AZ

Psixoloq yol göstərdi: Uşaqlarda dərsə necə maraq yaradaq?

“Uğursuz uşaq yoxdur, amma istedadı üzə çıxmayan və inkişaf etdirilməyən uşaqlar var”.

Bu sözləri psixoloq Səbinə Şirəlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, uşaqlara uğursuzluğu deyil, uğuru öyrətmək lazımdır:

“Əslində, övladlarımızın nəyi bacara bilməyəcəyi önəmli deyil, onların nə edə bildiyi önəmlidir. Nəzərə almaq lazımdır ki, hər bir uşağın müəyyən bir sahədə istedadı var. Bu bacarığı kəşf edib inkişaf etdirmək ailənin və müəllimlərin ən mühüm vəzifəsidir. Bunu isə əzbərlə öyrənə bilmərik.

Uşaqlarımız onlarda maraq oyandıran, araşdırmaya önəm verən, həqiqətən öyrənməyi öyrədən, tətbiq, intuisiya və kəşfə önəm verən təhsil almalıdırlar. Unutmayaq ki, hər bir uşaq maraq hissi ilə doğulur”.

Psixoloq uşaqlarda dərsə maraq oyatmaq üçün atılacaq addımlardan danışıb:

“Uşaqlarda maraq hissi inkişaf etdirilsə, yaxşı idarə olunarsa, onlara zövqlə oxumaq, zövqlə öyrənmək və yaxşı tədqiqatçı olmaq imkanı yaradıla bilər.

Uşaqlarımız gündə 5-6 saatını məktəbdə, qalan vaxtını isə evdə keçirirlər. Evdə uşaqlara düzgün tərbiyə üsullarını tətbiq etməli və onları inkişaf etdirməliyik. Bunun üçün tez-tez məktəbə getməli, müəllimlərlə görüşməliyik.

Çalışmalıyıq ki, uşaqlarımıza məqsəd seçməyə kömək edək, planlı işləri vərdiş halına salaq, qarşılaşdıqları problemləri həll etməyə yardım edək. Ən əsası valideynlər olaraq oxumaqla, öyrənməklə və araşdırma aparmaqla uşaqlarımıza nümunə olmalıyıq”.

Həmsöhbətimiz qeyd edib ki, valideynlər uşaqlarında dərsə maraq yaratmaq üçün onun düşüncələrinə və duyğularına önəm verməlidirlər:

“Ümumiyyətlə, valideynlər uşaqlarının maraqlandığı mövzuları və hobbiləri öyrənməyə çalışmalıdırlar.

Dərs materiallarını da bacardığınız qədər daha əyləncəli etməlidirlər.

Həmçinin, uşaqlarının uğurlarını qiymətləndirməli və onları tərifləməlidirlər. Uğursuzluqlar olduğu halda bele yenidən onu dəstəkləmələyə davam etməlidirlər.

Düşünürəm ki, valideynlər bir çox şeyi övladları ilə birlikdə öyrənməlidirlər. Nəzərə almaq lazımdır ki, uşaqla vaxt keçirmək və öyrənmə prosesini birlikdə paylaşmaq onun marağını artıra bilər”.

Səbinə Şirəlizadə onu da əlavə edib ki, uşaqlara plan qurmağı öyrətmək lazımdır:

“Uşaq edə biləcəyi planı özü etməlidir. Sonra isə onun dərs çalışma saatları müəyyən edilməlidir. Əslində, fasilə verilərək dərs çalışılmalıdır. 45-50 dəqiqə çalışmadan sonra 10 dəqiqə fasilə vermək lazımdır.

Həmçinin, dərsləri də ardıcıl olaraq fasiləsiz etmək lazım deyil. İlk zamanlarda planlı dərs etmədə uşaqlarınız adaptasiya olmaya bilər, bunu anlayışla qarşılamalıyıq. Lakin planlı dərs etmək mövzusunda dirənməli və əsla bundan imtina etməməlidirlər”.

Onun sözlərinə görə, valideynlər uşaqlara hədəflər təqdim etməlidirlər:

“Məhz bu hədəflər uğura aparan kiçik addımlar olsun. Uşaqlara dərs hədəfləri qoymaq və bu hədəflərə çatdıqda onları mükafatlandırmaq lazımdır.

Eyni zamanda, uşaqlara şəxsi hədəflərini müəyyən etməsinə də imkan vermək lazımdır. Bu, onların məsuliyyət hissini inkişaf etdirir. Təəssüf ki, bəzi valideyinlər uşaqlarına öhdəliklər vermir və onları idarə etməyə çalışırlar.

Bu kimi məsləhətlər uşağın tədrisə marağını artırmağa kömək edə bilər. Hər bir uşağın fərqli olduğunu unutmayaraq ona uyğun üsullar seçilməsi daha məqsədəuyğundur”.

Seçilən
93
42
turkustan.az

10Mənbələr