Xəbər verdiyimiz kimi, avqustun 6-da Ukrayna hərbçiləri gözlənilmədən Rusiyanın Kursk vilayətinə hücum edərək 30-35 kilometrədək irəliləyə biliblər.
Bakıvaxtı.az-ın məlumatına görə, 30-a qədər yaşayış məntəqəsi ələ keçirilib. Yüzlərlə hərbçi əsir götürülüb. On minlərlə sakin isə təxliyə olunub.
Baş verənlərlə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq İlqar Vəlizadənin sözlərinə görə, Ukraynanın hakim dairələri deyi, eyni zamanda müxalif mərkəzlərin də verdiyi informasiyalara görə belə bir nəticə çıxarmaq olar ki, Kursk ənməliyyatı ölkə daxilində Ukryana hərbi-siyasi rəhbərliyinin müəllifliyi ilə hazırlanıb.
O qeyd edib ki, Amerika rəsmilərinin açıqlamaları da göstərir ki, ABŞ bu əmliyyatdan kifayət qədər xəbərdar olmayıb və hələ də narahatlıq keçirir:
“Çünki Ukrayna tərəfi ABŞ-nin rəhbərliyinə dolğun informasiya vermir. Amerika hakim dairələri bəyan ediblər ki, müharibənin Ukrayna ərazisində lokallaşdırılmasında maraqlıdırlar. Düzdür, ara-sıra belə bəyanatlar səsləndirirlər ki, verilən silah-sursatlarla Ukrayna ordusu Rusiya ərazisində yerləşən mövqelərə də atəş aça bilər. Ancaq bu bəyanatlar sistemli xarakter daşımır”.
Müsahibimiz hesab edir ki, ümumiyyətlə, ABŞ müharibənin Rusiya ərazisinə keçməsində maraqlı deyil. Belə olan halda Ukraynaya daha açıq şəkildə dəstək verməyə çətinlik çəkə bilərlər:
“Bu, Qərbin Rusiya daxili işlərinə qarışması və Rusiya ərazisində gedən müharibədə iştirak etməsi anlamına gələ bilər. Bu da rəsmi Moskvanın cavab addımlarını şərtləndirəcək ki, son nəticədə müharibə daha da alovlana, Üçüncü Dünya müharibəsi xofu şiddətlənə bilər. Bu mənada Amerika bu əməliyyatların Rusiya ərazisində aparılmasından ehtiyat edir. Lakin Ukrayna rəsmilərinin öz baxışları var və onlar ssenarini reallaşdırmağa qərar veriblər. Ukrayna müxalifəti də bu ssenarini dəstəkləyiblər”.
Əməliyyatın nəticələrinə diqqət çəkən ekspert qeyd edib ki, Rusiyanın cavabı gözləniləndir:
“Ehtimal edir ki, əməliyyatlar Rusiya daxilindəki poseslərdə özünü göstərə bilər və yaxud müxalif qruplar birləşərək, Putinə qarşı kəsərli addımlar ata bilərlər. Hər halda görünən odur ki, bu ssenari baş vermir, əksinə vətənpərvər əhval-ruhiyyə yüksəkdir”.
Həmsöhbətimiz Kursk və Belqradda vəziyyətin gərgin olduğunu, qaçqınların sayının artığını deyir. Onun sözlərinə görə, amma bu o demək deyil ki, bu qaçqınların hamsı Putinə qarşıdırlar, əksinə çox maraqlı tendensiya müşahidə olunur. Onların da arasında Ukraynaya nifrət ifadə edən insanlar daha çoxdur:
“Bu da Rusiya siyasi rəhbərliyinə imkan verir ki, müəyyən şiddətli cavab haqqında düşünsün. Çox güman ki, bu məsələ ətrafında müzakirələr gedir. Rusiya çalışır ki, cavab kəsərli olsun. Dünya görsün ki, Rusiya ona qarşı atılan hər 1 addıma 10 cavab verə bilir. Bu da hərbi-siyasi olmaqla yanaşı, piar məqsədi daşıyır”.
İlqar Vəlizadə: ABŞ bu əməliyyatların Rusiya ərazisində aparılmasından ehtiyat edir
İ.Vəlizadə sonda əlavə edib ki, hazrda Kursk əməliyyatı davam edir və bu, gözlənilməz taktikadır:
“Ukrayna tərəfi çox maraqlı gedişat etdi, bununla da təşəbbüsü əlində saxlayır. Ukrayna Rusiya ərazisinin içərilərinə irəliləsə, öz ərazilərini müdafiə etməyə qüvvəsi çatmayacaq. Ona görə də əməliyyatların çərçivəsi olacaq”.
Aydın Baxış