NASA alimləri ilk dəfə Yer ətrafında planetar miqyasda elektrik sahəsi kəşf ediblər. Kəşf 60 ildən çox əvvəl irəli sürülən fərziyyəni təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, araşdırma "Nature" elmi jurnalında dərc olunub.
Mütəxəssislərin fikrincə, ambipolyar elektrik sahəsi kimi tanınan fenomen qravitasiya və maqnit sahələri ilə yanaşı, planetimiz üçün üçüncü qlobal sahə rolunu oynayır.
Yer atmosferində onun səthindən 60-300 kilometr hündürlükdə ionosfer adlanan təbəqə var. Orada Günəşdən gələn ultrabənövşəyi radiasiya atomları bombalayır, onları elektronlardan ayırır və ionlara çevirir. Nəzəriyyəyə görə, bu, atmosferi olan istənilən planetin ətrafında zəif elektrik sahəsi yaratmalıdır.
Ambipolyar elektrik sahəsinin mövcudluğuna dair göstərişlər ilk dəfə 1968-ci ildə Yerin Şimal və Cənub qütbləri üzərində uçan kosmik gəmilər tərəfindən aşkar edilib. Onlar atmosferdən kosmosa qaçan hissəciklərin axınlarını qeydə alıblar. Bu fenomen qütb küləyi adlanır.
Qütb küləyinin mənşəyini araşdırmaq üçün tədqiqatçılar Şimal qütbünün yaxınlığındakı Şpitsberqendəki raket sınaq poliqonundan 19 dəqiqə sonra Qrenlandiya dənizinə sıçramadan əvvəl onu yerdən 768,03 km yüksəkliyə qaldıraraq "Endurance" raketini buraxıblar.
Cihazın sensorları təxminən saatın batareyasının gərginliyinə uyğun gələn 0,55 voltluq cüzi dəyişiklik aşkar ediblər. Lakin bu gərginlik fərqi günəş küləyində ən çox yayılmış hissəciklər olan hidrogen ionlarını cazibə qüvvəsindən 10,6 dəfə böyük qüvvə ilə itələyir.
Alimlərin fikrincə, bu qüvvə hissəcikləri səsdən yüksək sürətə çatdırmaq və onları kosmosa atmaq üçün kifayətdir. Tədqiqatçılar həmçinin Mars və Venerada ambipolyar elektrik sahələri tapmağı gözləyirlər.
Aydın