900 şəhid ailəsi və qazi üçün biznes
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramı əsasında Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” çərçivəsində ilin əvvəlindən 900 şəhid ailəsi üzvü və qazi üçün kiçik bizneslər yaradılıb.
Bu barədə nazirlikdən XQ-yə verilən məlumatda bildirilir ki, məşğulluq imkanı qazananların 90 nəfəri şəhid ailəsi üzvləri, qalanları keçmiş döyüşçülərdir.
Biznes fəaliyyətinə cəlb edilənlər üçün ilkin olaraq təlimlər təşkil olunub. Sonra onlar seçdikləri fəaliyyət istiqaməti üzrə kiçik bizneslərini qurmaları üçün zəruri vasitələrlə təmin ediliblər.
67 min əlilə xidmət
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin 7 ayında 67 min əlilə reabilitasiya xidmətləri göstərib.
Onlardan 34 mini ambulator, 17 mini stasionar və icma əsaslı, digərləri səyyar və onlayn formada sosial-psixoloji, ippoterapiya və reabilitasiya xidmətləri ilə təmin edilib. Agentliyin reabilitasiya mərkəzlərində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları – robotik və sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, dance ability (rəqs terapiyası) və digər xidmətlər tətbiq edilir.
8 min bərpa vasitəsi
Agentlik, həmçinin yanvar–iyul aylarında əlillərə 64 min reabilitasiya vasitəsi verib.
Onlardan 4 min 500-ü təkərli oturacaq (o cümlədən 148-i mühərrikli təkərli oturacaq), 1434-ü aşağı və yuxarı ətraf protezi, 1527-si eşitmə aparatı, 1602-si qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlillərə 2 min 106 cüt protez ayaqqabı, 3 min 581 cüt ortopedik ayaqqabı, 51 korset və digər reabilitasiya vasitələri təqdim olunub.
Qurum 7 ayda 8 min 500 nəfər əlili reabilitasiya vasitəsi ilə təmin edib.
954 laçınlı üçün məşğulluq
Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Laçın şəhərinə, Zabux və Sus kəndlərinə köçürülən sakinlərin fəal məşğulluq proqramları ilə əhatə olunması davam edir.
Dövlət Məşğulluq Agentliyi ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanlarını qiymətləndirir və onların hansı proqrama cəlb olunacaqlarını müəyyən edir. Agentlikdən XQ-yə bildirdilər ki, Laçına köçürülən sakinlərdən artıq 954 nəfərin məşğulluğu təmin olunub. 32 nəfər özünüməşğulluq proqramının dəstəyilə kiçik təsərrüfatlar qurub. 39 sakin üçün isə peşə hazırlığı kursları təşkil edilib. Hazırda 255 sakinin də məşğulluğunun təminatına dəstək işləri aparılır.
Laçına qayıdan sakinlərin məşğulluq xidmətlərinə əlçatanlığının artırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın xidmət şöbəsi də açılıb.
7 ayda 5 milyard manat sosial ödəniş
Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ilin 7 ayında da davam edib. Cari ilin yanvar–iyul ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 5 milyard 116 milyon manat vəsait ödənilib.
Bu da ötən ilin müvafiq dövrünə nisbətən 468 milyon 700 min manat və ya 10,1 faiz çoxdur.
Zərifə BƏŞİRQIZI
XQ