AZ

Azərbaycan COP29-a hazırdırmı? - SORĞU

Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Olimpiya Stadionu seçilib. Hesab edilir ki, COP29-un Azərbaycan üçün müxtəlif sahələrdə faydaları olacaq. COP29 Azərbaycanın istixana qazı emissiyalarını azaltmaq üzrə öhdəliklərini yerinə yetirməsinə kömək edəcək. Bu isə ölkənin ekoloji vəziyyətini yaxşılaşdıracaq, havanın keyfiyyətini artıracaq. Nəticədə iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək olacaq. Azərbaycan istixana qazı emissiyalarını 2050-ci ilə qədər 40% azaltmağı məqsəd qoyub. Bu da Paris Sazişinə uyğun olaraq qlobal iqlim məqsədlərinə töhfə verəcək. SİA olaraq ekoloqlardan COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti və hazırlıq işlərinin necə getməsi ilə bağlı sorğu keçirdik.

İqlim dəyişmələrini öyrənən müstəqil ekspert Мəhərrəm Mehtiyev: "Bu konfrans iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər ölkələrinin konfransıdır. Burada 200-dən yuxarı ölkə bu konvensiyanın tərəfidir. Onlar da burada iştirakçı ola bilərlər. COP29 o deməkdir ki, 29-cu tərəflər konfransı olacaq. Bütün ölkələr, beynəlxalq təşkilatlar, jurnalistlər, media qurumları və digər iştirak etmək istəyən şəxslər müraciətlə iştirak edə bilərlər. Konvensiyanın katibliyi var. Onlar bu işləri idarə edir, 1995-ci ildən bu yana hər il faktiki olaraq bu konfrans keçirilir. Cürbəcür şəhərlərdə, ölkələrdə, o cümlədən Parisdə keçirilən 2015-ci ildəki konfrans iqlim dəyişmələri ilə bağlı mübarizəyə daha da yüksək səviyyədə başlamağına təkan vermiş oldu. Necə inkişaf edir, dəqiq deyə bilmərik. Çünki iqlim dəyişmələri nədir? Onlara təsir edən yeddi istixana qazları var, onlardan da dəyişməyə səbəb gətirən karbon qazıdır. Bu karbon qazının, digər istixana qazlarının azaldılması ilə biz bu iqlim dəyişmələrinin yumşaldılmasına nail olmalı idik. Təəssüf ki, bu günə qədər bu azalmanın nə qədər olduğu haqqında məlumat verilmir. Dünya üzrə atılmaların miqdarı verilir, dünya bankının hesabatlarında bunu görmüşəm. Orada da göstərirlər ki, 90-cı ildə bu konvensiyanın baza ili hesab olunub. O ildən başlayaraq ölçmələr, hesablamalar vasitəsilə illərlə nə qədər karbon qazı atılıb göstərilir. 1990-cı ildə 55 milyard ton karbon qazı atmosferə atılmışdır. Bu günə qədər yalnız 2020-ci ildə pandemiya dövründə bu, minimala gəlib çatmışdı. 33 milyard olmuşdu. Təəssüf ki, 2020-ci ildən bu yana artıq qalxıb, indi ortalama 40 milyard tona çatmışdır. Biz azalmanı ancaq pandemiya ilə baglaya bilərik. O vaxt təyyarələr uçmurdu, nəqliyyat növləri bağlanmışdı, ölkələr sərhədlərini bağlamışdı, insanların hərəkəti azalmışdı, ona görə də bu azalmalar baş vermişdi.

Əlbəttə ki, bu tərəflər konvensiyası əhəmiyyətli bir tədbirdir. Çünki hər halda ölkələr həmişə hesabat dövrünə müəyyən dərəcədə hazırlaşırlar. Baxmayaraq ki, çoxu götürdüyü öhdəlikləri yerinə yetirə bilmir, digər obyektiv və subyektiv səbəblərdən. Buna baxmayaraq bu görüşlərdə ikitərəfli, çoxtərəfli danışıqlar, müqavilələr müəyyən dərəcədə iqlim dəyişmələrinin yumşaldılmasına səbəb kimi əhəmiyyətli ola bilir. Bir çox ölkələr istixana qazlarının azaldılmasında əhəmiyyətli azalmaya nail olmuşdur. Misal olaraq, Avropa ölkələrinin bir çoxunu götürmək olar. Hansılar ki, 2015-ci ildən sonra öhdəliklər götürüb və hətta faizlərlə azalmaya nail olmaq istəyirlər. Almaniya bərpa olunan enerji hasilatını artırmaqla öz ölkəsində kömür şaxtalarının bağlanması ilə müvafiq, milli maraqlarına uyğun olaraq müəyyən dərəcədə azalmaya nail olmuşdur. Digər ölkələr də beləcə etmişlər. Amma elə ölkələr var ki, onların atılmaları çox və dünya üzrə iqlim dəyişmələrinə zərəri də dəymir. İqlim dəyişmələrinə zərərli qazları atan ən çox böyük, inkişaf etmiş ölkələrdir. Onların sırasında Çinlə Amerika birincidir. Sonra Hindistan, Rusiya gəlir, sonra da Yaponiya və Avropa İttifaqı ölkələri gəlir. Beləliklə də, hətta 50%-dən yuxarısını onlar atır. Yerdə qalan kiçik ölkələr kiçik miqdarda faizlə burada iştirak edirlər. Azərbaycan 0,1% paya malikdir. Bu mənada biz iqlim dəyişmələrinə təsir etmək gücünə malik deyilik. Buna baxmayaraq Azərbaycanda da bu sahədə böyük işlər görülüb, son zamanlar Ərəb ölkələri ilə külək, günəş enerjisinin istehsalı ilə bağlı, hidrogenin alınmasına cəhd göstərmək üçün təşkilati işlər gedir. Energetika Nazirliyi bu işlə bağlı müəyyən tədbirlər həyata keçirmək niyyətindədir.

O cümlədən yaşıllıqların salınması, meşə sahələrinin artırılması Ekologiya Nazirliyinin burada kordinasiya şəklində işlərin görülməsi də təqdirəlayiqdir. COP-a hazırlıqda bir çox yerlərdə görülən işlər, konfranslar keçirilməsi, əhalinin maarifləndirilməsi işində çox maraqlı işdir".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın üzvü, “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli: "Birləşmiş Millətlər Təşkilatı ötən əsrin 70-ci illərindən başlayaraq çevrəçi təşkilatların, bilim insanlarının, ekoloqların səsini eşitməyə başladı. İqlim dəyişiklikləri ilə bağlı çalınan həyəcan təbilinə reaksiya verməyə başladılar. Əslində iqlim dəyişikliyi bəşər yaranandan davam edib. Xüsusilə metalın kəşfi, 19-cu əsrdə sənayeləşmə dövrü, 20-cı əsrdə sənayeləşmə və müharibələr, birinci və ikinci dünya müharibələri, Yaponiyaya nüvə silahının atılması, okean, dəniz sularında keçirilən sınaqlar, Şimal qütbündə Rusiyanın keçirdiyi silah sınaqları iqlimə təsir edən şeylərdir. İqlim dəyişikliyi hər zaman gedib, təbii ki, ötən əsrin sonlarından başlayaraq daha da sürətli getməyə, yaxud da, hiss olunmağa başladı. Bu, buzlaqların əriməsində hiss olunub. Son dövrlərdə bəlli olub ki, Arktika buzlaqlarında ərimə var. Hələlik bilinən odur ki, bitki və heyvan aləminə təsiri daha çoxdur. Bir çox nümunələrlə iqlim dəyişikliyini görürük. İqlim dəyişikliyini daha çox yaradan atmosferdə karbon qazının yüksəlməsidir. Karbon qazı metal əritmədə istifadə olunan kömür, atmosferə minik, yük avtomobillərindən buraxılan qazlar, istixana qazları və sair hamısı iqlim dəyişikliyinə səbəb olur. İqlim dəyişikliyi konfransı ilk dəfə BMT-nin təşəbbüsü ilə 1979-cu ildə keçirildi. Daha sonra ilk COP 1992-ci ildə Braziliyada keçirildi. Ondan sonra bir neçə səs salan konfranslar keçirilməyə başlandı. 2015-ci ildə Paris konfransı keçirildi. 29-cu konfrans bu il Azərbaycanda keçiriləcək. Ötən il COP28 iqlim dəyişikliyi konfransı Birləşmiş Ərəb Əmirliklərində keçirildi. Azərbaycan orada önə çıxaraq növbəti konfransın Azərbaycanda keçirilməsinə təşəbbüs göstərdi.

Ölkəmizdə 2024-cü ildə yaşıl dünya ili elan olunub. Bunların hamısı Azərbaycanın yaşıl enerjiyə üstünlük verməsini göstərir. Bununla da karbohidrogen yataqlarına malik olan qaz, neft satan Azərbaycan artıq külək enerjisinə, su-elektrik stansiyalarının tikintisinə, günəş enerjisindən istifadəyə üstünlük verməyə başlayıb. 2030-cu ildən sonra Azərbaycan bunun əsas ixracatçı ölkələrindən birinə çevriləcək. COP29 zamanı Azərbaycanda keçiriləcək konfransda müəyyənləşib ki, COP28-də olduğu kimi temperaturun qalxmamasına nail olmaq, səhralaşmanın önünü almaq, yaşıl enerjinin təbliği müəyyənləşib. Bu baxımdan Azərbaycanda keçirilən COP29 konfransında əsas məsələlər müzakirə olunacaq. Azərbaycanda keçirilən konfransın əsas prioritet məsələlərindən biri inkişaf etməkdə olan zəif, kasıb ölkələrə güclü ölkələrin maddi, müasir texnologiyalarla dəstək verilməsinin tövsiyə olunması olacaq. Afrika, bir çox Asiya ölkələri təbiətə, iqlim dəyişikliyinə səbəb olmamaq üçün bunlara maddi-texniki dəstək lazımdır.

Məncə iqlim dəyişikliyinin əsas səbəbkarları Hindistan, Çin, Rusiya, ABŞ, Fransadır. Onların müstəmləkəsi olan yerlərdə həyata keçirdikləri istehsalat, yaxud da, Çində olan böyük sənaye potensialı iqlim dəyişikliyinə səbəb olur. Bu baxımdan Azərbaycanda keçiriləcək konfransda bu məsələlər ciddi şəkildə müzakirə olunacaq. Bu konfransda inkişaf etməkdə olan ölkələrə maddi dəstək olunması təklif olunacaq. İmperativ qaydada qərar çıxarılmayaq, sadəcə tövsiyə xarakterli olacaq. Amma əsas məsələ odur ki, Çin, Rusiya, ABŞ bu ağır sənayedən imtina edə biləcəklərmi? Azərbaycan yaşıl enerjiyə keçib. Azərbaycan yaxın gələcəkdə də bu məsələləri həll etdikdən sonra çevrəyə qlobal iqlim dəyişikliyinə müsbət mənada dəstək verə biləcək ölkədir. Digər ölkələr bunu edə bilməyəcəklər. COP29-un ölkəmiz üçün əhəmiyyəti odur ki, Azərbaycana maddi dəstək verməyəcək. Əksinə Azərbaycan bura yatırım edir. Amma Azərbaycanın on minlərlə qonağı olacaq. 200-ə yaxın dövlətin başçısı və Prezident, Baş Nazir, məclis sədri səviyyəsində təmsil olunacaqlar. Azərbaycan tanınacaq. On minlərlə turist paytaxtımızı görəcək, ölkəmiz haqqında bilgiyə sahib olacaqlar. Onlar turist kimi yox, konfransa gələnlərdir, onların da elə maddi faydası olmayacaq. COP-larla bağlı tədbirlərdə Birləşmiş Millətlər Təşkilatı, digər beynəlxalq təşkilatlar böyük maddi dəstək olmurlar. Əsas maliyyə Azərbaycan dövlətinə aiddir.

Dövlətimiz maksimum sürətlə hazırlığını görür. Nə dərəcədə hazır olduğumuzu hökumət rəsmiləri, COP29 təşkilatının Prezidenti Ekologiya və Təbii Sərvətlər naziri bilər. Bizim gördüyümüz vizualdır. Əsas məsələ odur ki, Azərbaycan lazım olan hazırlıqları görməkdədir. Bu tədbirin əsas özəlliyi odur ki, Azərbaycanda keçirilir. Azərbaycan gənc dövlətdir. 33 yaşımıza qədəm qoyduq. 33 illik gənc dövlətdə belə konfransın keçirilməsi, əlbəttə, çox yaxşı haldır. Həm də Azərbaycan özü təşəbbüs göstərib. Yaşıl enerjinin təbliğini göstərəcək".

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev: "BMT, Parisin çıxardığı qərarın ən böyük mahiyyəti odur ki, siyasi faktordur. Planet öz qaydasında gedir, planetdə elə bir dəyişiklik yoxdur. Çünki o iqlimi yaradan, milyon il ərzində formalaşdıran mahiyyət dəyişmir. İqlim şəraiti öz yerindədirsə, burada dövrülük məsələsi var. 70-ci illərdə Xəzər dənizi quruyana qədər o zaman da iqlimdə dəyişiklik var idi. Sonda məlum oldu ki, bu, adi şeydir. Bu hadisələr tarixən yüzlərlə dəfə təkrar olunub. Dəyişilən odur ki, son 70 ildə planetin əhalisi təxminən iki dəfə artıb. Heyvandarlıq ən çox atmosferə karbon qazı buraxan təbəqədən biridir. Planetin əhalisini heyvandarlıqla təmin etmək nə qədər çətindir. Biz COP haqqında öhdəlik götürmüşük. Tədbiri də keçirməliyik. Noyabrda dünyanın müxtəlif ölkələrindən 80-100 minə qədər nümayəndələr gələcək. Bu, bizim üçün bir sıra siyasi faktorda, problemlərimizin həlli yolunda da fayda verəcək. Azərbaycan dünyanın ən çox münaqişələrindən əziyyət çəkən ölkələrindən idi. Belə olan halda həmin ərazilərdəki texnogen çirklənmələr, xüsusən hərbi texnogen çirklənmələr özünü göstərir. Bitki örtüyünün faciəli dəyişiklikləri, torpağın məhsuldarlığı hamısı pul tələb edir. Su mənbələrimiz, suvarma sistemlərimiz, infrastruktur məhv olub. Bunların hamısı COP-da deyilməlidir. Azərbaycana ayrılan puldan mütləq kömək lazım olacaq. Çünki bu hadisələr 1-2 ilə yox, 10 illiklər ərzində düzəlməlidir. COP-un hazırlığı ilə dövlətin xüsusi komissiyası var, məşğul olur. Birinci dəfədir ki, Azərbaycanda bu istiqamətdə tədbir keçirilir. Ona görə də bəzi problemlər də ola bilər. Çalışmaq lazımdır ki, aradan götürək, hələ vaxta var. Şəhərin bütün sistemləri saat kimi işləməlidir. Təchizat yüksək səviyyədə olmalıdır. Əhali də qonaqlara qarşı diqqətli olmalıdır. Şəhər nəqliyyatı, infrastrukturlar, ictimai iaşələr hər şeyi başa düşməlidir ki, bəzən insanın ölkəsində bir dəfə olan adam elə təəssüratla gedir ki, ömrü boyu onu xatırlayır. Bunlara fikir vermək lazımdır".

Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometroloji şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov: "COP29 BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflər konfransının sessiyalarından biridir, hər il fərqli ölkədə keçirilir. Burada əsas məqsəd iqlim dəyişmələri ilə bağlı dünyada baş verən qlobal istiləşmə və bu kimi halların təsirlərinin qarşısını almaq üçün görüləcək işlərin müzakirə olunmasıdır. Bakıda keçiriləcək COP29 bu sessiyalardan biri olacaq. Sonuncu dəfə Dubayda keçirilən COP28-də səsvermə nəticəsində COP29-un ölkəmizdə keçirilməsi qərara alındı. COP İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının qanunverici orqanıdır. Bu konfransda müzakirələr aparılacaq, müvafiq qanunlar qəbul olunacaq. COP29 Azərbaycanda keçirilməsi ölkəmizin dünyaya tanıdılması, həmçinin ekoloji mədəniyyətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edəcək. Alternativ enerji mənbərindən istifadə də Azərbaycan müvafiq işlər görməyə, addımlar atmağa başlayıb. Bundan başqa COP29 ilə əlaqədar Azərbaycana çox sayda xarici nümayəndələr gələcək. Belə ki, həmin ərəfədə ölkəmizə 80-100 min qonağın gələcəyi gözlənilir. COP29 müstəqillik illərində Azərbaycanın həyata keçirdiyi ən böyük tədbir olacaq”.

Müəllif: Söylü Ağazadə
Seçilən
96
50
sia.az

10Mənbələr