Qarabağda 112 özəl məşğulluq qurulub
Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərlə bağlı fəal məşğulluq proqramlarını davam etdirir.
Agentlikdən XQ-yə bildiriblər ki, özünüməşğulluq proqramı çərçivəsində 112 nəfərə mal və materiallar verilərək onlara kiçik ailə təsərrüfatları qurulub. Bu dəstək Füzuli, Şuşa, Xocalı, Laçın, Ağdərə, Zəngilan rayonlarını əhatə edib.
537 şəxs üçün peşə kursları
Agentlik 537 nəfərə isə peşə hazırlığı kursları təşkil edib. Onlardan 302 nəfər agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı Mərkəzlərində, 235 nəfər isə özəl tədris müəssisələrində təlim keçəcəklər.
Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr üzrə nəzəri biliklər öyrədilməklə yanaşı, müəssisələrdə təcrübə keçmək imkanı da yaradılıb. Peşə məşğələlərinin təşkilində 142 özəl tədris müəssisəsi ilə əməkdaşlıq edilir. Kursların sonunda məzunlara sertifikatlar təqdim edilir və onların yiyələndikləri peşələr üzrə işləmələrinə dəstək göstərilir.
Naxçıvanda da DOST mərkəzi yaradılır
Naxçıvan Muxtar Respublikasında da DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılması nəzərdə tutulur. Yaxın günlərdə mərkəzin layihələndirilməsinə başlanacaq.
Mərkəz muxtar respublikada yaşayan əlillərin, şəhid ailələri üzvlərinin və digər həssas qruplara aid şəxslərin bilik və bacarıqlarının yüksəldilməsinə və sosial inteqrasiya imkanlarının artırılmasına dəstək göstərəcək.
Bərdədə bərpa xidmətləri
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bərdədə yerləşən Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” bərpa məntəqəsində bölgə sakinlərinə ambulator xidmətlər göstərir.
2023-cü il dekabrın 1-dən fəaliyyət göstərən məntəqədə indiyədək 1000-dən çox şəxs tibbi-bərpa xidmətləri ilə təmin edilib. Əlillər burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətlərindən yararlanırlar.
Məntəqədə əlillər bərpa vasitələri ilə də təmin edilirlər. Ötən dövrdə məntəqədə əlillərə 500-dək köməkçi avadanlıq verilib.
Zərifə HÜSEYNOVA
XQ