AZ

İrəvan Kremli niyə “düşmən” elan etdi: Rusiya-Ermənistan toqquşması qaçılmazdır

Paşinyan hakimiyyətinin Qərbin istəyinə uyğun olaraq, bu ay ərzində Rusiya ilə hərbi müttəfiqliyi pozmaq və KTMT-nı tərk etmək barədə siyasi qərar verəcəyi artıq təsdiqlənir... Əgər, rəsmi İrəvan buna cəsarət edərsə, Kremlin Ermənistanı yenidən öz orbitinə qaytarmaq ümidləri tamamilə boşa çıxacaq, Rusiya radikal addımlara məcbur qalacaq...

Cənubi Qafqazda geopolitik qarşıdurma artıq təhlükəli mərhələyə yaxınlaşır. Belə ki, bu region dünya nəhənglərinin geopolitik savaş poliqonuna çevrilib. İndi Cənubi Qafqaz Qərb və Şərq arasında ən önəmli geostrateji məkan olmasıyla diqqəti çəkir. Xüsusilə də, son vaxtlar dünya nəhənglərinin bu region uğrunda amansız və güzəştsiz mübarizəyə qərar verdikləri də müşahidə edilir. Və bu baxımdan, istənilən halda, belə bir geopolitik savaşın hansısa mərhələdə hərbi-siyasi qarşıdurmaya çevrilmə ehtimalı aktual olaraq, qalmaqdadır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ, Avropa Birliyi və Fransa Cənubi Qafqazda sülh prosesini bloklamaq istiqamətində müəyyən nəticələrə nail ola biliblər. İndi Ermənistan demək olar ki, Qərbin geopolitik müstəmləkəsi durumuna salınıb. Rəsmi İrəvan Ermənistanla bağlı qəbul etdiyi bütün siyasi qərarların təlimatını məhz Qərbdən alır. Və Qərb siyasi dairələrinin icazəsi olmadan hər hansı addım atmaq hüququna malik deyil.

er-ab-abs.jpg

Təbii ki, belə vəziyyət Ermənistanı Qərbin regional forpostuna çevirir. Rəsmi İrəvanın son vaxtlar Ermənistanın maraqları ilə uzlaşan hər hansı addımın atılmasına cəhd etdiyi isə ümumiyyətlə, müşahidə olunmayıb. Belə ki, hazırda Ermənistanın blokadadan çıxarılaraq, iqtisadi inkişaf mərhələsinə keçid etməsi üçün Azərbaycanla yekun sülh sazişini imzalaması, Türkiyə ilə münasibətlərini normallaşdırması taleyüklü xarakter daşıyır. Halbuki, rəsmi İrəvan Ermənistanın hər iki önəmli qonşusu ilə münasibətləri əməkdaşlıq istiqamətinə yönəlməyə cəhd göstərmir. Və bu, məhz Ermənistan üzərindən Cənubi Qafqaza yerləşməyə can atan Qərbin maraqlarına cavab verir.

Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması da Ermənistana yeni inkişaf “pəncərə”si vəd edir. Ancaq ABŞ və Qərb rəsmi İrəvana bu məsələnin  həlli ilə bağlı öz üzərinə götürdüyü siyasi-hüquqi öhdəliklərin icra olunmasını birmənalı şəkildə qadağan edib. Ona görə də, Ermənistan bir tərəfdən, külli miqdarda gəlir mənbəyindən məhrum edilmiş vəziyyətə düşüb. Eyni zamanda, Ermənustan həm də, Qərb maliyyə qurumlarından alınan kreditlərin hesabına mövcudluğunu qorumağa çalışan dövlətə çevrilib. Və bu səbəbdən də ilin ilk yarısına olan rəsmi məlumatlara görə, Ermənistanın dövlət borcunun artıq 12 milyard dollar həddini aşması qətiyyən təəccüblü deyil.

Halbuki, bütün bunlar Paşinyan hakimiyyətinin Qərbdən gələn təlimatlara uyğun şəkildə Ermənistanı “bataqlığa” sürükləməsində qətiyyən son hədd sayılmır. Belə ki, rəsmi İrəvana Ermənistanın Rusiyaya bağlı hərbi-siyasi platformaları tərk etmək göstərişi verilib. İndi Paşinyan hakimiyyəti Qərbin məhz həmin təlimatlarını icra etməyə hazırlaşır. Və bunun Ermənistan üçün yeni hərbi-siyasi kataklizmlər vəd etdiyi isə artıq qətiyyən şübhə doğurmur.

rus-ktmt-111.JPG

Məsələ ondadır ki, Qərb siyasi dairələri Ermənistanın Rusiya patronajlığı altında olan Avrasiya İqtisadi İttifaqını və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını rəsmən tərk etməsini istəyirlər. Halbuki, Paşinyan hakimiyyəti də anlayır ki, belə radikal qərarlar ilk növbədə Ermənistana qarşı bumeranq effekti yarada bilər. Çünki Ermənistan üçün Avrasiya İqtisadi İttifaqının və KTMT-nın alternativ hələlik mövcud deyil. Və bu iki qurumun tərk olunması Ermənistanı böyük fəlakətin içərisinə sürükləyə bilər.

Belə ki, Ermənistanın hazırda bütün iqtisadi-ticari fəaliyyəti məhz Avrasiya İqtisadi İttifaqına bağlıdır. Ermənistanın xarici ticarət gəlirlərində bu qurum sayəsində malik olduğu güzəştlər böyük əhəmiyyət daşıyır. Üstəlik, Ermənistan iqtisadiyyatı Rusiyaya ixrac faktorundan asılı vəziyyətdədir. Avrasiya İqtisadi İttifaqının tək edilməsi və Rusiya ilə ticarətdən imtina olunması Ermənistanı dərin sosial-iqtisadi böhrana düçar edə bilər. Və bu halda, Ermənistan iqtisadiyyatının tamamilə çökə biləcəyi də qətiyyən şübhə doğurmur.

Təbii ki, eyni situasiya Ermənistanın KTMT üzvlüyünə də birbaşa aiddir. Belə ki, Ermənistanın daxil olduğu yeganə “təhlükəsizlik çətiri” məhz Rusiya ilə hərbi müttəfiqliyə və KTMT üzvlüyünə bağlıdır. Əgər, rəsmi İrəvan Qərbdən gələn təlimatlarla Rusiya ilə hərbi müttəfiqliyi pozarsa və KTMT-nı tərk edərsə, onda, Ermənistan həmin “təhlükəsizlik çətiri”ni də itirmiş olacaq. Hər halda, buna yeganə alternativ olan NATO-ya Qərbin Ermənistanı qəbul edəcəyinə yalnız sadəlövhlər inana bilər.

87be9dbe-1472-4502-86da-bbed61c6c597.jpg

Maraqlıdır ki, Rusiya bu barədə Ermənistana davamlı olaraq, xəbərdarlıq mesajları göndərir. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistanın KTMT çərçivəsində fəaliyyətini yenidən bərpa edəcəyinə ümidlərini hələ tam itirməyib. Kremlin bu mesajına Paşinyan hakimiyyətini təmsil edən rəsmilər Ermənistanın dövlət quruculuğu mərhələsində olmasını vurğulamaqla, cavab verirlər. Onların fikrincə, Rusiya Ermənistana dövlət qurmağa əngəl törədir, Qərb isə yardım göstərir. Və bu, o deməkdir ki, rəsmi İrəvan Rusiya ilə əvvəlki münasibətlər sisteminə geri dönmək niyyətindən çox-çox uzaqdır.

Əksinə, bəzi məlumatlara görə, rəsmi İrəvan ən yaxın vaxtlarda Rusiya ilə münasibətləri tamamilə korlaya biləcək addımların atılmasına hazırlaşır. Belə ki, Paşinyan hakimiyyətinin bu ay ərzində Rusiya ilə hərbi müttəfiqliyi pozmaq və KTMT-nı tərk etmək barədə siyasi qərar verəcəyi bildirilir. Əgər, bu, reallığa çevrilərsə, Kremlin Ermənistanı yenidən Rusiyanın orbitinə qaytarmaq ümidləri tamamilə boşa çıxmış olacaq. Və bu halda, Ermənistanın müəyyən mənada, Rusiyanın düşməni statusu qazanaraq, Kremlə qarşı “ikinci cəbhə”ni açması qaçılmaz xarakter daşıyacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
34
musavat.com

10Mənbələr