AZ

Yeni zirvələr fəth edilir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Heydər Əsədovun Şirvan Olimpiya İdman Kompleksində gənclər, o cümlədən idmançı seçicilərlə görüşü keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov YAP-ın “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə həyata keçirilən təbliğat kampaniyası və seçki platforması haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, YAP siyasi palitramızda yeganə partiyadır ki, gənclərin inkişafına və özünütəsdiqinə geniş imkanlar yaradır: “Bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Gənclərin partiyamıza axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti xüsusi əhəmiyyət kəsb edir. YAP dövlət gənclər siyasətinə güclü dəstək verir”.

Çıxış edən deputatlığa namizəd Heydər Əsədov isə qeyd edib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır: “Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir”. Heydər Əsədov bölgələrdə keçirilmiş çoxsaylı tədbirlərin gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacağını vurğulayıb.

Heydər Əsədov çıxışında gəncləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. 

Görüş iştirakçılarından Rəfiqə Rzayeva, Vaqif Cəfərov, Solmaz Hacıyeva, Adəm Hüseynov, Aytac Əliyeva və Sevinc Ələkbərova çıxış ediblər.  Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Qeyd edək ki, deputatlığa namizəd Heydər Əsədov şəhid Emil Hümbətovun ailəsini də ziyarət edib.

Seçilən
102
50
yeniazerbaycan.com

10Mənbələr