AZ

BDU-105: Milli jurnalistikamızın 55 yaşlı ocağı

BDU-105:

Bakı, 30 avqust, AZƏRTAC

XXI əsrin çağırışları, informasiya texnologiyalarının sürətli inkişafı müasir jurnalistikanın qarşısında çox mühüm vəzifələr qoyur. Azərbaycanda iqtisadi və sosial islahatların həyata keçirilməsi, vətəndaş həmrəyliyi mühitinin bərqərar olması, sağlam mənəvi dəyərlərin formalaşması yolunda atılan uğurlu addımlar media mühitinə də öz müsbət təsirini göstərir. Bu mənada jurnalistika ali təhsilinin xüsusi önəmi vurğulanmalıdır. Yaradılmasından 105 il keçən Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin çoxsaylı məzunlarının peşəkar fəaliyyəti bu prosesdə aydın görünür və yüksək dəyərləndirilir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, təhsil ocağının peşəkar kadr hazırlığı sistemində jurnalistika təhsilinin öz tarixi yeri və mövqeyi var. Keçmiş SSRİ-nin universitetləri arasında ali jurnalistika təhsilinin əsası 1928-ci ildə məhz BDU-nun Pedaqoji fakültəsində Jurnalizm və bibliologiya kafedrasının yaradılması ilə qoyulub. 1945-ci ildən Filologiya fakültəsinin nəzdində yaradılan Jurnalistika şöbəsində 25 il bir kafedra – Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası fəaliyyət göstərib.

Kafedraya ilk illərdə təcrübəli qəzet işçisi, tanınmış ictimai xadim Həsən Şahgəldiyev rəhbərlik edib. Onunla birlikdə milli jurnalist kadrların hazırlığı işinə görkəmli mətbuat işçiləri Nəsir İmanquliyev, İsrafil Nəzərov, Qılman Musayev (İlkin), Rza Quliyev, Cümşüd Əzimov da qoşulub. Akademik Məmməd Arif Dadaşzadə, professorlar Mir Cəlal Paşayev, Əli Sultanlı, Feyzulla Qasımzadə, Muxtar Hüseynzadə, Məmmədhüseyn Təhmasib, Hidayət Əfəndiyev, Məmməd Qazıyev gələcək jurnalistlərin ilk müəllimləri olublar. Şöbənin Şirməmməd Hüseynov kimi ustad media araşdırmaçısı və aliminin də sıralarında olduğu birinci məzunları 1950-ci ildə Azərbaycanda ilk dəfə ali jurnalistika ixtisası diplomları alıblar. Düz 55 il əvvəl isə – 1969-cu ildə Jurnalistika şöbəsi müstəqil fakültəyə çevrilib. Fakültənin ilk dekanı professor Nurəddin Babayev olub.

Müstəqillik illərində BDU-nun Jurnalistika fakültəsində xeyli keyfiyyət və kəmiyyət dəyişikliyi baş verib. “Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri operativ qiymətləndirmək və prosesləri düzgün analiz bacarığı tələb edən sənətdir” – deyən Ümummilli Lider Heydər Əliyevin jurnalistikaya verdiyi belə dəqiq səciyyə bugünkü tələbəyə – sabahın məzununa kifayət qədər universal peşə vərdişləri aşılamaq zərurətini bir daha aktuallaşdırır.

Jurnalistika peşəsi daim yenilənir və bu ixtisasın ardınca gedənlərin qarşısında ciddi tələblər qoyulur. Nəzəriyyə ilə praktikanın vəhdətini özündə təcəssüm etdirən jurnalistika ixtisası üzrə müasir dövrün tələblərinə cavab verən kadrların hazırlanması yeni yanaşma və metodologiyaların tətbiqini zəruri edir. Buna görə də təkcə auditoriya saatları ilə kifayətlənmək olmur, sabahın jurnalistləri üçün müxtəlif treninq və kurslar, təlimlər təşkil edilir. Məqsəd nəzəri biliklərlə yanaşı, tələbələrə praktik vərdişlər aşılamaqdır. BDU-nun yeni təmirdən çıxmış 2 saylı tədris binasında yerləşən Jurnalistika fakültəsində bunun üçün hər cür şərait mövcuddur.

Təhsilin üç dildə aparıldığı (Azərbaycan, rus və ingilis) Jurnalistika fakültəsində bakalavriat səviyyəsində bir – “Jurnalistika”; magistratura pilləsinə isə 8 ixtisas – “Teleradio jurnalistikası”, “Beynəlxalq jurnalistika”, “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi”, “Publisistik jurnalistika”, “Mətbuat tarixi”, “Radioteleviziya yayım menecmenti”, “Media və kommunikasiya sistemləri”, “İdman jurnalistikası” ixtisasları üzrə kadrlar hazırlanır. Fakültədə Yeni media və kommunikasiya nəzəriyyəsi, Milli mətbuat tarixi, Multimedia və elektron kommunikasiya, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedraları; tədris-teleradio studiyası; elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Eyni zamanda, fakültədə bir neçə xüsusi təyinatlı otaq mövcuddur. “Füyuzat” mərkəzi mətbuat tariximizlə bağlı spesifik auditoriyadır, orada Azərbaycan jurnalistikasının tarixi ilə bağlı tədbir və görüşlər keçirilir. Bu il açılışları olan Azərbaycan Mətbuat Şurasının otağını və “ARB24”ün “NewsLab” təlim və canlı yayım otağını da xüsusi vurğulamaq lazımdır. Hər iki otağın özünəməxsus təyinatları var. Mətbuat Şurası otağının yaradılmasında başlıca məqsəd media kapitanları, Mətbuat Şurasının İdarə Heyətinin üzvü olan peşəkar jurnalistlərlə tələbələrin görüşünü təşkil etmək, həmçinin fakültədə Şuranın Şikayətlər və Etika komissiyalarının toplantılarını keçirməkdir. Artıq fakültədə tələbələrin iştirakı ilə Şikayətlər üzrə Komissiyanın 4 toplantısı keçirilib. Tələbələr bu toplantılarda iştirak etməklə Azərbaycan media mühitində mövcud problemlər və hüquqpozmalarla bağlı şikayət və hallarla tanış olurlar.

Fakültədə digər xüsusi otaq Cənubi Qafqazda ilk xəbər kanalı olan “ARB 24” ilə BDU arasında əməkdaşlıq müqaviləsi çərçivəsində yaradılıb. Telekanal üç ildir ki, Jurnalistika fakültəsi ilə birlikdə “NewsLab” təlim layihəsini həyata keçirir. Bu təlimlərdən uğurla keçmiş tələbələr birbaşa işə götürülür. Bu otağın başqa bir səciyyəvi xüsusiyyəti onun canlı yayım otağı kimi funksionallığıdır. Otaqda “ARB 24” tərəfindən gündəmin ən müxtəlif mövzularına dair BDU alimləri ilə canlı yayımlar təşkil olunur. Həmçinin fakültənin tələbələri canlı yayım prosesi ilə yaxından tanış olmaq imkanı qazanırlar.

2016-cı ildə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin maliyyə dəstəyi ilə təmir və ən müasir texniki avadanlıqlarla təchiz edilmiş tədris-teleradio studiyasında tələbələr tərəfindən müxtəlif teleradio verilişləri hazırlanır. Həftədə bir dəfə Azərbaycan, rus və ingilis dillərində ”BDU TV xəbərlər” informasiya bloku təqdim edilir. Eyni zamanda ”Gələcəyin sədasi”, “Riyazi reallıq” kimi maarifləndirici, ”Maraq nöqtəsi”, ”Tələbə bileti” adlı analitik televerilişlər, “BDU Radio” studiyasında isə “Bu gün” və ”Expromt” adlı maarifləndirici və musiqili radioverilişlər hazırlanır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş 32 dəqiqəlik “100 ilin təntənəsində” sənədli filmi hazırlanaraq yayıma təqdim edilib. Bundan əlavə, tələbələr tərəfindən “Bir ömürdə iki tale”, ”Qazi”, “Uğurun başlanğıcı”, ”Heykəltaraş” adlı sənədli filmlər hazırlanıb. Bu verilişlər “BDU TV” “Youtube” kanalı və sosial şəbəkələr vasitəsi ilə yayımlanır. Tələbələrin studiyada hazırladıqları süjet və verilişlərin bəziləri hətta ölkə yayımında olan TV kanallarında nümayiş olunur.

Yaxın gələcəkdə fakültənin nəzdində müstəqil tələbə internet televiziyası və radiosunun yaradılması da qarşıya məqsəd qoyulub. Həmçinin fakültədə “Fotojurnalistika” studiyasının yaradılması ilə bağlı müəyyən görüşlər keçirilməkdə və təkliflər hazırlanmaqdadır.

Fakültə tələbələrinin iştirakı ilə “Bakı Universiteti” qəzeti nəşr olunur. Eləcə də “Jurnalist” tədris qəzetinin hazırlanması işi uğurla davam etdirilir. Qəzetdə gedən materiallar “525-ci qəzet” və “Şərq” qəzetlərinin xüsusi əlavəsi olaraq ölkə ərazisinə yayılır.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ilə BDU-nun, Jurnalistika fakültəsinin sıx əməkdaşlığı mövcuddur. Agentliyin “Media könüllüləri” proqramında fəallıq göstərən fakültə tələbələri xüsusi təlimlərə qatılmaqla yanaşı, ölkə əhəmiyyətli media tədbirlərində də aktiv iştirak edirlər. Yaxın zamanlarda fakültədə MEDİA-nın xüsusi təlim otağının yaradılması da nəzərdə tutulur.

İstər yeni otaqların açılışı, istərsə də yeni proqramlar üzrə təlimlərin keçirilməsi həm BDU-nun 105 illik yubileyinə, həm Jurnalistika fakültəsinin 55 illiyinə, həm də unudulmaz ustad Şirməmməd Hüseynovun 100 illiyinə töhfədir. Bu yubileylər ilində Jurnalistika fakültəsi yaddaqalan işlərə imza atmağı qarşısına başlıca məqsəd kimi qoyub.

Tələbələrin gələcəkdə işlə təmin olunması məqsədilə son illərdə fakültədə peşəkar media quruluşlarının rəhbərlərinin iştirakı ilə kastinqlər təşkil edilir. Bu kastinqlərin nəticəsində yuxarı kurs tələbələrinin bir çoxu ölkənin aparıcı televiziya kanalları, internet portalları, informasiya agentliklərində iş təklifləri alırlar.

Jurnalistika fakültəsində təhsil alan tələbələrin dünyagörüşlərinin geniş olması, dövlətimizə və dəyərlərimizə daha möhkəm bağlı olmaları, yad təsirlərə məruz qalmamaları üçün mütəmadi olaraq ictimai-siyasi xadimlər, aparıcı jurnalistlərlə maarifləndirici görüşlər təşkil edilir. Son üç il ərzində 80-dən çox belə görüş və tədbir keçirilib.

Media sahəsi, xüsusən internet jurnalistikası çox sürətlə yenilənir, inkişaf edir. İyirmi il əvvəlki xəbər və ya analitik janrların xüsusiyyətləri hazırda tamamilə fərqlidir. Bu səbəbdən də son illərdə fakültədə yeni tələblərə cavab verən dərslik və dərs vəsaitlərinin hazırlanmasına xüsusi önəm verilir.

Müasir jurnalistika mədəniyyətlərarası dialoqun qurulmasından tutmuş beynəlxalq münasibətlərin tənzimlənməsinə qədər bir çox istiqamətlərə ciddi şəkildə təsir göstərir. Bu gün media həm də ən təhlükəli müharibə növü olan informasiya savaşının başlıca və ən effektiv silahıdır. Bu baxımdan şübhəsiz ki, həqiqətlərimizin dünyaya çatdırılmasında jurnalistikanın önəmli rolu var. Peşəkar yanaşma, sosial məsuliyyət hissini hər zaman öndə tutmaq və vətəndaş mövqeyindən çıxış etmək ən vacib məqamlardır. BDU-nun Jurnalistika fakültəsinin kollektivi bu önəmli məqamlardan çıxış edərək, yeni nəsil peşəkar jurnalistlərin yetişdirilməsini ciddi vəzifə kimi gerçəkləşdirməyə çalışmaqdadır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
10
azertag.az

10Mənbələr