“Artıq keçmiş zamanlarda olduğu kimi, qadın, ailəni, evi idarə edən, uşaqların tərbiyəçisi rolundan çıxış etmir”.
Bu sözləri AzEdu.az-a açıqlamasında sabiq deputat, təhsil eksperti Sona Əliyeva qeyd edib.
Ekspert Azərbaycan ailə modelinin ildən-ilə neqativ yöndə dəyişikliyə uğradığını bildirib:
“Qadınların müasir cəmiyyətdəki rolu çoxşaxəlidir. Artıq keçmiş zamanlarda olduğu kimi, qadın, ailəni, evi idarə edən, uşaqların tərbiyəçisi rolundan çıxış etmir. Müasir dövrün gətirdiyi dəyişikliklər, mövcud iqtisadi və sosial dəyişikliklər qadınlara başqa vəzifələr də yükləyir. Tarixən qadınların ailədə və cəmiyyətdə rolu ana olmaqla yanaşı, uşaqların tərbiyəsi və ailənin davamlılığı üçün vacib olmuşdur.
Bu rolun xüsusiyyətləri və kriteriyaları müasir dövrdə də olduğu kimi qalır. Lakin əlavə vəzifələr və öhdəliklərdən dolayı qadının ailədəki rolu zəifləməyə başlamışdır. Ümumiyyətlə Azərbaycan ailə modeli ildən-ilə neqativ yöndə dəyişikliyə uğrayır. Buna baxmayaraq, ailədə qadının rolu əslində düşünüləndən daha mühümdür. Nəzərə alsaq ki, ana olmaq, uşaq tərbiyəsi ailədə əsasən ananın öhdəsinə düşür, o zaman anaları cəmiyyətin qurucuları hesab etmək olar. Ailədə ananın uşaqla doğru ünsiyyət qurması isə uşaq tərbiyəsinin əsasını təşkil edir.
Onlar uşaqların ilk müəllimi və həyat dəyərlərinin formalaşmasında əsas rol oynayan şəxslərdir. Uşaqların emosional, intellektual və sosial inkişafında anaların təsiri çox böyükdür. Bu təsir uşaqların bütün gələcək həyatının birmənalı olaraq şəkilləndirir.
Qadınlar həm də ailə dəyərlərinin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində əsas vasitəçidirlər. Qadınlar, bir çox hallarda ailə daxilində emosional və mənəvi sabitlik yaradan güclü təməl kimi çıxış edirlər. Onların tərbiyə metodları həm ənənələrə, həm də müasir tələblərə əsaslanaraq uşaqlara həm sosial, həm də şəxsi inkişaf üçün vacib keyfiyyətlər qazandırır”.
S.Əliyeva vurğulayıb ki, müasir cəmiyyətdə qadınların rolu yalnız ailə ilə məhdudlaşmır.
“Onlar siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil, elm və digər sahələrdə də əhəmiyyətli töhfələr verirlər. Bu töhfələr həm ictimai-siyasi liderlərin, həm də müxtəlif sahələrdə öncül qadınların uğurları vasitəsilə görünür. Qadınların cəmiyyətdə iqtisadi və siyasi aktivliyi, gender bərabərliyinin təşviqi və sosial ədalətin inkişafında vacib amillərdən biri hesab edilir.
Ümumiyyətlə, qadınların cəmiyyətə verdiyi töhfələri yüksək qiymətləndirirəm. Onlar həm ailədə, həm iş həyatında, həm də cəmiyyətin ümumi inkişafında öz mövqelərini möhkəmləndirərək, müxtəlif sahələrdəki müvəffəqiyyətləri ilə cəmiyyətin sosial strukturunu zənginləşdirirlər.
Bu gün qadınlar həm lider, həm müəllim, həm alim, həm də ana kimi bir çox önəmli funksiyanı yerinə yetirir və bu, cəmiyyətin davamlı inkişafı üçün böyük əhəmiyyət kəsb edir”,- deyə fikrini yekunlaşdırıb.