AZ

Strasburqda məsələ müsbət həll olunmasa...

AŞPA sədrinin vicdandan danışmağa haqqı varmı?

Bəzi Avropa təsisatlarının qlobal güc mərkəzlərinin əlində alətə çevrildikləri Qərbin ikrah doğuran reallıqlarından biridir. Bu qəbildən olan təsisatlar öhdəliklərini və məsuliyyətlərini unudaraq güc mərkəzlərinin sifarişlərini yerinə yetirməklə məşğuldurlar. Məsələn, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) fəaliyyətində son vaxtlarda milli dövlətlərə təzyiq xətti xüsusi olaraq nəzərə çarpır. Qurum selektiv yanaşmalardan, ikili standartlardan çıxış etməklə beynəlxalq hüququ nəzərə almadan ayrı-ayrı ölkələrlə bağlı bir sıra hallarda ittihamedici səciyyə daşıyan qərarlar verməyi özünə rəva bilir. 

Azərbaycan da AŞPA- nın qərəzli və sifarişli hücumlarına məruz qalan ölkələr sırasında yer alır. Son vaxtlarda respublikamızla qurum arasında gərginlik yaşanır ki, bunun da günahı və məsuliyyəti bilavasitə qurumun hazırkı rəhbərliyinin, burada təmsil olunan ayrı-ayrı parlamentarilərin üzərinə düşür. 

AŞPA-nın qərəzli mövqeyi

AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsi bir növ permanent hala gəlib. Son olaraq burada səsləndirilən iki açıqlama münasibətlərdəki çatları daha da dərinləşdirib. Həmin açıqlamalara diqqət yetirək. AŞPA-da Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabe Bakının bu qurumun Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının lehinə səs verən üzvlərinin ölkəyə girişinin qadağan edilməsi haqqında qərarını tənqid edib və özüsayağı bir sıra iradlar səsləndirib. O, “Azadlıq Radiosu”na verdiyi 23 avqust tarixli müsahibəsində Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını bildirərək, ölkəmizi Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmamaqda ittiham edib. Həmçinin ölkəmizin Avropa Şurasının Parlament Assambleyasının müşahidəçilərini Milli Məclisə seçkiləri müşahidə etməyə çağırmaması da Şvabenin Azərbaycan əleyhinə danışmasna bir bəhanə olub.

Növbəti belə qərəzli açıqlama AŞPA-nın sədri, Yunanıstan parlamentinin üzvü Teodoros Rousopoulosdan eşidilib.  O, Azərbaycan XİN-in AŞPA-nın müəyyən üzvlərinin respublikamızda arzuolunmaz şəxs hesab edilməsinə dair bəyanatına reaksiya verib: “Bu, Azərbaycanın Avropa Şurasındakı mövqeyini yalnız çətinləşdirəcək təəssüf doğuran siqnaldır. Üzv ölkələr demokratiya standartlarına hörmət edəcəklərinə dair öhdəlik götürüblər. Öz vicdanına uyğun səs verənlərin “qara siyahı”ya salınması yalnız əks-nəticə verə bilər”, - deyə Teodoros Rousopoulos vurğulayıb.

Vicdan ucuz manipulyasiya predmeti deyil

Azərbaycanla  AŞPA arasında yaşanan gərginlik nədən qaynaqlanır? Qurumun bəzi üzvləri niyə Azərbaycanda “arzuolunmaz şəxslər” elan olunublar? Və nəhayət, 

AŞPA sədrinin vicdandan danışmağa haqqı varmı? Bu suallar bir-biri ilə sıx əlaqəlidir və AŞPA-Azərbaycan münasibətlərinin dünənindən və bu günündən qaynaqlanır.  Bəri başdan bildirək ki, diqqət çəkdiyimiz iddialar, yumşaq desək, yalnız təəccüb və heyrət doğurur. Avropa təsisatlarının təmsilçiləri reallıq, obyektivlik hisslərini  və həm də vicdanlarını bu qədərmi itiriblər? Bu gün Azərbaycanı AŞPA ilə əməkdaşlıqda maraqlı olmamaqda günahlandıranlar qurumun postmüharibə dövründə davamlı şəkildə anti - Azərbaycan mövqeyi sərgilədiyini niyə yaddan çıxarırlar? Avropa Şurası Parlament Assambleyası 30 il ərzində Ermənistanın işğalçılıq siyasətini görməzdən gələn, “siyasi məsələlərə qarışmaq bizim platformanın işi deyil” deyən qurumlar siyahısında “liderlər” sırasında yer alırdı. Hər dəfə Azərbaycan məsələ qaldıranda, işğal altında olan ərazilərimizə missiyalar göndərilməsinə çağırışlar edəndə, bütün bunları təpki ilə qarşılayan avropalı parlamentarilər heyrət doğuracaq “soyuqqanlılıqlarını” AŞPA-nın insan hüquqları ilə məşğul olan təşkilat olması ilə əsaslandırmağa çalışırdılar. Belə isə nə üçün missiyas? insan hüquqlarının müdafiəsi olan AŞPA azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyətinə biganə yanaşırdı? Burada kim vicdandan danışmalıdır? Yüz minlərlə dinc insanı, uşağı, qocanı, qadını yurd-yuvasından didərgin salan, soyqırıma rəvac verən dövləti qınamamaq, onu ədalətə çağırmamaq vicdansızlıq deyil, bəs nədir? Avropalı parlamentarilər ümumiyyətlə “vicdan” sözünü dillərinə gətirməməlidirlər. Buna onların mənəvi haqları yoxdur. 

Ağzına aldığı suyu boşaldan AŞPA postmüharibə dövründə Qarabağla bağlı məsələləri, o cümlədən də erməni əhalinin “pozulan” hüquqlarını dəfələrlə müzakirələrə çıxarıb və hər dəfə də qalib Azərbaycanın yaratdığı reallığa əyri güzgüdən baxış edilib. Bu, necə vicdandır ki, bəzi məqamlarda susur, digər oxşar məqamlarda isə cuşa gəlir, aşıb-daşır? Sualın cavabını AŞPA parlamentlərinin vicdanına buraxırıq. Vicdan ucuz manipulyasiya predmeti deyil.

Son olaraq yanvarın 24-də AŞPA-nın plenar iclası Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin substantiv əsaslarla qəbul edilməməsinə çağıran qətnamənin lehinə səs verib. Öz növbəsində Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Azərbaycanın nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib. Azərbaycan - AŞPA münasibətlərində hazırda yaşanan gərginliyin qısa xronologiyası belədir. Həm də bu, yalnız xronologiya deyil, eyni zamanda, bir vicdan məsələsidir...

Azərbaycan onunla diktə dili ilə danışmağı qəbul etmir

Ölkəmizə  gədikdə, Azərbaycan siyasətini ədalət tərəzisinin gözünü əymədən qətiyyətlə aparır. Azərbaycanın siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Bu siyasət hansısa mərkəzlərdə, Qərb dairələrində deyil, Bakıda Prezident İlham Əliyevin strateji baxışları, milli maraqları hər şeydən üstün tutması əsasında müəyyənləşdirilir. Biz partnyorlarımızı özümüz seçirik, beynəlxalq təsisatlarda da öz iradəmizlə təmsil olunuruq. Burada AŞPA kimi qurumlardan gələn qərəzli və qəzəbli iddialar heç bir rol oynamır və oynamayacaq. Yeri gəlmişkən, respublikamız Avropa İttifaqı məkanında da yaxşı tanınır. Bu gün ölkəmizin  Avropanın təxminən 10 dövləti ilə strateji tərəfdaşlıq münasibətəri var. Azərbaycan indiki həssas dönəmdə “qoca qitə”nin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır ki, bütün bunlar da AŞPA təmsilçilərinə yaxşı bəllidir. Budurmu avropalı parlamentarilərin minnətdarlığı?

Azərbaycan AŞPA-nın qərəzli davranışlarına da adekvat yanaşma sərgiləyir, oradan gələn ittihamları cavabsız qoymur.  Yada salaq ki, Prezident İlham Əliyev respublikamızın nümayəndə heyətinin AŞPA-da mandatının bərpa olunmayacağı təqdirdə, Azərbaycanın qurumda və Avropa İnsan Haqları Məhkəməsində iştirakı məsələsinə yenidən baxılacağını bildirib. Bu o deməkdir ki, Strasburqda məsələ müsbət həll olunmasa, Azərbaycan Avropa Şurasının digər strukturlarını da tərk edə bilər. Münasibətlərin belə sonuclanmasının bütün məsuliyyəti isə avropalı parlamentarilərin üzərinə düşür. Onlar vicdanlarını qabaqlarına qoyub bu barədə yaxşı-yaxşı düşünməlidirlər...

MÜBARİZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
25
yeniazerbaycan.com

10Mənbələr