, etimad gğstərildiyi halda əvvəllər olduğu kimi yenə də qanun yaradıcılığı prosesində fəal iştirak edəcək, hüquqlarınızı daim müdafiə edəcək, sizlərlə davamlı olaraq görüşlər keçirəcək, müraciətlərinizi yazılı və şifahi şəkildə aidiyyatı orqamlara çatdıracaq və müsbət həllinə nail olmaqdan ötrü əlindən gələni əsirgəməyəcək, daim mətbuatla təmasda olacaq, ölkədə baş verən ictimai-siyasi proseslərə dövlətçilik təfəkkürü prizmasından münasibət bildirəcək, beynəlxalq aləmdə Azərbaycanı layiqıncə təmsil edcəkdir.

 

Əziz seçicilər, təqdim etdiyimiz Platformadan göründüyü kimi, biz Sizin problemlərinizi və onların həlli yollarını yaxşı bilirik. 

 

Siz dəstək versəniz, hazırkı islahatların yaratdığı imkanlardan istifadə edərək sizin mənafelərinizin müdafəsi istiqamətində daha çox iş görə biləcəyik.

         

Seçicilərin hüquqlarını qorumaq, problemlərinin həllinə yardımçı olmaq bizim birbaşa vəzifəmizdir. Bu baxımdan bizim borcumuz-seçicilərin timsalında xalqa xidmət etməkdir. Biz sizə inam və imanla xidmət edirik. İndi söz sizindi: Dəstək sizdən-xidmət bizdən!

         

Əziz seçicilər, bu gün seçkiqabağı təbliğat-təşviqat kompaniyasının sonuncu günüdür. Bu andan etibarən Əli Məsimlinin seçki qərargahı olaraq hər cür təbliğat fəaliyyətini dayandırırıq. 

Hər birinizi sentyabır ayının 1-də parlament seçkilərində fəal iştirak etməyə çağırırıq.

Seçilən
154
50
modern.az

10Mənbələr