AZ

Azərbaycan dünya səviyyəsində öz sözünü deyir və qəbul edilir

Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolu onun artan nüfuzunun, sözünün imzası qədər dəyərli olmasının göstəricisidir. Xarici siyasətimizin əsas istiqamətlərindən biri bütün ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, illər keçdikcə münasibətlərin yeni istiqamətlər üzrə inkişafı və strateji tərəfdaş səviyyəsinə yüksəlməsidir. 

Bu gün Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Əməkdaşlıqda qarşılıqlı etimad mühitinin qorunması və möhkəmləndirilməsi dövlətimizin xarici siyasətində prioritet məsələdir. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti daim etimad mühitinin qorunmasında stimulverici amildir. Təəssüflər olsun ki, dünyanın bəzi aparıcı dövlətlərinin bugünədək yaxa qurtara bilmədikləri ikili standartlara əsaslanan siyasəti bir çox hallarda etimadın qorunmasına, inama kölgə salır, müəyyən mənada narazılıqların yaranmasını şərtləndirir. Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən ikitərəfli əməkdaşlıqda və beynəlxalq təşkilatlarda qazandığı uğurlarla yanaşı, prioritet məsələ olan və artıq tarixin arxivinə atılan keçmiş Qarabağ münaqişəsinin həllinə yanaşmaya diqqət yetirməyə bir zərurət duyulur. Dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə elə bir səfəri, çıxışı, yaxud müsahibəsi yoxdur ki, 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqlarına diqqət yönəldilməsin. Ermənistanın 30 il davam edən işğalı dövründə bəzi ölkələrin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsaq da bu, dövlətimizin siyasətində heç bir dəyişikliyə səbəb olmadı, əksinə, Azərbaycan hücum diplomatiyasını uğurla davam etdirərək kimin haqlı, kimin isə haqsız tərəf olduğunu əsaslı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında tarixi Zəfəri qazanmasında informasiya mübarizəsində üstünlüyü əhəmiyyətli rol oynadı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu və erməni silahlı birləşmələrinin bu əraziləri qeyd-şərtsiz tərk etmələrinin vacibliyi öz əksini tapmışdı. Lakin BMT qənamələrini kobud şəkildə pozmasına, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməməsinə görə Ermənistana hansısa bir sanksiyanın tətbiq olunmaması işğalçı dövləti böyük iddialarla çıxış etməsi, ən əsası yeni ərazilər uğrunda müharibə planı hazırlamağa şirnikləndirdi. Ədalətin və beynəlxalq hüququn bəzi dünya güclərinin maraqlarının arxasında gizlədilməsinə baxmayaraq, Azərbaycan gec-tez ədalətin zəfər çalacağına əmin idi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci ildə Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimində səsləndirdiyi bu fikirləri xatırlatmaq istərdik: “İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.”

Türk dünyasının birliyi dövrün əsas çağırışlarındandır

Bəli, Azərbaycan 44 gündə tarixi Zəfərə imza atdı. Bundan üç il sonra həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyini tam bərpa etdi və bununla da Cənubi Qafqazda yaratdığı yeni reallıqlarla dünyanın diqqətində oldu. Yeni dövrə qədəm qoyan Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir. Azərbaycanın istər qonşu, istər Avropa, istərsə də Mərkəzi Asiya ölkələri ilə əlaqələri yüksələn xətlə inkişaf edir. Bunu qarşılıqlı səfərlərlə yanaşı, Azərbaycanın ev sahibliyi etdiyi, yaxud Prezdient İlham Əliyevin fəxri qonaq qismində qatıldığı tədbirlər də təsdiqləyir. Azərbaycanın artan nüfuzu, Prezident İlham Əliyevə göstərilən etimad əlaqələrin yüksələn xətlə, yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, türk dünyasının birliyi, həmrəyliyi hazırkı dövrün əsas çağırışları sırasındadır. Dünya hər zaman Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının timsalında türk dünyasının birliyinin şahidinə çevrilib və bu gün də şahidlik edir. Günümüzün reallıqlarına söykənərək böyük əminliklə qeyd edirik ki, bu gün bu birlik, həmrəylik bütün türk dövlətlərinin qardaşlığında ehtiva olunur. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.

Türk dünyası dedikdə, ilk növbədə, Mərkəzi Asiya ölkələri yada düşür. Çünki Şərqdən Qərbə uzanan türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. Bu gün Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin inkişafı heç də təsadüfi xarakter daşımır. Ölkəmizin bu regionla əlaqələrinin genişlənməsində nəqliyyat dəhlizləri də mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir. Son bir neçə ildə dövlətimizin başçısının Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə marağın əyani təcəssümüdür.

Şərqlə Qərbi bir araya gətirən körpü… 

Seçilən
136
6
azpolitika.info

10Mənbələr