Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test mərhələsində minimum tələbi ödəyən 22 093 nəfər vakansiya seçimində iştirak etmək hüququ əldə edib. Nəticədə 5740 nəfər müsahibəyə dəvət olunub. Onlardan 4999 nəfər müsahibə mərhələsində iştirak edib. Müsahibə mərhələsində 4658 nəfər uğur qazanıb.
Praktika göstərir ki, bu müəllimlərdən yüksək bal toplayanlar Bakı şəhərində, daha az bal toplayanlar isə bölgələrdə fəaliyyətə başlayır və ya bölgələrdəki vakant yerlərini seçən şəxslər sonradan həmin iş yerindən imtina edir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata əsasən, son 3 ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 2 mindən artıq vakant yerə seçim edilmir. Sözügüdən vakant yerlərinin əksəriyyəti ucqar rayonlarda olan məktəblərdir.
Mövzunu şərh edən təhsil eksperti İlqar Orucov Modern.az-a bildirib ki, artıq illərdir yüksək nəticə göstərən müəllimlər Bakı və ətraf ərazilərdəki məktəblərə üstünlük verirlər.
“Bu, müəllimlərin öz seçimləridir və onu hansısa inzibati yolla tənzimləmək mümkün deyil. Müəllim olmaq istəyənlərin iş yeri seçimi ilə bağlı bu cür yanaşmasını doğru qəbul etmirəm. Amma bunun müəyyən haqlı səbəbləri də var. MİQ imtahanında yüksək nəticə göstərən müəllimlər Abşeron və Sumqayıt ərazilərində yaşayan müəllimlərdir ki, onar da yaşadıqları əraziyə yaxın məktəblərdə çalışmağa can atırlar.
Bakı şəhərində boş yerlərə olan təlabat rayon yerlərinə olan təlabatdan qat-qat çoxdur. Nəticədə daha yüksək bal toplayan müəllimlər paytaxt ərazisindəki boş yerlərə qəbul alır. Ən demokratik və ən şəffaf yol əslində budur. Xüsusilə son illərdə insanlar yaxşı qazanc üçün paytaxta üz tuturlar. Müəllimlər düşünür ki, paytaxta repetitorluq fəaliyyəti ilə məşğul olaraq əlavə qazanc əldə edə bilərlər. Təbii ki, regionlara nisbətən Bakıda hazırlaşdırdıqları uşaq sayı və gəlir də qat-qat çox olur”.
Ekspert onu da qeyd edib ki, dövlət bütövlükdə ucqar rayonlarda çalışan müəllimlərə müxtəlif güzəştlər verir, lakin bu imtiyazlar onlarda stimul yaratmaq üçün kifayət etmir.
“Rayon mərkəzindən kənarda yerləşən məktəblərdə çalışan müəllimlər üçün istər məsafə, istərsə də kommunal və buna bənzər xərclər üçün güzəştlər tətbiq edilir. Buna baxmayaraq, rayonlarda ciddi şəkildə müəllim çatışmazlığı var. Bu səbəbdən bölgələrdə fundamental fənlər üzrə dərs deyəcək müəllim yoxdur. Əgər hansısa məktəbdə 1 il ərzində kimya, riyaziyyat, fizika, biologiya kimi fənlərdən dərs deyilmirsə, ümumilikdə orada təhsilin keyfiyyətindən danışmağa dəyməz”.
Çıxış yollarından danışan İlqar Orucov deyib ki, ucqarlara gedən müəllimlərə əlavə güzəştlər verilməlidir:
“İnzibati yolla bu məsələni tənzimləmək mümkün olmasa da, ucqar rayonlarda dərs deyən müəllimlərə edilən güzəştlərin artırılması bu istiqamətdə nələrisə dəyişə bilər. Elm və Təhsil Nazirliyi bu istiqamətdə bir çox maarifləndirici, həvəsləndirici addımlar atır. Amma görünən odur ki, bu addımlar özünü doğrulda bilmir. Bu istiqamətdə adiyyatı qurumlar - Elm və Təhsil Nazirliyi, Regional Təhsil idarələri, eyni zamanda media subyektləri davamlı işlər görməli, yaxşı nümunələri göstərməli, hətta yaratmalıdır”.
Arifə Kərimzadə