Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ordusunun avqust ayında Rusiyanın Kursk bölgəsinə qarşı başladığı əməliyyat planlaşdırıldığı kimi davam edir.
V.Zelenski Ukraynada olan Hollandiyanın baş naziri Dik Şof (Dick Schoof) ilə Zaporojye şəhərinə gedib.
Birgə mətbuat konfransında Vladimir Zelenski bildirib ki, Ukraynaya dəstək hava hücumundan müdafiə sistemlərini gücləndirmə davam etməli və Rusiyanın hücumlarının qarşısını almaq üçün ordu “F-16” döyüş təyyarələri və müxtəlif silahlarla təmin olunmalıdır.
Məsələ ilə bağlı Şofa lazımi məlumatları verdiklərini söyləyən Ukrayna prezidenti Qərb ölkələrinin Rusiyadakı hərbi hədəflərə qarşı istehsal etdiyi uzaqmənzilli silahların istifadəsinə qoyulan qadağaların aradan qaldırılması və bu cür sürsatın alınması üçün işləri davam etdirdiklərini bildirib: “Kursk əməliyyatı Rusiya ordusunun Ukraynanın Donetsk bölgəsinə hücumlarının azaldılması baxımından böyük əhəmiyyət kəsb edir. Donetsk və Luqansk bölgələrini tamamilə işğal etmək istəyən, buna görə də orada ən hazırlıqlı hərbi hissələrini yerləşdirən Rusiya ordusu son iki gündə Pokrovsk şəhərinə doğru irəliləyə bilməyib.
Kursk bölgəsində 600-dən çox Rusiya əsgərini əsir götürdük. Bu, Rusiya ilə Ukrayna arasında davam edən əsir mübadiləsi prosesi üçün vacibdir."
Hollandiyanın baş naziri Dik Şof "X"dən verdiyi açıqlamada Ukraynaya dəstəyin davam edəcəyini söyləyib: "Ukrayna Hollandiyanın davamlı dəstəyinə arxalana bilər. Biz Ukraynanın mövcudluğunu davam etdirmək üçün mümkün olan hər şeyi etməliyik.
Hollandiya Ukrayna üçün 200 milyon avronu keçən yeni bir yardım paketi hazırlayıb. Bu paket əsasən enerji infrastrukturunun qorunması və təmirinə yönəlib və humanitar yardım üçün əlavə vəsaitləri ehtiva edir".