AZ

Günəş sisteminin ən uzaq və soyuq planeti: Pluton

11 yaşlı qızın adlandırdığı planet

Cırtdan planet Pluton qalaktikamızın ən maraqlı kosmik cisimlərindən biridir. Əvvəllər Pluton fəzanın tamhüquqlu planeti sayılırdı. Belə ki, 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq 2006-cı ildən etibarən Plutonun statusu dəyişdi. Elmi ictimaiyyət planetlərin müəyyənləşdirilməsi meyarlarına yenidən baxdı və nəticədə Pluton cırtdan planet kimi təsnif edildi. Bu səma cisminə də digər planetlərdə olduğu kimi Roma mifologiyasından bir personajın, ölülər dünyasını idarə edən tanrı Plutonun adı verildi. Sözügedən cırtdan planetə yaxınlaşan ilk kosmik gəmi “Yeni Üfüqlər” adlanırdı. NASA kosmik zondu 12500 kilometrə qədər məsafədə Plutona yaxınlaşmağı bacarmışdı. 2006-cı il yanvarın 19-da başlayan missiyası çərçivəsində “Yeni  Üfüqlər” aparatı cırtdan planet haqqında mühüm məlumatlar toplaya bildi. Bu cihaz tərəfindən çəkilən şəkillər Plutonu tam qalaktika orbitində göstərir.

Pluton haqqında nələri bilirik?

NASA Plutonun varlığından 18 fevral 1930-cu ildə xəbər tutub. Astofiziklər bu səma cisminin varlığını çoxdan fərz etsələr də, gəldikləri bu elmi fərziyyənin faktlarla təsdiqlənməsi təxminən 25 il çəkdi. Ulduzlu səmanın çoxsaylı şəkillərini diqqətlə müşahidə etdikdən sonra ABŞ-ın Flaqstaff şəhərindəki Louel Rəsədxanasının astronomları uzaq qalaktik qonşumuzun varlığını sübut edə bildilər. Bu səma cismini kəşf edənlər həmin məşhur elmi-tədqiqat müəssisəsinin alimləri olduğundan, planetə ad vermək şərəfi onlara həvalə edilmişdi. Beləliklə, cırtdan planet üçün yeraltı dünyasının tanrısı Plutonun adı seçildi. Planetə bu adı alimlərdən birinin Venesiya Barni adlı 11 yaşlı qızı təklif etmişdi. Ekspertlər bu təklifi çox bəyəndilər və ad rəsmiləşdirildi.

Bir günü 153 saat...

Ekvatorunun diametri 2374 kilometr olan Pluton,  diametri 3474 kilometr olan öz peykindən xeyli kiçikdir. Pluton Günəş sistemində təxminən 70 min səma obyektinin yerləşdiyi ucqar bölgədə - “Koypera Qurşağı” adlanan ərazidə qərarlaşıb. Plutonun özü bu bölgədə ən qədim səma cismi hesab olunur. Məlum olduğu kimi Yerin Günəş ətrafında bir orbitini tamamlaması bir il, yəni, 365 gün çəkir. Karlik adlandırdıqları Plutona isə Günəş ətrafında orbital yolunu tamamlaması üçün 248 il vaxt lazımdır. Plutonda günlər Yerdəkindən xeyli uzundur. Yerdə bir gün 24 saat davam etdiyi halda, Plutonda bir sutka təxminən 153 saata bərabərdir.

Plutonla Günəş arasındakı məkan məsafəsi, təxminən 6 milyard kilometrdir. Bu məsafə cırtdan planet üçün nəinki nəhəng orbit təmin edir, həm də onun iqliminə əhəmiyyətli dərəcədə təsir göstərir. Günəş sisteminin mərkəzi ulduzundan çox böyük məsafədə yerləşdiyinə görə Plutonun səthində daima mənfi 200 dərəcəyədək şaxta olur. Əgər Plutondan səmanı müşahidə etsək, Günəş bizə böyük və parlaq bir disk kimi deyil, saysız-hesabsız kiçik ulduzlardan biri kimi görünərdi. Səmada gizlənmiş bu səma cisminə günəş işığı çox cüzi düşür. Buna görə də Plutonu Yerdən müşahidə etmək olduqca çətindir.

“Yeni Üfüqlər” nələri aşkar etdi?

Xüsusi texniki cihazlar olmadan bu səma cisminin yerini dəqiq müəyyən etmək mümkün deyil. Bununla belə, Pluton “Koypera qurşağı”nın ən parlaq və populyar üzvü olaraq qalır. Ölçülərinə, xüsusiyyətlərinə və tərkibinə görə Plutona bənzər digər göy cisimləri kəşf edilməzdən əvvəl elm adamları əvvəllər onun Neptunun peyki olduğuna inanırdılar. Sonradan güman edildi ki, Pluton planetar sistemin xarici hissəsinin formalaşması zamanı maddə qalıqlarından yaranan “Koypera qurşağı” ilə eyni vaxtda əmələ gəlib.

Pluton bərk göy cismidir, əsas hissəsi qayalardan və buzlaqlardan ibarətdir. Onun sahəsi 17,6 milyon kvadrat kilometrə qədərdir. Güman edilir ki, bu da təxminən Cənubi Amerika qitəsinin ölçüsünə bərabərdir. İlk vaxtlar alimlər Plutonun Neptunun peyki ola biləcəyi fikrini irəli sürsələr də sonralar aşkar etdilər ki, bu cırtdan planetin özünün ən azı beş təbii peyki var. Onlardan ən böyüyü Haron adlı səma cismidir.

Yerdən Plutonu tədqiq etməyə göndərilən ilk kosmik gəmi Plutonun ətrafına çatana qədər bir neçə il keçdi.

NASA-nın “Yeni Üfüqlər” missiyası geniş tədqiqatlar aparmaq üçün nəzərdə tutulan “Yeni Sərhədlər” proqramının bir hissəsidir. Dünyaca məşhur kosmik agentliyin hazırladığı bu irimiqyaslı layihə pilotsuz kosmik gəmilərdən istifadə etməklə Günəş sistemini ətraflı şəkildə öyrənmək məqsədi daşıyır. Daha əvvəl qeyd edildiyi kimi, “Yeni Üfüqlər” cırtdan planet Plutonun yaxınlığına çatan ilk kosmik tədqiqat aparatı olub. Bu kosmik zondun qarşısında duran missiya və vəzifələrin məqsədi son dərəcə böyük idi. Kosmik tədqiqat aparatı  19 yanvar 2006-cı ildə Yerdən ayrıldı və adı gedən tədqiqatın nəticəsi olaraq həmin ilin avqustunda rəsmi olaraq Pluton “Cırtdan Planet” adlandırıldı.

Atmosfersiz planet

“Yeni Üfüqlər” zondunun son dövrlərdəki vəzifəsi Plutonun və onun peyki Haronun geoloji xüsusiyyətlərini ətraflı öyrənmək olmuşdu. Cırtdan planetin səthinin xəritələşdirilməsi də tədqiqatın əsas hissəsidir. Zond həm də göy cisminin atmosferini araşdırmalı idi. Bundan əlavə, missiyanın ən mühüm məqsədlərindən biri qalaktik qonşumuzun ilk yüksək keyfiyyətli təsvirini əldə etmək idi. NASA 2015-ci il aprelin 15-də Plutonun və onun peyki Haronun ilk ətraflı təsvirlərini dərc edərək məqsədlərinə nail olduğunu bildirdi. Bu şəkillər elm adamlarına cırtdan planetin səthinin xüsusiyyətlərini daha yaxşı anlamağa kömək edən bir sıra bilgi və görüntülərin başlanğıcı idi. Zond Plutonun və onun ən böyük peykinin xəritəsini çıxara bilmişdi. Bu görüntülər həm də səma cisminin iqlimi və təbiəti haqqında mühüm məlumatlar verirdi. Ən maraqlı məlumatlardan biri isə Plutonda daimi atmosferin olmaması ilə bağlı idi. Alimlərin izahına görə, cırtdan planetin Günəşə müəyyən məsafəyə qədər yaxınlaşdığı təqdirdə atmosfer əmələ gəlir. Bu zaman planetin səthindəki buz əriməyə başlayır və Plutonun ətrafında əsasən, azotdan ibarət nazik bir atmosfer yaranır. Dövri olaraq, Pluton Günəşdən uzaqlaşdıqca atmosferdəki maddələr də yenidən donur.

Nəhəng buzlaqlar və gizli okean

Plutonun səthində qeyri-adi ürək formalı obyekt diqqəti cəlb edir. Əslində, bu, əsasən donmuş azotdan ibarət nəhəng bir buzlaqdır və aşkarlandığı gündən elm adamlarının diqqət  obyektinə çevrilib. Kütləsinin həddən artıq ağır gəldiyinə görə bu buzlaq bir dəfə cırtdan planetin fırlanma oxunun yerdəyişməsinə gətirib çıxarmışdı. Sonralar öz peyki Haron tərəfindən tətbiq olunan qüvvə ilə Plutonun oxu zamanla öz axarına bərpa olunmuşdu. Bu böyük buzlaq “Yeni Üfüqlər” zondunun kəşf etdiyi çoxlu buzlaqlardan yalnız biridir. Planetdə onlarla buzlaq aşkar edilmişdir ki, bu da Plutonu Günəş sistemində çox buzlaqları olan azsaylı obyektlərdən birinə çevirir. NASA-nın digər tədqiqatlarına görə Plutonun səthindəki buzlaqların dörd kilometr dərinliyində maye okeanın gizlənməsi etimalı da böyükdür.

Buz püskürmələri

“Yeni Üfüqlər” zondunun əldə etdiyi görüntülərə əsasən məlum olub ki, Plutonun səthində çoxlu kraterlər,  sıldırımlı kanyonlar və dağ silsilələri var. Plutondakı ən yüksək dağın hündürlüyü təxminən 3,5 kilometrə çatır. Bu dağlar miqyasına görə Şimali Amerikanın çox hissəsini əhatə edən dağ silsiləsinə bənzəyir. Alimlər həmçinin keçmişdə  Plutonda aktiv vulkanik fəaliyyətin olduğu fikrini də irəli sürürlər. Lakin bu göy cismindəki püskürmələr Yerdə müşahidə olunan proseslərdən köklü şəkildə fərqlənib. Planetimizdəki vulkanlar qaynar lava püskürərkən,  Plutonun vulkanlarının buzlu su buraxması və daha sonra onun səthində kristallaşdığı güman edilir.

Plutonun ən böyük peyki olan Haron da unikal geoloji quruluşu ilə alimlərin diqqətini çəkib. Haron da Pluton kimi, səthinin formalaşmasına əhəmiyyətli təsir göstərən çoxsaylı buzlu vulkan püskürmələrinə məruz qalmışdır. Plutonun digər iki peyki, Nikta və Hidra, yüksək albedoları və ya işığı əks etdirmə qabiliyyətləri ilə mütəxəssisləri təəccübləndirib. Cırtdan səma cisminin peyklərindəki bu xüsusiyyətlər NASA-nı yeni tədqiqatlara hazırlaşmağa vadar edib.

Murad Köhnəqala

Seçilən
121
10
yeniazerbaycan.com

10Mənbələr