AZ

BDU-105: Milli bioloqların yetişdirilməsində əvəzsiz xidmətlər göstərən Biologiya fakültəsi - FOTO

Ötən əsrin əvvəllərində Azərbaycanda maarifçi ziyalılar milli şüurun, milli kimlik ideologiyasının formalaşmasını elm və təhsilin inkişafı ilə əlaqələndirir, yeni məktəblərin yaradılması məsələlərini milli təhsil platformasının əsası hesab edirdilər. Bu baxımdan ölkəmizin işıqlı zəka sahiblərinin 1919-cu ildə yaratdığı Bakı Dövlət Universiteti (BDU) xalqımızın təhsil sahəsində ən mühüm nailiyyəti kimi dəyərləndirilə bilər. Biri Tibb fakültəsi olmaqla, iki fakültə ilə fəaliyyətə başlamış BDU-nun milli bioloq kadrların yetişdirilməsi istiqamətində 105 il ərzində keçdiyi tarixi yol digər təbiət elmlərinin inkişafına da töhfə verib.

Universitetdən Moderator.az-a bildirilib ki, Biologiya fakültəsi ölkədə biologiya ixtisasları üzrə liderlik edən elm-təhsil mərkəzidir. Fakültə rəsmi olaraq 1934-cü ildə formalaşdırılsa da, universitetin Tibb fakültəsindəki 6 fənn komissiyasından 2-si bioloji sahələrə aid olub. Hələ 1920-ci ildə universitetdə Ümumi biologiya, Mikrobiologiya kafedraları fəaliyyət göstərirdi. 1924-cü ildə universitetdə yeni açılan Pedaqoji fakültənin tərkibində Bitkilərin morfologiyası və sistematikası, Bitkilərin anatomiyası və fiziologiyası, Mikrobiologiya, Onurğasızlar və onurğalılar zoologiyası, Heyvan fiziologiyası kimi kafedralar yaradıldı. 1930-cu ildə həyata keçirilən islahatlar nəticəsində Tibb fakültəsi BDU-dan ayrılaraq, müstəqil ali məktəbə çevrildi. 1934-cü ildə bioloji kafedralar Pedaqoji fakültədən ayrıldı və Biologiya fakültəsi yaradıldı.

Biologiya fakültəsinin ilk dekanı professor Dmitri Şutov olub (1934-1935). Sonrakı illərdə dekan vəzifəsində professorlar Vladimir Yelpatevski (1936-1938), Səfər Ələkbərov (1939-1941 və 1948-1949), Abdulla Qarayev (1942-1943), Mirəli Axundov (1943-1944), dosentlər Əli Abdullayev (1945-1946), Mirmusa Ağamirov (1947-1948), professorlar Məmməd Qasımov (1949-1950), Abdulla Ələkbərov (1951-1954), dosent Ənvər Musayev (1955-1956), professorlar Abdulla Ələkbərov (1957-1960), Abdulla Tağızadə (1961-1965), Həbibə Qasımova (1965-1968), Qara Mustafayev (1968-1972), Hüseyn Hüseynov (1972-1975), Arif İsmayılov (1975-1978), Neymət Qasımov (1978-1988), Ağavəli İbrahimov (1991-2010), Əməkdar elm xadimi, professor Akif Quliyev (1988-1991 və 2011-2020) fəaliyyət göstəriblər. Hazırda fakültənin dekanı professor Afət Məmmədovadır.

1937-ci ildə Biologiya fakültəsinin nəzdində professor Mirəli Axundov tərəfindən Cənubi Qafqazda yeganə olan “Təkamül təlimi” muzeyinin əsası qoyulub. Keçən əsrin 40-cı illərində fakültədə iki istiqamətdə - botanika və zoologiya istiqamətləri üzrə kadr hazırlığı aparılırdı.

Biologiya fakültəsinin ilk buraxılışı 1939-1940-cı tədris ilində olub. Həmin il fakültəni bitirən 18 məzundan 12-si azərbaycanlı idi. 1941-1945-ci illərdə müvafiq dərslik və dərs vəsaitlərinin olmaması Azərbaycan dilində tədrisi xeyli çətinləşdirirdi. Həmin dövrdə professor Abdulla Qarayevin “Hissiyyat orqanlarının fiziologiyası”, 1950-ci ildə isə “Mərkəzi sinir sisteminin fiziologiyası” kitablarının nəşri insan fiziologiyası sahəsində böyük əhəmiyyət kəsb edirdi.

1950-ci illərdə canlı təbiətin yaranma və inkişafını öyrənən biologiyanın tədrisində keyfiyyət yüksəlişi müşahidə olunurdu. Həmin dövrdə universitet gənc bioloqların, yenilikçi tədqiqatçıların hazırlığı üzrə mühüm mərkəzə çevrilmişdi. 1961-ci ildə İnsan və heyvan fiziologiyası kafedrasının nəzdində biologiyanın müasir problemləri istiqamətində elmi tədqiqat işləri aparmaq üçün “Biostimulyatorlar” elmi-tədqiqat laboratoriyası açıldı.

1960-cı illərin sonu - 1970-ci illərin əvvəllərində Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə bütövlükdə Azərbaycan cəmiyyətində, o cümlədən elm və təhsil sahəsində köklü dəyişikliklər baş verdi. Biologiya fakültəsində 1972-ci ildən Biokimya, 1976-cı ildən Biofizika və molekulyar biologiya kafedraları müstəqil olaraq fəaliyyətə başladı.

Biologiya fakültəsinin əməkdaşlarından akademik Abdulla Qarayev Azərbaycanda fiziologiya elminin banisi, akademik Səttar Əsədov məşhur zooloq-parazitoloq, akademik Cəlal Əliyev bitki fiziologiyası sahəsində məşhur alim, professor Dəmir Hacıyev görkəmli zooloq-paleontoloq, Müzəffər Abutalıbov kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması, professor Yusif Əbdürrəhmanov ixtiologiya, professor Məmməd Qasımov botanika, professor Mirəli Axundov təkamül təlimi, professor Tofiq Məmmədov biotexnologiya, akademik Urxan Ələkbərov genetika və davamlı inkişaf sahələrində görkəmli alim-mütəxəssis kimi dünyada tanındılar.

BDU-da 2000-ci ildə Bolonya prosesinə keçid pilot layihə kimi məhz Biologiya fakültəsindən başlayıb. 2005-ci ildə BDU-nun Biologiya, Kimya, Fizika, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin bazasında Nanoaraşdırmalar Mərkəzi yaradılıb. Beynəlxalq maliyyə mərkəzləri alimlərimizin layihələrinə böyük məbləğdə qrantlar ayırıb. Son 5 ildə bu istiqamətdə aparılan tədqiqatların nəticələri 60-dan artıq nüfuzlu jurnalda dərc edilib.

Biologiya fakültəsi Türkiyə, Gürcüstan, Rusiya, Çexiya, ABŞ, Almaniya, Belçika, İtaliya, İspaniya, Pakistan və digər ölkələrin aparıcı universitetləri və elmi mərkəzləri ilə sıx əməkdaşlıq edir. Fakültənin kollektivi, eyni zamanda, “Nəzəriyyədən təcrübəyə, elmi yenilikdən tətbiqə doğru” şüarını əsas tutaraq ölkəmizdə sənaye, kənd təsərrüfatı və tibb müəssisələri ilə əlaqələri genişləndirməyi hədəf götürür.

Hazırda Biologiya fakültəsində bakalavriat səviyyəsində 6 ixtisas – “Biologiya”, “Biologiya müəllimliyi”, “Su bioehtiyatları və akvakultura”, “Biotexnologiya”, “Bitki mühafizəsi” və “Qida mühəndisliyi” ixtisasları üzrə Azərbaycan, rus və ingilis dillərində 1200-dən artıq tələbə təhsil alır. Fakültədə magistratura səviyyəsində 2 ixtisas və 20 ixtisaslaşma üzrə magistr hazırlığı aparılır. Doktorantura təhsil səviyyəsi üzrə 10 istiqamətdə yüksəkixtisaslı elmi kadrlar hazırlanır. Fakültədə magistratura səviyyəsində ikili diplom proqramları Qazaxıstanın L.N.Qumilyov adına Milli Avrasiya Universiteti ilə (tədris rus dilində) və İsrailin Yerusəlim İbrani Universiteti (tədris ingilis dilində) ilə “Biotexnologiya” ixtisası üzrə həyata keçirilir.

Hazırda fakültədə 6 kafedra - Biofizika və biokimya, Botanika və bitki fiziologiyası, Genetika, Molekulyar biologiya və biotexnologiyalar, Zoologiya və fiziologiya, ICESCO-nun Biotibbi materiallar kafedraları və 13 tədris laboratoriyası fəaliyyət göstərir.

Biologiya fakültəsinin magistrant və doktorantları BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzində elmi tədqiqatla məşğul ola bilirlər.

BDU-da biologiyanın müxtəlif sahələrinin inkişafının təmin edilməsi aktual və təxirəsalınmaz məsələlərdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Biologiya sahəsində yüksək səviyyəli kadrların formalaşdırılması gələcəyin davamlı inkişafının əsaslarından hesab olunur, çünki məhz biologiya elminin tərəqqisi biomüxtəlifliyin qorunması, tullantısız istehsal, yaşıl istehsal kimi mühüm məsələlərin həllini təmin edə bilər.

Biologiya fakültəsinin məzunları fundamental bilik və bacarıqlar qazanmaqla əmək bazarının tələblərinə cavab verən istiqamətlərdə öz karyeralarını uğurla qura bilirlər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
10
moderator.az

10Mənbələr