AZ

BMT rəsmisi: Azərbaycanın COP29-a hazırlaşmaq üçün məhdud vaxtı olub, lakin peşəkar şəkildə irəliləyiş əldə edilib - MÜSAHİBƏ

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir (Wasim Mir) “Far.Az”a müsahibəsində Azərbaycanın COP29-a hazırlığından, noyabrda uğurlu iqlim konfransının keçirilməsi üçün atılmalı olan addımlardan, keçiriləcək yan tədbirlərdən, Etimad Fondunun hansı ölkələr üçün nəzərdə tutulmasından danışıb:

- İlk olaraq Bakı səfəriniz və bu səfərin sizdə yaratdığı təəssüratlar barədə məlumat almaq istərdik. Azərbaycanın COP29-a hazırlığını necə qiymətləndirirsiniz?

- Bu, Bakıya ikinci səfərimdir. Bakını, həmçinin Azərbaycanın ziyarət etdiyim digər bölgələrini çox bəyənirəm. Yanvar ayında buraya faktaraşdırıcı (və ya məlumat toplama missiyası) missiyanın rəhbəri kimi gəlmişdim və həmin vaxt biz COP29-un keçirilməsi üçün müxtəlif yerlərə baxdıq, sonda isə yekdilliklə ən uyğun yerin Olimpiya Stadionu olduğu qərarına gəldik. Həmin vaxtdan etibarən biz COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə Olimpiya Stadionunun COP-a hazırlanması istiqamətində sıx işləyirik. Bu gün isə görülən işləri qiymətləndirmək üçün buradayam. Ötən müddət ərzində məkanda hazırlıq baxımından xeyli irəliləyiş əldə olunub, düzü, Azərbaycanın COP29-u uğurla həyata keçirmək üçün çox yaxşı bir vəziyyətdə olduğuna inanıram. Hazırda bizim nəqliyyat, qidalanma, təhlükəsizlik, yaşayış yerləri və COP üçün yerinə yetirilməsi lazım olan bütün istiqamətlər üzrə inkişaf planlarımız mövcuddur.

- Bu müşahidələrdən yola çıxaraq konfransın uğurlu keçməsi üçün texniki baxımdan daha nələrə ehtiyac olduğunu düşünürsünüz? Burada apardığınız danışıqlar, atılmalı olan addımlar sizdə nə kimi fikir formalaşdırdı? Həmçinin uğurlu COP29 üçün BMT-nin Azərbaycana dəstəyi nədən ibarət olacaq?

- COP BMT-nin hər il keçirilən ən böyük konfransıdır və biz COP29 üçün Bakıya 40-50 min insanın gələcəyini proqnozlaşdırırıq, yəni bu, həyata keçirilməsi kifayət qədər mürəkkəb olan bir tədbirdir. Ona görə hazırlıq çoxşaxəli olmalıdır. Ümumilikdə, bizdə yaşayış yerlərindən tutmuş təhlükəsizlik, qidalanma, IT və kommunikasiya kimi 25 fərqli istiqamət üzrə iş aparılır və bu istiqamətlərin hər birində irəliləyiş əldə olunmaqdadır. Növbəti iki ay ərzində isə bütün istiqamətlər üzrə işləri yekunlaşdırmalıyıq.

Bunların fonunda bir daha vurğulamalıyam ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə sözügedən istiqamətlərdə birgə işləməkdən məmnunam. Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi 2023-cü ilin dekabrında müəyyənləşib. Yəni ölkənizin COP29-a hazırlaşmaq üçün məhdud vaxtı olub, lakin buna baxmayaraq, çox peşəkar şəkildə irəliləyiş əldə edilib.

- Bilmək istərdik ki, tərəflərin bu konfransda iştiraka hazırlığı üçün hansı addımlar atılıb?

- Əslində, tərəflər bu konfransla tanışdırlar, çünki COP hər il fərqli məkanda keçirilir. Bununla belə biz tərəflərin Bakıdakı əməliyyatın mahiyyətini tam anlamaları üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edirik. İyun ayında Bonnda keçirilən iqlim konfransı zamanı Azərbaycan komandası bütün tərəflərlə brifinq sessiyası keçirdi, həmin vaxt onlar həm təqdimat etdilər, həm də tərəflərin suallarını cavablandırdılar. Bonnda diplomatik korpus üçün də brifinqlər keçirildi. Dünən isə mən COP29 Azərbaycan Əməliyyat Şirkəti və Protokol komandası ilə birgə diplomatik korpus üçün ikinci brifinqdə iştirak etdim. Hazırlıq üçün atılan addımlar bunlardır.

- Konfrans işləri şöbəsinin direktoru kimi, Paris sazişinin 2015-ci ildə qəbul edilməsindən bəri əldə edilmiş tərəqqini necə qiymətləndirirsiniz?

- Paris Sazişi əlamətdar bir hadisə idi və məqsədi bütün ölkələri zəruri iqlim tədbirləri görməyə təşviq etmək idi. Paris sazişindən bəri müəyyən addımlar atılıb, lakin bu addımlar dünyada temperatur artımını 1,5 dərəcə səviyyəsində saxlamaq üçün yetərli olmayıb. Buna görə də iqlim dəyişikliyi ilə mübarizə apara bilmək üçün iddialarımızı artırmağa və bu işləri COP29-da və gələcək COP-larda davam etdirməyə ehtiyacımız var.

- Bildiyim qədər UNFCCC çərçivəsində keçirilən tədbirlərin iştirak fondunun idarə edilməsi də sizin nəzarətinizdədir. COP29 üçün iştirak fondu nə qədər müəyyənləşib və hansı ölkələrin iştirakı üçün istifadə olunacaq?

- COP-la bağlı əsas məsələlərdən biri hər bir ölkədən nümayəndələrin tədbirdə iştirak edə bilməsi üçün onun inklüziv bir proses olmasını təmin etməkdir. Bunun bir hissəsi olaraq İştirak Üçün Etimad Fondu adlanan bir mexanizmimiz var. Bu Fond inkişaf etməkdə olan ölkələrin, xüsusilə də dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr (LDCs) və kiçik ada dövlətlərinin (SIDs) nümayəndələrinin iştirakını maliyyələşdirir. Bu il COP29 üçün biz 144 ölkədən iştirakın maliyyələşdirilməsini təmin edəcəyik. Etimad Fondu hesabına hər bir LDCs/SIDs ölkəsindən üç nəfərin, digər uyğun ölkələrdən isə iki nəfərin iştirakının maliyyələşdirilməsi nəzərdə tutulur.

- COP29 çərçivəsində keçiriləcək yan tədbirlər barədə də məlumat almaq istərdik. Həmin tədbirlərin iştirakçıları, əsasən, kimlər olacaq?

- COP29 çərçivəsində bir sıra məsələlər müzakirə olunacaq. Əsası BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) bir hissəsi olan danışıqlar təşkil edəcək. Lakin bundan başqa yan tədbirlərimiz də nəzərdə tutulub. Onlar əsasən, vətəndaş cəmiyyətləri, BMT-nin digər strukturları və başqa təşkilatlar tərəfindən keçiriləcək. Eyni zamanda, COP Prezidentliyi tərəfindən keçirilən tədbirlərimiz olacaq. Bundan başqa, iqlim fəaliyyəti üzrə Mərakeş prosesi çərçivəsində tədbirin keçirilməsi nəzərdə tutulub. Bütün bunlarla yanaşı, COP29 məkanında vətəndaş cəmiyyətləri və bəzi üzv dövlətlər tərəfindən idarə olunacaq pavilyonlar da olacaq. Yəni COP-u unikal edən və iqlim dəyişikliyi ilə mübarizədə ən mühüm qlobal tədbirə çevirən əsas danışıqlarla yanaşı, bir çox müxtəlif tədbirlər də gözlənilir.

Seçilən
97
50
far.az

10Mənbələr